Məhkəmə qərarları › İş №e-2(125)-908/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-908/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-908/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1784,37 manat əsas borc, 1527,67 manat faiz, 1997,75 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 246,50 manat pul, ümumilikdə 5556,29 manat məbləğində borcun və 75,57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərələr arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 5212,23 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 09 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə- 1784,37 manat əsas, 1527,67 manat faiz, 1997,75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 246,50 manat faiz borcu olmaqla, cəmi borcu 5556,29 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, əsas və faiz borcuna aid hissədə iddia ilə razıdır. Dəmirbank ASC ləğv edilənədək ödənişləri vaxtında ödəmişdir. Sonradan Bakı şəhərində Qara Qarayev metro stansiyasının yaxınlığında olan filiala getmiş, ona bankın bağlandığı, ona daha sonra məlumat veriləcəyi bildirilmişdir. Lakin sonradan ona heç bir məlumat verilməmişdir. Buna görə də borc illərlə yığılıb qalmışdır. Odur ki, cərimə borcunun silinməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən və kassa məxaric orderi qəbzindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2017-ci il tarixli əlavə sazişdən görünür ki, 09 dekabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı konvertasiya edilərək 5212,23 manat əsas borc, 1066,56 manat faiz borcu və 96,47 manat cərimə borcu müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 09 dekabr 2014-cü il tarixli, 460004545/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 09 dekabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 26 yanvar 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik - Cavabdeh1 kreditor qarşısındakı 4726,99 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 5212,23 manat təşkil edir, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 09 oktyabr 2022-ci il tarixə yaranmış borcu 1784,37 manat əsas borc, 1527,67 manat faiz, 1997,75 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 246,50 manat borc, ümumilikdə 5556,29 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən borcun ödənilməsinə dair xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 dekabr 2014-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. 09 dekabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin müddətinin sonu 25 yanvar 2017-ci il tarixli Əlavə sazişlə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Bankın ləğv edilməsi ilə bağlı ödənişləri icra etməyin mümkün olmaması barədə Cavabdeh1 dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, ləğv edilmiş banklar, onlara ediləcək ödənişləri qəbul edən təşkilatlar və s. barədə məlumatlar mətbuat vasitəsilə mütəmadi olaraq verildiyindən qeyd olunan hal üç ildən artıq müddət ərzində ödənişlərin həyata keçirilməməsi üçün əsas kimi qəbul edilə bilməz. İddiaçı əsas və faiz borcunun qaytarılması tələbi ilə yanaşı cavabdehlərdən həm də gecikdirilmiş əsas borcun illik beş faizi olan 246,50 manat pulun və 1997,75 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Bank tərəfindən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 246,50 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsində qeyd olunur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icrasının 3 ildən artıq müddətdir ki, gecikdirilməsi nəzərə alındıqda bankın həmin tələbinin əsaslı olması müəyyən edilir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinə əlavə sazişin 1.3-cü bəndində kredit ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun miqdarı illik 30 faiz olaraq müəyyən edilmişdir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1997,75 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh2 yönəlmiş hissəsini isə əsassız hesab edir. Cavabdeh2 ilə 09 dekabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə Əlavə sazişlə zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də Cavabdeh2 qarşı iddia təmin edilə bilməz. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 75,57 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əlavə saziş üzrə 1784,37 manat əsas borc, 1527,67 manat faiz borcu, 50 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 246,50 manat əldən çıxmış fayda olmaqla, cəmi 3608,54 manat (üç min altı yüz səkkiz manat, əlli dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,57 manat (yetmiş beş manat, 57 qəpik) pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar