Məhkəmə qərarları › İş №e-2-2(1-8)-374/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-374/2026

11.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-374/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. “xxxx” Şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş real zərər qismində 25.070,69 manat, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət qismində 438 manat faiz, qüsurlu mallara görə məcburi tətbiq olunmuş 24.199,44 manat endirim, işgüzar nüfuzuna dəymiş zərərə görə 70.000 manat, hüquqi yardıma və leqallaşdırma xidmətlərinə görə isə ödədiyi cəmi 8.280 manat olmaqla, ümumilikdə 127.988,13 manat pul vəsaitinin, əlavə olaraq isə dövlət rüsumu qismində ödənilmiş 418 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – F.Hətəmzadə).

3. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu məcəllə ilə müəyyən olunmuş formada verilməsi nəzərdə tutulmuşdur. MPM-in 10-1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti elektron qaydada tərtib edilərək “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə olunmaqla imzalanır.

6. Lakin tərəf prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Belə ki, 2026-cı il # ##### tarixində məhkəməyə təqdim edilmiş apellyasiya şikayətindən görünür ki, şikayət elektron deyil, fiziki qaydada imzalanmışdır.

7. Halbuki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin təqdim edilməsi yalnız elektron kabinet vasitəsilə və gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə həyata keçirilməlidir.

8. Belə olan halda, təqdim olunmuş şikayət prosessual qanunvericiliyin müəyyən etdiyi məcburi forma və təqdim edilmə qaydasına uyğun hesab oluna bilməz. Şikayətin fiziki qaydada imzalanması, onun elektron sənəd kimi hüquqi qüvvəsini istisna edir və həmin sənədin MPM-in 10-1-ci maddəsində nəzərdə tutulmuş elektron məhkəmə icraatı qaydalarına uyğun təqdim edilmədiyini göstərir.

9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 10-1.1, 10-1.3, 10-1.7, 363.1.1- 1, 363.1.5, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

11. MPM-in 10-1-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin mövqeyi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Apellyasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə tam uyğun olaraq təqdim edilmişdir. Belə ki, şikayət "Elektron məhkəmə" informasiya sistemindəki elektron kabinet vasitəsilə (ekran görüntüsü qoşma kimi əlavə olunacaqdır) və “ASAN” Imza (gücləndirilmiş elektron imza) ilə imzalanaraq sistemə yerləşdirilmişdir. Şikayət "Elektron Məhkəmə" informasiya sisteminə elektron sənəd kimi daxil olmuş və sistem tərəfindən qəbul edilmişdir.

12. 2026-cı il # ##### tarixində "Elektron məhkəmə" informasiya sisteminə daxil edilmiş apellyasiya şikayəti sadalanan qoşmalardan ibarət olmuşdur: apellyasiya şikayətinin surəti; dövlət rüsumunun qəbzi; order və etibarnamənin surəti; şikayətin elektron forması. Bu forma sistemin özündə yaradılmış, müvafiq bölmələr doldurulmuş və “ASAN” Imza vasitəsilə imzalanaraq "Elektron məhkəmə" sisteminə yerləşdirilmişdir. Həmin forma elektron kabinetdə bu gün də öz əksini tapmaqdadır (elektron sistem üzərindən qoşma kimi yüklənmiş apellyasiya şikayətinin “pdf” forması). Elektron şikayətin məzmununu, hüquqi əsaslarını və tələbini ətraflı izah edən müşayiətedici sənədin kağız nüsxəsi əvvəlcə fiziki imzalanmış, ardınca “pdf” formatına çevrilmiş və “ASAN” Imza vasitəsilə imzalanaraq sistem üzərindən elektron qaydada qoşma kimi əlavə edilmişdir. Apellyasiya məhkəməsi yalnız qoşmadakı “pdf” sənədin fiziki imza daşıdığını əsas götürmüş, lakin əsl apellyasiya şikayətinin, yəni elektron kabinet vasitəsilə “ASAN” Imza ilə imzalanaraq yerləşdirilmiş elektron formanın mövcudluğunu nəzərə almamışdır.

13. Qoşma kimi əlavə olunmuş “pdf” surətin fiziki imza daşıması isə əsas şikayətin elektron mahiyyətini dəyişdirmir, həmçinin qoşma sənəd elektron sistemə məhz “ASAN” imza ilə əlavə edilmişdir.

14. Apellyasiya məhkəməsi şikayətin elektron sistemdə mövcud olan formasını tam araşdırmadan, yalnız qoşma sənəd əsasında mümkünlük barədə yanlış qərar vermişdir.

15. Kassator şikayətinin digər bölməsində bildirir ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə əsasən, isə elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan istifadə edilir. “ASAN” Imza isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gücləndirilmiş elektron imza statusuna malikdir. Beləliklə, apellyasiya şikayəti yuxarıda göstərilən hər iki tələb ödənilməklə, yəni elektron kabinet vasitəsilə və gücləndirilmiş elektron imza ilə imzalanmaqla təqdim olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. ...”

“Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. ...”

“Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməlidir.

20. Belə ki, apellyasiya məhkəməsi iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytararkən ona əsaslanmışdır ki, prosessual qanunvericiliyin tələbinə zidd olaraq, şikayət elektron deyil, fiziki qaydada imzalanmışdır

21. Məhkəmənin həmin nəticəsini mübahisələndirən iddiaçının dəlili ondan ibarətdir ki, şikayət “Elektron məhkəmə" informasiya sistemindəki elektron kabinet və “ASAN” Imza ilə imzalanaraq sistemə yerləşdirilmişdir. Şikayət "Elektron Məhkəmə" informasiya sisteminə elektron sənəd kimi daxil olmuş və sistem tərəfindən qəbul edilmişdir.

22. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, hazırda “Elektron məhkəmə” informasiya sistemindən iddiaçının Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin elektron qaydada nümayəndəsi və vəkili tərəfindən imzalandığı müəyyən olunur. Apellyasiya məhkəməsi isə apellyasiya şikayəti verilən vaxt elektron sistemdə texniki nasazlığın mövcud olması ilə bağlı məqamları aydınlaşdırmamışdır.

23. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ##### tarixli Qərarı).

24. Həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar).

25. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməlidir. Iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 2025-ci il ## #### tarixli e- *-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaydada imzalanaraq verildiyindən, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərar aldı: Iddiaçı “xxxx” Şirkətinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli *- *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar