Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-426/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 (bundan sonra-“cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 93,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79459,45 manat kredit borcunun; ##.##.2023-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 56,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122994,94 manat kredit borcunun, 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2023-cü il ## ###### tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 82,07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 148920,56 manat kredit borcunun, 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tutmanın cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## #### tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 75095,65 manat əsas borc, 1280,49 manat faiz borcu, 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2023-cü il ## ###### tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 8474,53 manat faiz borcu, 56,72 manat cərimə, 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 8590,24 manat faiz borcu, 82,07 manat cərimə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 72 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat olmaqla, cəmi 346608,79 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh1 məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq cavabdeh1 və cavabdeh2 qaytarılması, ipoteka predmetləri olan, ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 288000 manat, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 98,40 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 1,60 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 manat pulun 590,60 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 9,40 manat hissəsinin isə iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Axundova). 3.Cavabdeh cavabdeh3 MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün tərəflərindən ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). 5.Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya şikayətinin Elektron Məhkəmə Informasiya Sistemində kim tərəfindən imzalandığı müəyyən olunmur. 6.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il ## #### tarixli 17 N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: Informasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il ## ###### tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. Informasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl Informasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. 7.“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda Informasiya Sistemi həmin sənədi Informasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. 8.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. 9.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
10. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
11. Məhkəmə apellyasiya şikayətinin mümkün olmaması nəticəsinə gəlsə də, bu qənaətin əsasını təşkil edən konkret faktiki halları ətraflı açıqlamamışdır. Qərardadda əsasən qanunvericiliyin və elektron məhkəmə sistemindən istifadə qaydalarının müddəaları sadalanmış, lakin elektron imzanın niyə identifikasiya edilmədiyi, hansı konkret çatışmazlığın mövcud olduğu və ya şikayətin hansı forma tələblərinə cavab vermədiyi dəqiq göstərilməmişdir. Bu səbəbdən məhkəmənin nəticəsi faktiki olaraq apellyasiya şikayətinin müəllifinin elektron imza vasitəsilə müəyyən edilməsinin mümkün olmaması arqumentinə əsaslanmışdır.
12. Məhkəmənin gəldiyi nəticə işin materialları ilə təkzib olunur və məhkəmənin özünün əvvəlki prosessual hərəkətləri ilə ziddiyyət təşkil edir. Belə ki, iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin eyni iş üzrə 2025-ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qərardadı mövcuddur. Həmin qərardadla cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş hazırki apellyasiya şikayəti mümkün hesab edilmiş, işin mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası təyin edilmişdir Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, həmin qərardad hazırda mübahisələndirilən qərardadı qəbul etmiş eyni məhkəmə tərkibi tərəfindən qəbul edilmişdir. Belə olan halda eyni apellyasiya şikayətinin, eyni iş materialları əsasında, eyni məhkəmə tərkibi tərəfindən əvvəlcə mümkün hesab edilməsi, sonradan isə həmin şikayətin kimliyinin müəyyən edilməməsi əsası ilə qeyri-mümkün sayılması ziddiyyət yaradır və məhkəmənin gəldiyi nəticənin ardıcıl, məntiqi və əsaslandırılmış olmadığını göstərir.
13. Əgər apellyasiya şikayətinin kim tərəfindən imzalanması həqiqətən müəyyən edilmirdisə, həmin hal 2025-ci il ## #### tarixli qərardad qəbul edilərkən də mövcud olmalı idi. Bu halda məhkəmə şikayəti mümkün hesab edə və onun mahiyyəti üzrə baxılmasını təyin edə bilməzdi. Əksinə, əgər şikayətini imzalayan şəxs müəyyən edilmiş və şikayət mümkün sayılmışdırsa, sonradan eyni sənəd üzrə hər hansı yeni fakt və ya prosessual dəyişiklik göstərilmədən onun kim tərəfindən imza edilməsinin müəyyən olunmaması barədə nəticəyə gəlinməsi hüquqi və məntiqi baxımdan əsaslandırılmış hesab edilə bilməz.
14. Məhkəmənin apellyasiya şikayətinin ümumiyyətlə müəyyən edilməməsi barədə gəldiyi nəticə iş materialları ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsinin elektron iş materiallarında 54-cü sırada cavabdeh cavabdeh3 MMC tərəfindən təqdim edilmiş apellyasiya şikayəti qeydə alınmışdır. Həmin sənəd “Elektron məhkəmə” informasiya sistemində iş üzrə prosessual sənəd kimi qeydiyyata alınmış və iş materiallarının tərkib hissəsinə daxil edilmişdir.
15. MPM-in 361.1.1, 417.1.3-cü maddələri üzrə- məhkəmə apellyasiya şikayətinin mümkün olmaması nəticəsinə gəlsə də, bu qənaətin əsasını təşkil edən konkret faktiki halları ətraflı açıqlamamışdır. Qərardadda əsasən qanunvericiliyin və elektron məhkəmə sistemindən istifadə qaydalarının müddəaları sadalanmış, lakin elektron imzanın niyə identifikasiya edilmədiyi, hansı konkret çatışmazlığın mövcud olduğu və ya şikayətin hansı forma tələblərinə cavab vermədiyi dəqiq göstərilməmişdir. Bu səbəbdən məhkəmənin nəticəsi faktiki olaraq apellyasiya şikayətinin müəllifinin elektron imza vasitəsilə müəyyən edilməsinin mümkün olmaması arqumentinə əsaslanmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Maddə 361. Apellyasiya şikayətinin məzmunu ... 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. ...” “Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
21. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən iki hala; 1. apellyasiya şikayətinin «Elektron Məhkəmə Informasiya Sistemi»ndə kim tərəfindən imzalandığının müəyyən edilməməsinə; 2. apellyasiya şikayətinin MPM-nin * saylı Əlavəsi ilə müəyyən olunmuş formada tərtib olunmamasına istinad etmişdir.
22. Birinci halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin elektron qaydada imzalanıb-imzalanmaması məsələsinə qiymət veriməsi hüquq normasının tətbiqi ilə bağlı olmadığından, bununla bağlı «Elektron Məhkəmə Informasiya Sistemi» ilə bağlı məsələlərdə səlahiyyətli strukturun rəyinin alınması zəruridir. Lakin işin materiallarından, sözügedən mübahisəli məsələnin düzgün qiymətləndirilməsi üçün aidiyyəti üzrə rəyin alındığı müəyyən edilmir.
23. Kassasiya baxışı zamanı, iş üzrə mübahisəli olan həmin halın aydınlaşdırılması məqsədilə Ali Məhkəmənin «Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsi»ndən təqdim olunmuş ## #### 2026-cı il tarixli arayışda (rəydə) göstərilmişdir ki, Məhkəmə-Hüquq Şurası ilə birlikdə aparılmış araşdırmanın nəticəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən elektron kabinet vasitəsilə verilmiş ## ### 2025-ci il tarixli apellyasiya şikayəti vəkil Vəkil tərəfindən elektron imza ilə imzalanaraq birinci instansiya məhkəməsinə göndərilmiş, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və "Elektron məhkəmə" informasiya sistemində müvafiq sənəd nömrəsi ilə qeydiyyata alınmışdır.
24. Göründüyü kimi, apellyasiya şikayətinin elektron qaydada imzalanmaması əsası ilə qeyri-mümkün hesab edilməsi üçün prosessual əsas olmamış, məhkəmə tərəfindən MPM-nin 366-cı maddəsi düzgün tətbiq edilməmişdir.
25. Ikinci halla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər MPM-nin 361-ci maddəsində, eləcə də MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktlarından verilmiş apellyasiya şikayətinin qeyd olunan forma və məzmun tələblərinə cavab verib-verməməsi qiymətləndirilərkən nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin forması kimi müəyyən edilən bütün qrafalar üzrə pozuntuların qeyd olunmasını tələb etmir. Apellyator yalnız pozuntu kimi gördüyü halları apellyasiya şikayətində qeyd etməlidir. 27.Baxılan işdə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh hansı sübutlara düzgün qiymət verilmədiyini, maddi hüquq normalarının tələblərinin pozulduğunu göstərmişdir. Şikayətin dəlillərindən aydın müəyyən etmək olur ki, apellyator qətnamənin hansı hissələri ilə razı deyil.
28. «.. şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il ## ##### tarixli Qərarı). 29.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, cavabdehin apellyasiya şikayətinin mümkünlüyü yenidən qiymətləndirilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti təmin olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 30.Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq
qərara alır:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.