Məhkəmə qərarları › İş №e-2-2(1-8)-614/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-614/2026

26.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-614/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati kollegiyalarının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və Inzibati kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10706 manat borc və gecikdirilmiş hər gün üçün ümümi məbləğ 1 faiz olmaqla 94 gün üçün hesablanmış 10063 manat cərimə, 160 manat dövlət rüsumu və vəkilə ödənilmiş 700 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatət onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti tərəflər arasında bağlanmış 2025-ci il # ###### tarixli alqı-satqı müqaviləsindən irəli gələn pul tələbi ilə bağlıdır. Iddiaçı fiziki şəxsdir və mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış kommersiya münasibətlərindən irəli gəlmir. Mübahisənin əsasını təşkil edən hüquq münasibətləri mülki xarakter daşıdığından, işin kommersiya məhkəməsində baxılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər mövcud deyildir.

3. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.

4. Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, işin baxılmaq üçün ümumi məhkəməyə göndərilməsini, əks təqdirdə məhkəmə aidiyyəti məsələsinə baxılmaq üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş, buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı işdə iştirak edən şəxslərin subyektiv tərkibi (iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar), mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisəyə hazırkı məhkəmədə baxılmalı və cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməlidir.

Şikayət

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin predmeti tərəflər arasında 2025-ci il # ###### tarixində bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn pul tələbindən ibarətdir. Mübahisə predmetini təşkil edən məhsullar otelin kommersiya fəaliyyəti çərçivəsində müştərilərə təqdim olunması məqsədilə deyil, müəssisənin işçilərinin qidalanmasının təmin edilməsi üçün alınmışdır. Bu səbəbdən həmin məhsulların əldə edilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kommersiya əməliyyatı kimi deyil, hüquqi şəxsin daxili təsərrüfat və şəxsi istehlak ehtiyaclarının təmin edilməsinə yönəlmiş mülki-hüquqi münasibət kimi qiymətləndirilməlidir. Belə olan halda, mübahisəli hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bilavasitə bağlı olmadığından, bu mübahisənin kommersiya məhkəməsində baxılması üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi əsaslar mövcud deyildir. Mübahisənin əsasını mülki xarakterli hüquq münasibətləri təşkil etdiyindən, işə ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə tərəflər arasında mövcud olan hüquq münasibətlərinin xarakterini düzgün qiymətləndirməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Iddiaçı şikayətə etiraz ünvanlayaraq göstərmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibəti sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində yaranmışdır. Bağlanmış alqı-satqı müqaviləsinin predmeti cavabdehin otel fəaliyyəti çərçivəsində istifadə etdiyi ərzaq məhsullarının mütəmadi olaraq ona satılması və təhvil verilməsindən ibarət olmuşdur. Mallar uzun müddət ərzində davamlı qaydada cavabdehə təqdim edilmiş, həmin mallara görə elektron qaimələr tərtib edilmiş və cavabdeh tərəfindən mütəmadi ödənişlər həyata keçirilmişdir. Bu münasibətlər birdəfəlik şəxsi istehlak məqsədli alqı-satqı deyil, davamlı xarakter daşıyan kommersiya münasibətləridir. Cavabdehlə malların sifarişi və istifadəsi ilə bağlı aparılmış danışıqlar zamanı alınmış ərzaq məhsullarının otelə gələn müştərilərə servis edildiyi bildirilmişdir. Bu halları təsdiq edən WhatsApp yazışmaları mövcuddur və həmin yazışmalar məhkəməyə sübut kimi təqdim olunur.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-ci bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...”

Ali Məhkəmənin mövqeyi

11. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir.

12. MPM-in 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq isə işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, MPM-in 26.1-ci maddəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrə dair işlərə kommersiya məhkəmələrinin baxdığını təsbit edir.

13. Məhkəmə hesab edir ki, mübahisənin hansı məhkəmənin aidiyyətinə daxil olmasının müəyyən edilməsi zamanı yalnız tərəflərin formal subyektiv tərkibi deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin mahiyyəti əsas meyar kimi qiymətləndirilməlidir. Bu baxımdan, mübahisənin kommersiya xarakterli hesab olunması üçün onun hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı olması zəruridir.

14. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq qarışıq məhkəmə tərkibi qeyd edir ki, işdə olan 2025-ci il # ###### tarixli alqı-satqı müqaviləsini imzalayan iddiaçı fərdi sahibkar kimi müqaviləni bağlamış və müqavilədə VÖEN məlumatları da qeyd olunmuşdur. Işin faktiki hallarından da aydın olur ki, iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, tərəflər arasında qida (ərzaq) məhsullarının alqı-satqısı həyata keçirilmiş və bunun şəxsi istehlak üçün istifadə olunduğu sübuta yetirilməmişdir. Əksinə, aparılan əməliyyatlar göstərir ki, müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Iddiaçı tərəfin məqsədi isə kommersiya gəliri əldə etmək olmuşdur.

16. Belə olan halda, tərəflər arasında yaranmış münasibətlər kommersiya hüquq münasibəti olduğundan və mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

17. Qarışıq məhkəmə tərkibi onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş şikayətə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

18. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə aid olan normalar hazırkı mübahisəyə tətbiq olunmaqla doğru nəticəyə gəlinmişdir. Cavabdehin şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil.

19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar