Məhkəmə qərarları › İş №e-2(125)-7316/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7316/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7316/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, LM111900568 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 269 manat 35 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 4 manat 54 qəpik, cərimə qismində 10 manat 05 qəpik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 42 manat 40 qəpik, cəmi 326 manat 34 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 7-14/286 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə dəmir taksit kredit kartı müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 ay müddətinə 300 manat məbləğində kredit limiti açılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, LM111900568 nömrəli restrukturizasiya müqaviləsinin və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh 12 ay müddətinə illik 1% ödəmək şərtilə 269 manat 35 qəpik məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı xx.xx.2014-cü il tarixli, 7-14/286 nömrəli kredit müqaviləsi üzrə 269 manat 35 qəpik qalıq məbləğin ödənilməsi olmuşdur. İş materiallarında olan LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kredit müqaviləsi üzrə borca dair xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borcu əsas borc qismində 269 manat 35 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 54 qəpik, cərimə qismində 10 manat 05 qəpik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 42 manat 40 qəpik, cəmi 326 manat 34 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borcu, əsas borc qismində 269 manat 35 qəpik, müqavilə müddətinin sonuna - xx.xx.2020-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4 manat 54 qəpik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 13 noyabr 2020-ci il tarixdən 18 oktyabr 2023-cü il tarixədək hesablanmış faiz borcu qismində 42 manat 40 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 269 manat 35 qəpik, müqavilə müddətinin sonuna – 13 noyabr 2020-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 4 manat 54 qəpik, cərimə qismində 10 manat 05 qəpik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 13 noyabr 2020-ci il tarixdən 18 oktyabr 2023-cü il tarixədək hesablanmış faiz borcunun əvəzi qismində 42 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilsin. Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 13 noyabr 2019-cu il tarixli, LM111900568 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 269 (iki yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik, müqavilə müddətinin sonuna – 13 noyabr 2020-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 4 (dörd) manat 54 (əlli dörd) qəpik, cərimə qismində 10 (on) manat 05 (beş) qəpik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 13 noyabr 2020-ci il tarixdən 18 oktyabr 2023-cü il tarixədək hesablanmış faiz borcu qismində 42 (qırx iki) manat 40 (qırx) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 356 (üç yüz əlli altı) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar