Məhkəmə qərarları › İş №e-2(125)-795/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-795/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-795/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər X4, X2 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 23509.16 manat məbləğində əsas borcun, 5036.26 manat məbləğində faiz borcunun, 711.31 manat məbləğində cərimə borcunun, cəmi 29256.73 manat borcun və 179 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh2 və Cavabdeh1 (zaminlər) həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh3 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxaılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin pulu Cavabdeh3 götürmüşdür və həmin vaxt Şahinin əmlakı girov qoyulmuşdur. Odur ki, iddia tələbini əsassız hesab edir və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin pulu Cavabdeh3 götürmüşdür və həmin vaxt Şahinin əmlakı girov qoyulmuşdur. Odur ki, iddia tələbini əsassız hesab edir və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış, xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İşdə olan Bank of Baku” ASC-yə aid xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 23509.16 manat əsas, 5036.26 manat faiz və 711.31 manat məbləğində cərimə borcu yaranmışdır. İşdə olan xx.xx.2021-ci il tarixdə iddiaçı Bank of Baku” ASC ilə Cavabdeh2n və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncular bankla Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kreditin qaytarılmasına zəmanət vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh3 və onun zaminlərinə xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 179 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank of Baku” ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş ödəniş planı üzrə krediti hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı vaxtdan iddia qaldırıldığı günədək Cavabdeh3 kredit razılaşması üzrə iddiaçı banka 23509.16 manat əsas, 5036.26 manat faiz və 711.31 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh3 götürdüyü kreditin qaytarılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəmanət vermişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər, yəni zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə Cavabdeh3 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bank of Baku” ASC-in xx.xx.2021-ci il tarixli kredit razılaşması 711.31 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun 711.31 manatdan azaldılaraq 20 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank of Baku” ASC-nin xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 23509.16 manat əsas, 5036.26 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28.565.42 manat kredit borcu tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 711.31 manat dövlət rüsumunun 17.5 manatı da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 23509.16 manat əsas, 5036.26 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28.565.42 manat məbləğində borcun və 17.5 manat dövlət rüsumu alınıb iddiaçı Bank of Baku” ASC-yə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar