Məhkəmə qərarları › İş №e-2(125)-834/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-834/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-834/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2976,9 AZN əsas, 158,01 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3134,91 AZN borcun, 0.40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 51,35 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-834/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadı ilə, mülki iş sаdələşdirilmiş icrааtdаn iddiа icrааtınа keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı xx.xx.2027 müddətinə, illik faiz dərəcəsi 25 faizədək olmaq şərti ilə 3056 AZN məbləğ kredit təyin edilmişdir. Kreditin məqsədli təyinatı: xx.xx.2022 tarixli, 686sGNDJb/22 nömrəli müqaviləsinin bağlanılması, məbləğ 829,07 AZN, xx.xx.2022 tarixli, 2107nkGNDJb/22 nömrəli müqaviləsinin bağlanılması, məbləğ 2226,23 AZN. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, lakin, EMİS – Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" KB ASC ilə X5 arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli, 403nkKPZ/23 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə Bank xx.xx.2027 tarixinədək, illik 25 faiz ödəmək şərti ilə 3056.00 AZN məbləğində krediti Borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 faiz, maksimum 40 faiz təşkil edir. "xxxx" KB ASC tərəfindən X4 ünvanlanmış 01 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. AZ-İİ seriyalı, 405512 nömrəli, 26 fevral 2024-cü il tarixli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21 fevral 2024cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 fevral 2024-cü il tarixdə 319 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər - ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formalarıdır. "xxxx" KB ASC tərəfindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ünvanlanmış 23 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, kredit alanın hüquqi varisi kimi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq dövri olaraq ödəməli olduğu kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Borcun 5 iş günü ərzində tam ödənilməsi, əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" KB ASC-nin 09 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan X3 403nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 2976,9 AZN əsas, 158,01 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3134,91 AZN borcu vardır. 08 iyul 2024-cü il tarixli, 2V-152 reyestr nömrəli, Gəncə şəhər 6 saylı Notarius Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh2, Gəncə şəhəri, Heydər Əliyev prospekti və Gəncə şəhəri, Çay ərazisi, Məh-F, Sahə-1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh3, ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh4, Gəncə şəhəri, X15 küçəsi, Gəncə Çay arası, Məh-A, Sahə-1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən miras qoyan X4 məxsus olan Gəncə şəhəri, R.Qasımov küçəsi ilə X15 prospektinin arasında Məhəllə A, Sahə 1 ünvanında yerləşən ümumi sahəsi 87.8 kvadratmetr olan fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətdə olan 0.0405 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********ıx74102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. AN-İ, ******* nömrəli, 12 iyul 2024-cü il tarixli, 4Ə-575 nömrəli, Gəncə şəhər 6 saylı Notariat Ofisi tərəfindən verilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar - Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ünvan 6 ünvanında yerləşən, paylı mülkiyyətində olan 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 87.8 kvadratmetr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəni alıcı – X1. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.\ 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X2nun "xxxx" KB ASC-yə 03 oktyabr 2023-cü il tarixli, 403nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X2 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, X5 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X2 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlak cavabdehlər tərəfindən qəbul edildiyindən yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc vərəsə olan cavabdehlərin miras payına mütənasib olaraq onlardan müştərək qaydada tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X2nun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 2976,9 (iki min doqquz yüz yetmiş altı manat doxsan qəpik) AZN əsas, 158,01 (bir yüz əlli səkkiz manat bir qəpik) AZN faiz borcu olmaqla, cəmi 3134,91 (üç min yüz otuz dörd manat doxsan bir qəpik) AZN borc tutulub iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının və 51,35 (əlli bir manat otuz beş qəpik) AZN məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 2976,9 (iki min doqquz yüz yetmiş altı manat doxsan qəpik) AZN əsas, 158,01 (bir yüz əlli səkkiz manat bir qəpik) AZN faiz borcu olmaqla, cəmi 3134,91 (üç min yüz otuz dörd manat doxsan bir qəpik) AZN borc və 0,40 (qırx qəpik) AZN xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51,35 (əlli bir manat otuz beş qəpik) AZN dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar