Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-344/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati kollegiyalarının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “əmlak və mənəvi zərərin ödənilməsi tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağdaş Rayon Məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda cavabdeh “cavabdeh3, cavabdeh2, cavabdeh1”) qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi ziyanın ödənilməsi kimi heyvanlar aləminin xırdalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü olan 11 baş inək malının, onlar mövcud olmadığı halda isə onların dəyəri kimi 22000 manat pulun, mənəvi zərərə görə 1500 manat və dövlət rüsumu kimi ödənilmiş 160,50 manat, cəmi 23660,50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ağdaş Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)-****/**** nömrəli qərardadına əsasən, mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – F.Ələkbərova).
3. Məhkəmə qeyd etmişdir ki, məlumatların “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsilə yoxlanılaması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər – iddiaçı (VÖEN:3300388482), cavabdeh cavabdeh1 (VÖEN:3301073772) və cavabdeh2 (VÖEN: 3300566372) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir.
4. Odur ki, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olmaqla hüquq münasibətinin məzmununu sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirin bölünməməsi nəticəsində yaranmış əmlak tələbi ilə bağlı münasibətlər təşkil edir. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından kommersiya mübahisəsi hesab olunur.
5. Məhkəmə gəldiyi nəticəni “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 12-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Şəki Kommersiya Məhkəməsindəki icraat
6. Şəki Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Hüseynova).
7. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçı (VÖEN:3300388482) 2012-ci il # ###### tarixdə, cavabdeh cavabdeh2 (VÖEN: 330056637202) isə 2015-ci il ## ##### tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında münasibətlər isə 2007-ci il tarixdə yaranmışdır. Iddiaçı 2007-ci il tarixdə cavabdehlərə mal-qara alıb verəndə tərəflərin heç birinin fərdi sahibkar statusu olmamışdır. Göründüyü kimi, iddia tələbinin predmeti ailə kəndli təsərrüfatından irəli gələn əmlak və pul tələbi ilə bağlıdır. Bu səbəbdən tərəflər arasında ailə kəndli təsərrüfatından irəli gələn mübahisə sahibkarlıq fəaliyyətindən yaranmadığından hazırki mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalı deyildir.
8. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 12, 13-cü bəndlərinə, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1, Vergi Məcəlləsinin 13.2.37, MPM-in 24.1, 24.2, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
9. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...”
10. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.”
12. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“1.1. Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 1.2. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. 1.3.Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...” “Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
Ali məhkəmənin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir.
15. MPM-in 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq isə işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, MPM-in 26.1-ci maddəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrə dair işlərə kommersiya məhkəmələrinin baxdığını təsbit edir.
16. Məhkəmə hesab edir ki, mübahisənin hansı məhkəmənin aidiyyətinə daxil olmasının müəyyən edilməsi zamanı yalnız tərəflərin formal subyektiv tərkibi deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin mahiyyəti əsas meyar kimi qiymətləndirilməlidir. Bu baxımdan, mübahisənin kommersiya xarakterli hesab olunması üçün onun hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı olması zəruridir.
17. Ali Məhkəmə Plenumunun ## ######## 2020-ci il tarixli qərarından irəli gələn hüquqi mövqeyə əsasən, mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün tələbin yalnız tərəflərdən birinin deyil, ən azı iki qarşı tərəfin birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Bu zaman mübahisənin predmeti və hüquqi mahiyyəti həlledici əhəmiyyət kəsb edir.
18. Iş materiallarından görünür ki, cavabdehlər iddiaçının ailə üzvləridir, aralarındakı münasibətlər 2007-ci il tarixdə yaranmışdır və ailə kəndli təsərrüfatından irəli gələn münasibətlərdir. Belə olan halda tərəflərin sonradan vergi ödəyicisi kimi qeydiyyata alınması onların avtomatik olaraq kommersiya mübahisəsinin tərəfi hesab edilməsi üçün yetərli əsas yaratmır və aralarındakı münasibətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi daşıması müəyyən edilmir.
19. Belə olan halda, tərəflər arasında yaranmış münasibətlər kommersiya hüquq münasibəti kimi qiymətləndirilə bilməz. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, işin kommersiya məhkəməsində baxılması istisna edilir.
20. Ali Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı mübahisənin tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirilməlidir.
21. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisəyə rayon məhkəməsində baxılmalı, işin kommersiya məhkəməsinə aid edilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmadığından, iş aidiyyəti üzrə ümumi məhkəməyə qaytarılmalıdır.
22. Digər tərəfdən qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
23. Həmçinin MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilmir.
24. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.
25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403- 1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “əmlak və mənəvi zərərin ödənilməsi tələbinə dair” iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.