Məhkəmə qərarları › İş №e-2(125)-909/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-909/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-909/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.190 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.685 manat 72 qəpik, cərimə qismində 1.541 manat 13 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, hesablanmış faiz borcu qismində 1.088 manat 08 qəpik, cəmi 10.505 manat 09 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 122 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi A.Y.Bayramov iddianı müdafiə edərək izahatında göstərdi ki, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 16 oktyabr 2014-cü il tarixdə bağlanmış 2383 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 20% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Cavabdeh1 Ləğv prosesində olan «Zaminabank» açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna kredit borcunun restruktrizasiyasıya olunması üçün güzəşt ərizəsi ilə müraciət edərək 4.190 manat 16 qəpik əsas borcun, 60 ay müddətinə restruktrizasiyasıya edilməsini 30 dekabr 2019-cu il tarixdə xahiş etsə də, bu günədək Fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restruktrizasiyasıya müqaviləsi bağlamamışdır. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ərizəsinin icra edilməsi məqsədi ilə 12 mart 2021-ci il tarixli LM032100427 saylı restruktrizasiyasıya müqaviləsi, ödəniş cədvəli və 12 mart 2021-ci il tarixli LM032100427 saylı zaminlik müqaviləsi hazırlanmış, ləğvedici tərəfindən imzalanmışdır və cavabdehlərə imza üçün təqdim etmişdir. Ancaq uzun müddət keçməyinə baxmayaraq, dəfələrlə cavabdehə 12 mart 2021-ci il tarixli LM032100427 saylı restruktrizasiyasıya müqaviləsini imzalaması təklif edilsə də, həmin müqavilə onlar tərəfindən imzalanmamışdır. Bununla bağlı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə **********759 saylı bildiriş göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsirinə düşən 16 oktyabr 2014-cü il tarixli 2383 saylı kredit müqaviləsi hazırlanmış, yeni 12 mart 2021-ci il tarixli ********** saylı restruktrizasiyasıya müqaviləsini imzalağı yenidən təklif etmişdir. Ancaq cavabdehlər həmin müqavilələri bu günə qədər imzalamadığı üçün bank yenidən borcun cavabdehlərdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddia tələbinə qarşı etiraz edərək, iddia müddətinin tətbiqi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh1 iddia müddətin tədbiqi barədə ərizəsi əsasızdır və rədd olunmalıdır. Belə ki, bank tərəfindən kredit müqaviləsinin iddia müddəti axımı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsinin səbəbi Cavabdeh1 adına olan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi və onun tərəfindən həmin müqavilənin güzəşt edilərək restruktrizasiya edilməsi barədə ərizəsi olmuşdur. Cavabdeh1 30 dekabr 2019-cu il tarixdə borc məbləğinin restruktrizasiyasıya olunması məqsədi ilə borcunu etiraf etməsini göstərən hərəkət edərək - ərizə ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edmişdir. Cavabdeh1 borc məbləğinin güzəşt olunması məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə verdiyi ərizəyə əsasən iddia müddətinin axımı kəsilmişdir. Həmin tarixdən sonra hesablanan iddia müddəti 30 dekabr 2022-ci il tarixdə bitir. İddiaçı borcun tutulması üçün iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə 14 dekabr 2022-ci il tarixdə, iddia müddəti bitməmişdən əvvəl müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. Sonda A.Y.Bayramov iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh1 məhkəməyə ünvanladığı 24 yanvar 2023-cü tarixli ərizəsində iddianı qəbul etməyərək, bildirdirmişdir ki, o, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətini ilə kredit müqaviləsini 16 oktyabr 2014-cü il tarixdə və 36 ay müddətinə bağlamışdır. Kredit müqaviləsinin müddəti 16 oktyabr 2017-ci il tarixdə bitmişdir. Həmin tarixdən artıq 6 il keçmişdir və bununla da iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi isə məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Sonda Cavabdeh1 iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar tərəfindən 36 ay müddətinə illik 20% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 16 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1nun eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 oktyabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 16 oktyabr 2014-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətindən 5.000 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan Cavabdeh1 borc məbləğinin restruktrizasiyasıya olunmasına dair 30 dekabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı müqavilə üzrə 4.190 manat 16 qəpik məbləğin borcun 60 ay müddətinə restruktrizasiyasıya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli saylı restruktrizasiyasıya müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti qarşısındakı kredit öhdəliyinin qalığı 4.190 manat 16 qəpik müəyyən edilmiş, restruktrizasiyasıya olunmuş kreditin müddəti 60 ay müddətinədək uzadılmışdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 14 dekabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1yla İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 4.190 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.685 manat 72 qəpik, cərimə qismində 1.541 manat 13 qəpik, cəmi 10.505 manat 09 qəpik məbləğində təşkil edir. Məhkəmə tərəflər arasında olan hazırki mübahisə üzrə iddia müddətinin keçməməsini nəzərə alaraq, hesab edir ki iddia müdətinin tətbiqinə dair Cavabdeh1 tərəfindən verilmiş iddianın təmin olunmaması üçün əsas deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə 3 il müddətinə bağlanmışdır və onun icra müddəti 16 oktyabr 2017-ci il tarixdə başa çatır. Cavabdeh1 isə 30 dekabr 2019-cu il tarixdə borc məbləğinin restruktirasiya olunmasına dair ərizə ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə müraciət etməklə, borcunun restruktirzasiya olunmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti isə Cavabdeh1 qarşı iddia ərizəsi ilə 14 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, də 16 oktyabr 2014-cü il tarixli, 2383 saylı kredit müqaviləsinin icra müddətinin 16 oktyabr 2017ci il tarixdən restruktrizasiyaya dair ərizənin verildiyi, yaxud borcun etiraf edilməsinə dair hərəkətin edildiyi 30 dekabr 2019-cu il tarixə qədər, eləcə də restruktrizasiyaya dair ərizənin verildiyi 30 dekabr 2019-cu il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraiət edildiyi 14 dekabr 20220-ci il tarixədək 3 il müddət keçməmiş, beləliklə də iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. «C.Əzimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 1.541 manat 13 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 4.190 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.685 manat 72 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 16 oktyabr 2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalı, Cavabdeh1 16 oktyabr 2014-cü il tarixli, 2383 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 4.190 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.685 manat 72 qəpik, cərimə qismində 10 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 1.088 manat 08 qəpik, cəmi 8.973 manat 96 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 16 oktyabr 2014-cü il tarixli, 2383 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.190 (dörd min bir yüz doxsan) manat 16 (on altı) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.685 (üç min altı yüz səksən beş) manat 72 (yetmiş iki) qəpik, cərimə qismində 10 (on) manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 1.088 (bir min səksən səkkiz) manat 08 (səkkiz) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 122 (bir yüz iyirmi iki) manat, cəmi 9.095 (doqquz min doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar