Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7107/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC, Cavabdeh 8939,97 manat əsas kredit borcu, 1207,92 manat kreditdən istifadəyə görə faiz borcu, 662,31 manat cərimə olmaqla, cəmi 10810,20 manat borcunun, həmçinin 122,43 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh (cavabdeh və ya borcalan) xx.xx.2022-ci il tarixli 030A********** nömrəli nağd kredit barədə müqavilə üzrə ərizəni İddiaçı QSC-yə (Bank) təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş, həmçinin ilk kredit sifarişini verərək ona istehlak məqsədi ilə 48 ay müddətinə 30000 manat məbləğində kredit limitinin ayrılmasını, ilk kredit sifarişinə əsasən kredit limiti üzrə 36 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 10000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi Bank həmin kredit sifarişini aksept etmiş, özünün təklif etdiyi kredit məbləğini, kredit faizini (o cümlədən FİFD-i) və kredit müddətini, bu şərtlərin 7.9-cu bəndinə əsasən hesablanmış aylıq ödəniş məbləğini və ödəniş gününü telefona sms göndərməklə və ya myAccess vasitəsilə müştəriyə təqdim etməklə bu barədə müştəriyə məlumat vermişdir. Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması bağlayır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Belə ki, o götürdüyü kredit bоrcundan 1060.03 manat ödəniş etmiş və оnun iddiaçıya 8939.97 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Banka qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 247 gün üçün hesablanmış faiz borcu 1207.92 manat təşkil edir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, bankdan 10000 manat məbləğində kredit götürdüyünü qəbul edir, krediti götürən zaman işlədiyinə görə bir müddət vaxtında ödənişlər etmişdir, lakin hazırda işsizdir, maddi imkanı zəif olduğundan ödəniş etməkdə çətinlik çəkir, bu səbəbdən ona borcun məbləğində güzəşt edilməsini xahiş etdi, əlavə etdi ki, borcun məbləği ilə bağlı hər hansı narazılığı yoxdur. Məhkəmə cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öz üzərinə götürmüşdür. Belə ki, işin mübahisəsiz halları ilə tərəflər arasında sözügedən müqavilənin və 1 saylı əlavənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə və hesabdan çıxarışa görə Bank borcalana 36 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 7.32-ci və 7.32.1-ci bəndinə əsasən müştəri krediti və kredit faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə Banka 8939,97 manat əsas kredit borcu, 1207,92 manat kreditdən istifadəyə görə faiz borcu, 662,31 manat cərimə olmaqla, cəmi 10810,20 manat borcu yaranmışdır. Göründüyü kimi, müqavilə üzrə ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehin banka borclu olduğu 10500,69 manat məbləğin (8939,97 manat təşkil edən əsas məbləğ, 1147,7 manat faiz məbləği və 413,02 manat cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəmə iclasında iştirak etsə də məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması borcalanın əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə borcalanın üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 662,31 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120,74 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə yaranmış 8939,97 manat əsas borc, 1207,92 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 10247,89 (on min iki yüz qırx yeddi manat səksən doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120,74 (bir yüz iyirmi manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-7107/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7107/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver