Məhkəmə qərarları › İş №e-2-2(1-8)-499/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-499/2026

20.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-499/2026 20.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı XXX Ictimai Birliyinin cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı XXX Ictimai Birliyinin cavabdeh cavabdeh1 qarşı “protokolların və torpağın istifadəyə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdehin əmlakdan çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDI:

1. Iddiaçı XXX Ictimai Birliyi (bundan sonra – “iddiaçı” və ya “Cəmiyyət”) cavabdeh cavabdeh1 qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cəmiyyətin ## ####### 2011-ci il və ## ### 2013-cü il tarixli protokollarının, habelə cavabdehin adına verilmiş ## ###### 2013-cü il tarixli, JN- ****** saylı, 01000003 kodlu “Torpağın istifadəyə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci Mədən küçəsində yerləşən və iddiaçının mülkiyyətində olduğunu bildirdiyi əmlakdan çıxarılması və həmin əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Cəmiyyətin istifadəsinə verilmiş, həmin ərazidə Cəmiyyətə məxsus tədris-istehsalat müəssisəsi fəaliyyət göstərmişdir. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri ilə bağlı mövcud olmuş hüquqi vəziyyətə baxmayaraq, özünü Cəmiyyətin prezidenti kimi təqdim edən Tapdıq Xalıqovun iştirakı ilə ## ####### 2011-ci il və ## ### 2013-cü il tarixli protokollar tərtib edilmiş və Cəmiyyətin * saylı Tədris-Istehsalat Müəssisəsinin ərazisində yerləşən istehsalat sahəsindən cavabdehin xeyrinə imtina edilmişdir. Həmin protokollar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş, Cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi onun Nizamnaməsinə zidd olmuş, protokolların və digər sənədlərin həqiqiliyinə dair əsaslı şübhələr mövcuddur. Həmçinin cavabdehin adına verilmiş JN-****** saylı şəhadətnamənin verilməsinə əsas olan sənədlər aidiyyəti dövlət qurumunun arxivində aşkar edilməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir (hakimi Fərid Hətəmzadə).

4. Məhkəmənin mövqeyinə görə iddiaçı təşkilati-hüquqi formasına görə qeyrikommersiya hüquqi şəxsidir. Qanunvericilik qeyri-kommersiya qurumlarına qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və həmin fəaliyyətdən irəli gələn mübahisələr üzrə kommersiya mübahisəsinin subyekti olmaq imkanı versə də, bunun üçün iddia tələbi bilavasitə sahibkarlıq fəaliyyətindən irəli gəlməlidir. Hazırkı işdə isə protokolların və torpağın istifadəyə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdehin əmlakdan çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi tələblərinin iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən edilmir. Məhkəmə, həmçinin cavabdehin fərdi sahibkar kimi vergi uçotunda olmasının özözlüyündə

5. mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq etmədiyini qeyd etmişdir. Məhkəmənin qənaətinə görə, tərəflər arasında yaranmış münasibətlərin bilavasitə onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmasını təsdiq edən yetərli dəlillər təqdim edilmədiyindən, kommersiya mübahisəsini xarakterizə edən predmet və hüquq münasibətinin xarakteri meyarlarının mövcudluğu müəyyən olunmur.

6. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 2011-ci il ## ####### və 2013-cü il ## ### tarixli protokollarla təkcə torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən və iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi istehsalat müəssisəsi də cavabdehə verilmişdir. Iddiaçı həmin tikilidən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etmiş, mübahisəli əmlak da öz təyinatına görə istehsalat müəssisəsi olmuşdur. Protokollarda tikili və torpaq sahəsinin cavabdehə sahibkarlıq fəaliyyəti göstərilməsi məqsədilə verildiyi görünür, cavabdeh isə hazırda həmin istehsalat müəssisəsini icarəyə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Iddia ərizəsinə əlavə edilmiş protokollar, inşaat pasportu və digər sənədlər mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edir.

8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli əmlakın “istehsalat müəssisəsi” olması barədə dəlil iş materialları ilə təsdiq edilmir. Cavabdehin adına verilmiş ## ###### 2013-cü il tarixli JN-****** saylı şəhadətnamə torpaq sahəsinə aiddir və həmin torpaq sahəsi üzərində istehsalat müəssisəsinin və ya digər tikilinin mövcudluğu təqdim edilmiş sübutlarla təsdiq olunmur.

10. Məhkəmə, həmçinin cavabdehin əmlakı icarəyə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə mötəbər sübut təqdim edilmədiyini, hətta belə halın mövcudluğu fərziyyə olaraq qəbul edilsə belə, bunun mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün yetərli olmadığını göstərmişdir. Məhkəmənin mövqeyinə görə, cavabdehin torpaq sahəsindən gəlir əldə etmək məqsədilə istifadə etməsi əsas tələblərin – daxili protokolların və şəhadətnamənin etibarsızlığı, əmlakın geri qaytarılması tələblərinin mülkiəşya xarakterini dəyişdirmir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”

“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.1. Işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

14. Subyekt tərkibi baxımından hazırkı işin kommersiya mübahisəsinə aid edilməsi üçün hər hansı maneə mövcud deyildir. Belə ki, iddiaçı qeyri-kommersiya hüquqi şəxsi olan ictimai birlik, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli ** nömrəli Qərarının 22-ci bəndində qeyd edilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

16. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

17. Belə ki, iddianın əsasını Cəmiyyətə məxsus əmlak üzərində sərəncam verilməsinə dair ## ####### 2011-ci il və ## ### 2013-cü il tarixli protokolların səlahiyyəti olmayan şəxslər tərəfindən qəbul edildiyi, həmin sənədlər əsasında cavabdehin mübahisəli əmlaka qanunsuz sahib olduğu təşkil edir. Iddianın predmeti isə həmin protokolların və cavabdehin adına verilmiş “Torpağın istifadəyə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsindən, cavabdehin mübahisəli əmlakdan çıxarılması və həmin əmlakın iddiaçıya təhvil verilməsindən ibarətdir.

18. Göründüyü iddiaçı tərəfindən irəli sürülmüş tələblər əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Bu tələblər heç bir müqavilə öhdəliyi və sahibkarlıq fəaliyyətindən irəli gəlməyib və sırf mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı qərarınının 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.

20. Beləliklə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu isə mübahisənin kommersiya məhkəməsində baxılmasını istisna edən haldır. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsi iddia ərizəsinin həmin məhkəməyə aid olmaması barədə düzgün nəticəyə gəlmişdir.

21. Şikayətdə göstərilən dəlillər isə mübahisənin kommersiya məhkəməsinə aid edilməsinə əsas vermədiyinə görə əsassızdır. Belə ki, şikayətdə mübahisəli ərazidə istehsalat müəssisəsinin yerləşdiyi və həmin müəssisənin iddiaçı və cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edildiyi göstərilsə də, iddianın əsasını bu hallar təşkil etməmişdir. Yəni iddia ərizəsində mübahisələndirilən protokollar əsasında qəbul edilən qərarlar nəticəsində Birliyin sahibkarlıq fəaliyyətinə maneçiliyin yaradılması və s. bununla bağlı hallar göstərilməmiş və iddianın əsasını yalnız əşya hüququnun müdafiəsi təşkil etmişdir. Məhkəmə aidiyyəti də iddiaçının öz tələblərinin əsasını təşkil edən hallara görə müəyyən edilən hüquq münasibətlərinin xarakteri, habelə iddianın predmetinə görə müəyyənləşdirilir.

22. Məhkəmə tərkibi qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

23. Şərh edilənləri və MPM-nin 24, 25, 26 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

QƏRARA ALDI:

Iddiaçı XXX tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar