Məhkəmə qərarları › İş №e-2-2(1-8)-303/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-303/2026

05.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-303/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # ##### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 (bundan sonra birlikdə – “iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq – “iddiaçı2”, “iddiaçı1”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat pulun, əgər cavabdeh tərəfindən hüququ pozulmasaydı dövriyə şəraitində əldə edəcəyi 10.000 manat gəlir (əldən çıxmış fayda), mağaza üçün aldığı 5.719 (beş min yeddi yüz on doqquz) manat avadanlıqların pulunu, şəxsi istifadəsi üçün ondan aldığı 3150 (üç min yüz əlli) manat, 381.81 (üç yüz səksən manat səksən bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 64250,81 manat pulun alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlin istisna hissəsində göstərilmişdir ki, Hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Tərəflərindən məhkəməyə təqdim edilmiş vergi orqanının saytından çıxarışdan görünür ki, cavabdeh 2025-ci il ## ### tarixdə vergi uçotuna alınmışdır. Iddia ərizəsindən və işin hallarından aydın olur ki, iddiaçı1 ilə cavabdeh arasında mövcud olan sahibkarlıq fəaliyyəti 2024-cü ili, yəni cavabdehin vergi uçotuna alınmadığı dövrü əhatə edir. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən müəyyən edilir ki, belə fəaliyyətdən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalıdır. Ona görə də işin aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # ##### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin işin aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir (hakim – R.Qələndərzadə).

4. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, təqdim edilən iddia ərizəsinin məzmunundan göründüyü kimi hazır ki mübahisə iki sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlərdən yaranmışdır. Cavabdehin tərəflər arasında şərikli sahibkarlıq münasibəti yaranan zaman vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmaması hazırki mübahisəyə ümumi məhkəmədə baxılmasına əsas vermir. Çünki iddiaçılar tərəfindən məhkəməyə iddia ərizə verilən zaman cavabdeh artıq vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçərək VÖEN almışdır. Mülki-prosessual qanunvericiliyin tələbinə və Ali Məhkəmənin yuxarıda adı qeyd olunan Plenum Qərarına əsasən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla hazırki işə kommersiya məhkəməsində baxılmalıdır.

5. Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir.

6. Şikayət vəsatətlə eyni qaydada əsaslandırılmışdır, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə MPM-in 31.1-ci və 217.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi üçün, Ali Məhkəmənin Plenumunun mövqeyinə uyğun olaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən həmin fəaliyyətin dövlət qeydiyyatından keçməsi zəruridir. Qanunsuz sahibkarlıq anlayışı maddi hüquq normalarına uyğun olaraq müəyyən edildiyindən və hüquq münasibətinin yarandığı vaxt cavabdehin müvafiq qeydiyyatı mövcud olmadığından, məhkəmə tərəfindən cavabdehin məhkəməyə müraciət etdiyi tarix deyil, məhz hüquq münasibətlərinin yarandığı anda qeydiyyatın olub-olmaması əsas götürülməli və buna əsasən məhkəmə aidiyyəti müəyyən edilməlidir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”

“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi

31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”

“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.

403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

11. Hazırkı işin halları ondan ibarətdir ki, tərəflər fərdi sahibkar kimi qeydiyyata alınmışlar və tərəflər arasında olan hüquq münasibətləri onların kommersiya fəaliyyətindən irəli gəlmişdir.

12. Belə ki, tərəflər arasında münasibətlər kommersiya məqsədilə həyata keçirilmiş, mübahisə isə məhz həmin fəaliyyət çərçivəsində qoyulmuş pul vəsaitləri, avadanlıqlar və əldə olunacağı iddia edilən gəlirlə bağlı yaranmışdır. Buna görə də mübahisənin predmetinin və hüquq münasibətinin xarakterinin kommersiya fəaliyyəti ilə bağlı olduğu müəyyən edilir.

13. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin tərəflər arasında şərikli sahibkarlıq münasibəti yaranan zaman vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmaması hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmasına əsas vermir. Çünki iddiaçı tərəfindən məhkəməyə iddia ərizə verilən zaman cavabdeh artıq vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçərək VÖEN almışdır.

14. Məhkəmə tərəfindən aidiyyət məsələsi də məhz iş məhkəmənin icraatına qəbul edilən zaman mövcud olan vəziyyətə uyğun qiymətləndirilir (MPM-in 24.3-cü maddəsi). 15.Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsi verildiyi zaman məhkəmə aidiyyətinə dair qaydaların pozulmasına yol verilməmişdir. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin vəsatəti təmin etməyərək işi öz icraatında saxlaması qanuni və əsaslıdır. Cavabdehin şikayətində göstərilən dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # ##### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar