Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-939/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-yə qarşı mənzilin üzərində quraşdırılmış su çənlərinin sökülməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus olan və özbaşına yerləşdirilmiş su çənləri və onların borularının Gəncə şəhəri, Yeni-Gəncə yaşayış massivi, 61 nömrəli binanın mülkiyyətində olan 39 nömrəli mənzilin üzərindən sökülərək kənarlaşdırılmasına və mənzilə dəymiş zərərə görə 4000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən 61 nömrəli evin 39 nömrəli mənzilin sahibidir. Mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsusdur. Mənzil binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşir. Binanın 3-cü girişinin 2-ci, 3-cü və 4-cü mərtəbəsində yerləşən müvafiq olaraq 27, 31 və 35 nömrəli mənzillərin sahibləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur. Həmin mənzillərin sahibləri, yəni 31 və 27 nömrəli mənzillərin sahibləri Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus su çənlərini onun mənzilinin yataq otağının, 35 nömrəli mənzilin sahibi Cavabdeh1 isə onun mənzilinin dəhlizinin üzərinə yerləşdirmişdirlər. Qeyd edilən mənzillərin sahibləri su çənlərini onun mənzilinin üzərinə yerləşdirdikləri vaxtdan təxmini olaraq 2 ilə yaxın müddətdir ki, həmin su çənlərindən mütəmadi olaraq axan su mənzili yararsız hala salmışdır və bu hal-hazıradək də davam edir. Belə ki, su çənləri dolduqda onlardan axan su mənzilin tavanından içəri daxil olaraq yataq otağını, dəhlizi, hamamı, tualeti, tavan-döşəmələri, divarları, orada yerləşən əşyaları yararsız hala salmaqla ona maddi ziyan vurmuş və vurmaqda da davam edir. Mənzilin işıq naqilləri suyun axıdılması nəticəsində yararsız hala düşmüş və mənzildə rütubət əmələ gəlmişdir. Su çənlərindən su daşdığı zaman mənzildə güclü su axını baş verdiyindən yataq otağında yerləşən ev əşyaları, stol stul, yastıqlar, döşəklər və yorğanlar belə tamamilə islanmış olur ki, nəticədə bir müddət sonra onlar da istifadə üçün yarasız hala düşmüşdürlər. Həmin mənzillərin sahiblərinə məxsus su çənlərinin onun mənzilinin üzərində yerləşməsi nəticəsində mənzilin tavanının yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq həmin ağır tonnajlı su çənlərinin yataq otağına və dəhlizə düşmə təhlükəsi yaranmışdır. Belə ki, əgər binada güclü silkələnmə baş verərsə, qeyd edilən su çənləri üzərilərinə düşərək onun və ailə üzvlərinin həyatına son qoya bilər. Vəziyyətin dözülməz olduğunu nəzərə alaraq həmin mənzillərin sahiblərinə su çənlərindən suyun axıdılmasına son qoyulması ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmiş və onlardan su çənlərinin və onların borularının sökülərək mənzilin üzərindən kənarlaşdırılmasını tələb etmişdir. Lakin həmin mənzillərin sahibləri edilmiş xəbərdarlıqlara baxmayaraq su çənlərini və onların borularını mənzilin üzərindən kənarlaşdırmayaraq, suyun axıdılmasına davam etmişdirlər. Cavabdehlərin özbaşına hərəkətləri ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng edərək şikayətini bildirmişdir və onlardan lazımı tədbirlər görülməsini xahiş etmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsi cavab olaraq xx.xx.2021-ci il tarixli 316-12797R-3221 nömrəli məktubu ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra isə xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edərək mənzilin üzərində özbaşına yerləşdirilmiş su çənlərinin və onlarm borularının sökülərək mənzilinin üzərindən kənarlaşdırılmasına dair tədbirlər görülməsini xahiş etmişdir. Müraciəti ilə əlaqədar olaraq Gəncə şəhəri MKTİB-nin 4 №-li xidmət şöbəsinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilərək xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və həmin aktda qeyd edilən hallar öz təsdiqini tapdığı üçün Gəncə şəhəri MKTİB-in 4 №-li xidmət şöbəsinin rəisi X.Ə.Əhmədov tərəfindən Gəncə şəhəri MKTB-nin rəisi N.Əhmədova xx.xx.2022-ci il tarixli xidməti məlumat verilərək özbaşına yerləşdirilmiş və mütəmadi olaraq mənzili su ilə basan çənlər barəsində lazımı tədbirlər görülməsinə dair sərəncam verilməsi xahiş edilmişdir. Gəncə şəhər MKTB-nin rəisi N.Əhmədov müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə MKTİB-yə ünvanladığı ərizənin araşdırıldığını, qeyd edilən halların onlara məlum olduğu və səlahiyyətlərində olmadığı üçün aktlaşdırılıb məhkəməyə müraciət etməsi bildirmişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində mənzildə təmirçinin şifahi şəkildə verdiyi məlumata əsasən dəyəri 4 000 manat təşkil edən təmir-bərpa işləri aparılması tələb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, çənlər 5-ci mərtəbədə yerləşdirilmişdir. Cavabdehlərin hər birinin çənindən suyun axıdıldığını göstərsə də, yalnız cavabdahlərdən Cavabdeh2 məxsus, 3-cü mərtəbədə yerləşən mənzilin su çənindən su daşaraq onun mənzilinə ziyan vurmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, maddi zərərin əvəzinin ödənilməsi tələbini qəbul etmir, ekspert rəyi ilə razı deyildir. Daşan su çəni Cavabdeh2 məxsus mənzilə aiddir, düzgün montaj olunmaması nəticəsində daşmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ekspert rəyində 3 nəfərə məxsus mənzillərin su çəni qeyd edilmiş, ancaq suyun hansı çəndən daşması barədə məlumat dəqiq göstərilməmişdir. Onun evinə də 3-cü mərtəbədən su tökülmüşdür. Əvvəllər 24 saatlıq su təchizatı olmadığına görə çən var idi, ancaq indi çənə ehtiyac yoxdur. Ona məxsus su çəninin götürülməsinə razıdır, dəymiş maddi zərər onun tərəfindən vurulmadığından qəbul etmir. Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-yə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- MH ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən 61 nömrəli evin 39 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏmlaK Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 61, mənzil 31 Cavabdeh2 adına qeydə alınaraq, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 61, mənzil 35 Cavabdeh1 adına qeydə alınaraq xx.xx.2000-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2885 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yaşayır, mənzil sahibidir. ünvan 2 tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri, Yeni-Gəncə yaşayış massivi, bina 61, mənzil 39, 5-ci mərtəbədə yerləşir və həmin mənzilin üstündə yerləşən, başqa mənzillərə məxsus su çənlərindən dəfələrlə güclü su axıdılmış, əşyalarla birlikdə mənzilin yataq otağı, tavanı, divarlar, döşəmə, dəhliz və hamam-tualet suyun axıdılması nəticəsində bərbad vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1346 nömrəli rəyindən görünür ki, 39 saylı mənzilin yaşayış otağı, hamam, ayaqyolu və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, həmçinin qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 61 nömrəli binanın 39 nömrəli mənzilinə, binanın dam örtüyünə quraşdırılmış, 27, 31 yə 35 saylı mənzillərə aid olan su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 39 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Binanın dam örtüyündə quraşdırılmış 27, 31 və 35 saylı mənzillərə aid olan su çənlərinə baxış keçirilən zaman sözügedən mənzillərə aid olan su çənlərində və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığı, lakin su sızma hallarının baş vermə səbəbinə dair göstərilən amilləri nəzərə alaraq, 39 saylı mənzilə su sızması binanın dam örtüyündə quraşdırılmış, 27, 31 və 35 saylı mənzillərə aid olan su çəninin boru xətlərində qəza yaranması və ya həmin mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 61 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 61 nömrəli binanın 39 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2215,0 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 39 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı 27, 31 və 35 nömrəli mənzillərin sahibləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona dəymiş zərərəin ödənilməsini tələb etsə də, suyun onun mənzilinə 31 nömrəli mənzilin sahibi Cavabdeh2 məxsus su çənindən axıdıldığını göstərdi. Digər Cavabdeh3 da daşan su çəninin Cavabdeh2 məxsus mənzilə aid olduğunu və düzgün montaj olunmaması nəticəsində daşdığını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin hərəkələri nəticəsində iddiaçı öz mənzilindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin sahibi Cavabdeh3, 31 nömrəli mənzilin sahibi Cavabdeh2 və 35 nömrəli mənzilin sahibi Cavabdeh1 məxsus olan su çənləri və boruları 39 nömrəli mənzilin üzərindən cavabdehlərin öz hesablarına götürülməli, vurulmuş zərərin əvəzi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin sahibi Cavabdeh3, 31 nömrəli mənzilin sahibi Cavabdeh2 və 35 nömrəli mənzilin sahibi Cavabdeh1 məxsus olan su çənləri və boruları 39 nömrəli mənzilin üzərindən cavabdehlərin öz hesablarına götürülsün. Cavabdeh2 vurulmuş zərərə görə 2215 (iki min iki yüz on beş) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-939/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-939/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver