Məhkəmə qərarları › İş №e-2(125)-859/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-859/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-859/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" BOKT ASC, 26 yanvar 2024-cü il tarixli, TPP-1065-2083-24 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 50 manat əsas borc, 50 manat faiz borcu, 12 manat komissiya və 121,67 manat cərimə olmaqla, cəmi 233,67 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" BOKT ASC ilə cavabdeh və ya borcalan arasında xx.xx.2024-cü il tarixli, TPP-1065-2083-24 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və ödəniş cədvəlinə əsasən iddiaçı cavabdehin istifadəsinə onun şəxsi ehtiyaclarının ödənilməsi məqsədilə 5 (beş) ay güzəşt müddəti olmaqla, 50 manat məbləğində krediti təklif etməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən olunmuş müddətdə və qaydada bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən 26 iyul 2024-cü il tarixinədək kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2024-cü il tarixinədək hər ay 13 manat, sonuncu ay isə 63 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 50 manat əsas kredit borcu, 50 manat faiz, 12 manat komissiya və 121,67 manat cərimə borcu olmaqla, cəmi 233,67 (iki yüz otuz üç manat altmış yeddi qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4.2-ci bəndinə görə ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişlərin (faizlər və (və ya) haqlar daxil olmaqla) borcalan tərəfindən 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında kreditverən bu müqaviləyə vaxtından əvvəl xitam verə və/və ya kredit məbləğinin müqavilə müddətinin bitməsindən əvvəl hesablanmış cərimələr ilə birlikdə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 3.6-cı bəndinə görə borcalan bu müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında və/və ya tam icra edilməməsinə görə kreditverənə 430,935 manat faiz üstəgəl 5 faiz həddində gecikdirilmə faizi ödəyir. Müqavilənin 3.8-ci bəndinə görə borcalan kreditin təhlili və sənədləşdirilməsinə görə kreditverənə 12 manat məbləğində birdəfəlik komissiya haqqı ödəyəcəkdir. Borcalan qeyd edilən komissiya haqqının ödənişini əsas borcun tam şəkildə ödənildiyi gün həyata keçirəcəkdir. İş materiallarına əlavə edilmiş, 08 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 50 manat əsas, 50 manat faiz, 12 manat komissiya və 121,67 manat cərimə olmaqla, 233,67 manat borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş, xəbərdarlığı aldığı tarixdən 3 iş günü ərzində göstərilən borcu iddiaçıya ödəmədiyi halda müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq yaranmış borc məbləğinin tam qaytarılması və girov predmetinə yönəldilməsi üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri, xidmət haqqını iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, öhdəliyini lazımınca icra etməmiş, banka olan borcunu tam qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı qanuna və müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 15 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TPP-1065-2083-24 nömrəli nömrəli kredit müqaviləsində verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 12 manat qeyd edildiyindən və bu, müqavilənin xüsusi şərti kimi tərəflər arasında müəyyən edildiyindən 12 manat komissiya haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 50 manat, faizlər üzrə 50 manat, cərimə üzrə 15 manat və müqavilədə nəzərdə tutulmuş komissiya üzrə 12 manat olmaqla, cəmi 127 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, TPP-1065-2083-24 nömrəli kredit müqaviləsi üzrə yaranmış 50 manat əsas borc, 50 manat faiz borcu, 15 manat cərimə və 12 manat xidmət (komissiya) haqqı olmaqla, cəmi 127 (bir yüz iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar