Məhkəmə qərarları › İş №e-2-2(1-8)-364/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-364/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-364/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Inzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlu və Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə məhkəmə icraatı a) Bərdə Rayon Məhkəməsindəki icraat

1. “xxxx” Kommersiya Bankı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, əsas borc üzrə 2.391,96 manat pul və ödənilmiş 44,32 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X3 arasında bağlanmış 2023cü il ## ###### tarixli əsas kredit müqaviləsi üzrə 300.000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 2023-cü il ## ###### tarixli əlavə kredit müqaviləsi üzrə sonuncuya 24 ay müddətinə illik 26% ödəmək şərtilə 5.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1.-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə cavabdeh (zamin) arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh zaminlik müqavilənin bu şərtini pozaraq, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. X3 2024-cü il ## ###### tarixində vəfat etmişdir. Vərəsəlik işi açıldığı üçün iddiaçı tərəfindən Bərdə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə sorğu göndərilmiş, sorğuya cavab verilməsindən imtina edilmişdir. Cavabdeh zamin kimi kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir.

3. Bərdə Rayon Məhkəməsinin 2026-cı il # ###### tarixli e-2(021)-5125/2025 qərardadı ilə işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – B.Məhərrəmov).

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanılmış 2023-cü il ## ###### tarixli ****mieBRD/**-EM nömrəli kredit müqaviləsi üzrə X2 (VÖEN: XY) sahibkarlıq məqsədləri üçün kredit verilmişdir. Həmin kredit üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. X2 2024-cü il ## ###### tarixində vəfat etmişdir. Bu səbəbdən öhdəliyin icrasının təmin edilməsi məqsədilə tələb zamin hazırkı iş üzrə cavabdehə yönəldilmişdir.

5. Əsas müqavilə üzrə yaranan münasibətlər borclunun sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, eyni münasibətlər çərçivəsində eyni öhdəlik üzrə zaminə (sahibkarlıq subyekti olmasa da) yönəldilmiş tələbə də məhz həmin münasibətlər çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir.

b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

6. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).

7. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vergi ödəyici olan hüquqi şəxs olsa da cavabdeh fərdi sahibkar statusuna malik deyil, o, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Iddiaçı ilə fərdi sahibkar statusuna malik olan X2 arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir. Əsas borclu X2 ölmüşdür. Hazırkı iş üzrə cavabdeh kredit münasibətləri üzrə zamin qismində çıxış etmiş və bu münasibət onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan ikisi, hüquq münasibətlərinin xarakteri ilə bağlı və işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...”.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik ... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.”

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”

Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, MPM-in 1-ci maddəsinin “Qeyd” hissəsinə (bax § 9) əsasən, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

12. Eyni zamanda, Plenum Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqelərə (bax § 8) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir (maddə 13).

14. Hazırkı iş üzrə tərəflər arasında mübahisə onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Belə ki, kredit müqaviləsi iddiaçı ilə borcalan arasında bağlanmış, cavabdeh isə aksessor müqavilə olan zaminlik müqaviləsi ilə bu hüquq münasibətlərinin zamin qismində iştirakçısı olmuşdur. Belə olan halda cavabdehin hazırkı mübahisə üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər hansı hüquqi bağlılığı istisna olunur.

15. Iş materiallarından o da məlum olur ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sahibkar statusuna malik deyildir.

16. Göründüyü kimi, cavabdeh fiziki şəxs fərdi sahibkar olmadığından, hazırkı mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya məhkəməsində baxılmasını istisna edir.

17. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7 və 403-1.8ci maddələrini rəhbər tutaraq

Qərara aldı: Iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar