Məhkəmə qərarları › İş №e-2(125)-7055/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7055/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7055/2024 29.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2174.09 manat məbləğində kredit borcu, 289.56 manat məbləğində faiz borcu və 66.12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2529.77 (iki min beş yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 45.3 (qırx beş manat otuz qəpik) manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 006A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bak xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 36 ay müddətinə krtedit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilmiş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırlmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2825.91 manat ödəniş etmiş və cavadehin hazırda iddiaçıya 2174.09 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kredit verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 152 gün üçün hesablanmış faiz borcu 289.56 manat təşkilı edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 152 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 66.12 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditqalığının 0.1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 152 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 66.12 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduqları halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 006A********** saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 006A********** saylı ərizəyə əsasən, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 36 ay müddətinə krtedit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilməklə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli, OUT-2024/10/23-42 nömrəli maliyyə arayışından görünür İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi üzrə əsas borcu 2174.09 (iki min yüz yetmiş dörd manat doqquz qəpik) manat əsas borc, 289.56 (iki yüz səksən doqquz manat əlli altı qəpik) manat faiz, 66.12 (altmış altı manat on iki qəpik) manat cərimə, cəmi 2529.77 (iki min beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manatdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 2174.09 (iki min yüz yetmiş dörd manat doqquz qəpik) manat əsas, 289.56 (iki yüz səksən doqquz manat əlli altı qəpik) manat faiz, (altmış altı manat on iki qəpik) manat cərimə, cəmi 2529.77 (iki min beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat təşkil etdiyi bildirilmiş, həmin borcun xx.xx.2024-cü il tarixinədək banka qaytarılması və müqavilənin ləğv olunması təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi bildirimişdir. xx.xx.2024-cü il tarixli 68158478 nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia tələbinə məhkəmədə baxılması ilə bağlı 45.30 qəpik ödəniş edilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borcun tam ödənilməsi tələb edilmiş, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Nəticədə cavabdehin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2174.09 (iki min yüz yetmiş dörd manat doqquz qəpik) manat əsas borc, 289.56 (iki yüz səksən doqquz manat əlli altı qəpik) manat faiz, 66.12 (altmış altı manat on iki qəpik) manat cərimə, cəmi 2529.77 (iki min beş yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Məhkəmə həmçinin işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit razılaşması üzrə faiz dərəcəsini nəzərə alaraq, 66.12 (altmış altı manat on iki qəpik) manat təşkil edən cərimə məbləğinin 05 (beş) manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 006A********** saylı kredit razılaşması üzrə 2174.09 (iki min yüz yetmiş dörd manat doqquz qəpik) manat əsas, 289.56 (iki yüz səksən doqquz manat əlli altı qəpik) manat faiz, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 2468.65 (iki min dörd yüz altmış səkkiz manat altmış beş qəpik) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddiaçı qaldırmaq üçün ödənilmiş 45.30 (qırx beş manat otuz qəpik) manat dövlət rüsumunun 44.68 (qırx dörd manat altmış səkkiz qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 006A********** saylı kredit razılaşması üzrə 2174.09 (iki min yüz yetmiş dörd manat doqquz qəpik) manat əsas, 289.56 (iki yüz səksən doqquz manat əlli altı qəpik) manat faiz, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 2468.65 (iki min dörd yüz altmış səkkiz manat altmış beş qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 44.68 (qırx dörd manat altmış səkkiz qəpik) manatı tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar