Məhkəmə qərarları › İş №e-2(125)-869/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-869/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-869/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 000 manat məbləğində pul və 120 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 oktyabr 2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 10 000 (on min) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmən məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 18 (on səkkiz) ay müddətinədək hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc bu günə kimi ödənilməmiş qalmaqdadır. Müqavilə 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Odur ki, pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin 23 yanvar 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tələb olunan 10 000 manat məbləğində pulu əslində o, götürməmiş, onun vasitəsilə dostu Ramizə borc götürmüşlər. İddiaçı ona hədəqorxu gəldiyindən və təzyiq göstərdiyindən müqaviləyə imza etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 52 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-1020 reyestr nömrəli 29 oktyabr 2021-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, Cavabdeh İddiaçı 10 000 manat məbləğində pulu borc aldığını, 18 ay müddətində borcu hissə-hissə qaytaracağını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Cavabdehin iddiaçı 10 000 manat pul ödəmək öhdəliyinin olduğunu notarial qaydada təsdiq edilmiş müqavilədə açıq şəkildə bəyan etmişdir. Cavabdeh həmin müqavilənin hədə-qorxu təsiri altında bağlandığını iddia etsə də müqavilənin həqiqətə və onun iradə ifadəsinə uyğun olmamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsası kimi istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıdan aldığı borcu vaxtında qaytarmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 29 oktyabr 2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 10 000 (on min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (yüz iyirmi) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar