Məhkəmə qərarları › İş №e-2(125)-984/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-984/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-984/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 25000 (iyirmi beş min) ABŞ dollarının icra olunan günə manat məzənnəsi ilə pulun, iddia ərizəsi üçün ödənilmiş 217,90 manat dövlət rüsumunun, həmçinin vəkilin göstərdiyi hüquqi yardıma görə 400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 ər-arvad olmaqla onunla qonşudurlar və onlarla çox yaxşı münasibətləri olmuşdur. Həmçinin Cavabdeh1 oğlu ilə bir yerdə şərikli alver etmişlər. Cavabdeh1 oğlu Tovuz şəhəri, Mamməd Zeynalov küçəsi, ev 82 ünvanında yerləşdiyi evin təmiri üçün ondan borc pul istəmiş və tezliklə həmin pulu qaytarıb verəcəyinə söz vermişdir. İddiaçı pulunun olmadığını deyəndə cavabdeh evi banka girov qoyaq, pul götürməyi təklif etmiş, tezliklə həmin pulu ödəyəcəyini və evi girovdan çıxaracağını bildirmişdir. İddiaçı ona inanaraq razılaşıb və yaşadığı evi girov qoyaraq bankdan 35.000 (otuz beş min) ABŞ dolları götürüb, Cavabdeh1 oğluna 35.000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh ilkin olaraq öhdəliyini vaxtında icra edərək ümumi borcdan 10.000 (on min) ABŞ dollarını qaytarmışdır, qalan 25000 ABŞ dollarını isə qaytarmaqdan boyun qaçırmışdır. Sonra o, məcbur qalıb bankdan götürdüyü krediti özü ödəmiş və evi girovdan azad etmişdir. Ancaq cavabdehlər ona qalan 25.000 (iyirmi beş min) ABŞ dollarını qaytarmamışlar. O, dəfələrlə cavabdehlərdən pulunu tələb etdikdə onlar müəyyən müddətə borcu ödəməyə söz versələr də borcu ödəməmişlər. Sonra o, cavabdehlərlə belə razılığa gəlmişdir ki, 15.000 (on beş min) manat pulunu nağd qaytardığı halda qalan məbləği hissə-hissə ödənilməzinə etiraz etməyəcəkdir. Cavabdehlər söz vermələrinə baxmayaraq 15.000 (on beş min) pulu da verməmişlər. Bundan sonra o, bununla bağlı Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Cavabdeh1 oğlu ona 25000 ABŞ dolları borcu olduğunu etiraf etmiş, həmin məbləğdən 15000 manatı 3-4 il ərzində ödəyəciyinə öhdəlik götürmüşdür. Lakin o, bununla razılaşmayıb hazırki tələblə bağlı məhkəyəmə müraciət etməli olmuşdur. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək cavabeh Cavabdeh1 tərəfindən məhkəmə ərəfəsində hissə-hissə kart vasitəsi ilə 352 ABŞ dolları məbləğində pulun ödənildiyini, iddia tələbindən 352 ABŞ dolları məbləğin çıxılıb qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, 2008-ci ilin oktyabr-noyabr aylarında cavabdehlər ona müraciət edərək pul lazım olduğunu bildirmiş o isə cavabdehlərlə şərikli alver etdiyi üçün razılaşaraq evini girov qoyaraq 24 ay müddətinə qaytarmaq şərti ilə bankdan 35000 ABŞ dolları götürərək cavabdehlərə vermişdir. Lakin dəfələrlə cavabdehlərdən pulu tələb etsə də qaytarmamış və götürdüyü krediti özü ödəyərək evi girovdan azad etmişdir. Həmin məbləğdən cavabdehlər tərəfindən 10000 və məhkəmə ərəfəsində isə 352 ABŞ dolları qaytarılmışdır. Qalıq qalan pulun cavabdehlər tərəfindən qaytarılmasını tələb edir. Odur ki, iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınaraq təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil izahatında bildirdi ki, 2008-ci ildə cavabdehlər İddiaçı müraciət edərək pul lazım olduğunu bildirmiş və iddiaçı isə evini girov qoyaraq cavabdehlərə 35000 ABŞ dolları məbləğində pul vermişdir. Dəfələrlə iddiaçı həmin pulu cavabdehlərdən tələb etsə də həmin puldan 10000 ABŞ dolları və məhkəmə ərəfəsində isə 352 ABŞ dolları ödənilmişdir. İddiaçı cavabdehlər tərəfindən borcun ödənilməməsi barədə Tovuz rayon Polis Şöbəsinə müraciət etmişdir. Tovuz rayon Polis Şöbəsinin 22 noyabr 2024-cü il tarixli, 3-13-114/2-22162/2024 nömrəli məktubunda Cavabdeh1 İddiaçı 25000 dollar borclu olmasını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınaraq təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin 22 noyabr 2024-cü il tarixli, 3-13-114/2-22162/2024 nömrəli məktubunda Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirilmişdir ki, araşdırma zamanı İddiaçı müraciətində Tovuz şəhəri, M.Zeynalov küçəsində yaşayan Cavabdeh1 ona 25000 dollar pul borclu olmasını bildirmişdir. Ona görə də hər ikisi Tovuz RPŞ-nə dəvət olunaraq izahatları alınmışdır. Vətəndaş Cavabdeh1 izahatında İddiaçı evini girov qoyaraq 35000 dollar kredit götürməsini bildirmiş, həmin pulun 10000 dollarını həmin vaxt ödəmiş, qalan krediti İddiaçı ödəməsini bildirmişdir. Vətəndaş Cavabdeh1 izahatında əlavə olaraq qeyd etmişdir ki, onun Gözəl Mərkəz qızına 15000 manat borcu vardır. Həmin borcu 3-4 il ərzində ödəyəcəkdir. Vətəndaş İddiaçı müraciətinin mülki xarakterli olduğuna görə məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 28 iyun 2024-cü il tarixli, 313-5-1/2-T-48372/2024 nömrəli məktubunda İddiaçı Daxili İşlər Nazirliyinə daxil olmuş müraciəti baxılması üçün Tovuz RPŞ-yə göndərildiyi və müraciətə baxılmasının nəticəsi barədə həmin rayon Polis şöbəsi tərəfindən ona əlavə məlumat veriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin 05 iyul 2024-cü il tarixli, 3-13-114/2-T483xx/xx/2024-2 nömrəli məktubunda İddiaçı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinin Tovuz rayon polis şöbəsində araşdırıldığı və müraciəti ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. - Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Ömər İsmayılzadə tərəfindən tərtib edilmiş arayışdan bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayan İddiaçı Daxili İşlər Nazirliyinə müraciət edərək, Zakir adlı şəxsin ona borclu olması lakin borcunu verməməsi barədə məlumat vermişdir. Araşdırma zamanı rayonu, Aşağı Öysüzlü kəndində yaşayan İddiaçı Tovuz rayon Polis Şöbəsində rəhbərliyin qəbulunda olmuş ona müraciəti ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Müraciətdə heç bir inzibati xəta və cinayət tərkibi aşkar edilməmişdir. Odur ki toplanmış materialın Tovuz RPŞ-nin dəftərxanasında işə tikilməsini məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə qonşu olmuşlar. İddiaçı cavabdehlərə 35000 ABŞ dolları məbləğində pulu borc verdiyini, həmin puldan 10000 ABŞ dolları məbləğində pulun cavabdehlər tərəfindən qaytarıldığını qalıq qalan 25000 ABŞ dollarının isə qaytarılmadığını əsas gətirərək hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək cavabeh Cavabdeh1 tərəfindən məhkəmə ərəfəsində hissə-hissə kart vasitəsi ilə 352 ABŞ dolları məbləğində pulun ödənildiyini, iddia tələbindən 352 ABŞ dolları məbləğin çıxılıb qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişlər. Cavabdehlər isə məhkəmə iclasında iştirak etmədiklərindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı 2008-ci ildə qüvvədə olan) 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı 2008-ci ildə qüvvədə olan) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı 2008-ci ildə qüvvədə olan) 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Məhkəmə qeyd edir ki, 2008-ci ildə iddiaçı cavabdehlərə 35000 ABŞ dolları məbləğində pul verdiyini, həmin puldan cavabdehlərin 10000 ABŞ dollarını əvvəlcə, məhkəmənin gedişatında isə 352 ABŞ dolları məbləğin verildiyini, qalıq qalan 24648 ABŞ dolların isə cavabdehlər tərəfindən qaytarılmadığını iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehlərə borc məqsədilə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin, iddiaçının cavabdehlərdən Cavabdeh1 ona 25000 ABŞ dolları borcu olmasını etiraf etməsini qeyd etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin 22 noyabr 2024-cü il tarixli, 3-13-114/2-22162/2024 nömrəli məktubunu da nəzərdən keçirərək qeyd edir ki, sözügedən məktubda Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil araşdırma zamanı İddiaçı müraciətində Tovuz şəhəri, M.Zeynalov küçəsində yaşayan Cavabdeh1 İddiaçı 25000 dollar pul borclu olmasını bildirdiyi, ona görə də hər ikisinin Tovuz RPŞ-nə dəvət olunaraq izahatlarının alındığı, vətəndaş Cavabdeh1 izahatında İddiaçı evini girov qoyaraq 35000 dollar kredit götürməsini bildirdiyi, həmin pulun 10000 dollarını həmin vaxt ödədiyini, qalan krediti İddiaçı ödəməsini bildirdiyi, vətəndaş Cavabdeh1 izahatında əlavə olaraq onun Gözəl Mərkəz qızına 15000 manat borcu olduğunu, həmin borcu 3-4 il ərzində ödəyəcəyini bildirməsi qeyd edilsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis X1 müraciəti əsasında toplanmış material tədqiq edilən zaman cavabdeh tərəfindən belə bir izahatın verildiyi aşkar edilmədi. Bu isə öz növbəsində sözügedən məktubda qeyd edilən halların məhkəmə tərəfindən inamlı nəticə çıxarmasına kifayət etmir, başqa sözlə məhkəmə həmin məktubu hazırki mübahisənin həll edilməsində sübut kimi qəbul etmir və qiymətləndirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 217.90 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin İddiaçı və Vəkil arasında bağlanmış “hüquqi yardımın göstərilməsi” barədə xx.xx.2024-cü il tarixli, EM-785VK-14575/24 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 400 manat məbləğində müəyyən edilmiş və “PULPAL” Məlumat portalından çıxarışa əsasən iddiaçı tərəfindən 400 manat məbləğində pul vəsaiti Vəkil ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 217.90 manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən tutulub ona verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən sözügedən məbləğlər iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəflər (vəkil xərci) İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar