Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-651/2026 04.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Ilk iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı və qarşılıqlı iddiaçı cavabdeh1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, ilk iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair və qarşılıqlı iddiaçı cavabdeh1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(*- **)-****/**** nömrəli qərardadından cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 2023-cü il ## ####### tarixində bağlanmış **/** saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş qiymət razılaşma protokolu əsasında yaranmış 78.769,4 manat məbləğində vəsait, 7.876,94 manat cərimə və ödənilmiş 350 manat rüsum olmaqla, cəmi 86.996,34 manat pulun cavabdehdən (VÖEN: **********) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Eyni zamanda cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən satılmış keyfiyyətsiz məhsula görə vurulmuş 30.000 manat maddi zərərin müəssisəyə ödənilməsi, hazırda keyfiyyətsiz formada anbarda mal qalığı olan 15.000 manat məbləğində məhsulun müəssisəyə qaytarılması və ödənilmiş dövlət rüsumunun müəssisəyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən onlara satılmış 59.746,13 manat məbləğində olan keyfiyyətsiz məhsulun iddiaçı müəssisəyə qaytarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
4. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – Z.Axundova).
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vəsatətlə müraciət etsə də, məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmamışdır. Halbuki tərəfin məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırması Mülki Prosessual Məcəllənin 32.2-ci maddəsinin tələbidir. Eyni zamanda hazırkı işdə iştirak edən şəxslərin subyektiv tərkibi (iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar), mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla (mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir), məhkəmə mübahisəyə hazırkı məhkəmədə baxılması və vəsatətin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlmişdir.
7. Cavabdeh həmin qərardaddan şikayət verərək, mülki işin aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Axundova).
Şikayətin dəlilləri
9. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16 və 17-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 39, 45.1 və 45.2-ci maddələri üzrə bildirilir ki, hazırkı işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmə baxılmalıdır.
Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının (bundan sonra – “Plenum qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
Ali Məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Mülki Prosessual Məcəllənin 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Iş materiallarından məlum olur ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkardır. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması üçün hər hansı hüquqi maneə mövcud deyildir.
16. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə əlaqədar qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Hazırkı iş üzrə iddia ərizələri və iş materiallarından müəyyən olunanlara görə, mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. Həmçinin müqavilənin predmeti olan malların (sürtgü yağlarının) təyinatlarının eyni, miqdarlarının isə çox olması cavabdehin həmin malları şəxsi istehlak məqsədilə almadığını göstərir. Digər tərəfdən cavabdeh özünün təqdim etdiyi qarşılıqlı iddia ərizəsində də tələbini əsaslandırarkən, həmin malları satmaq məqsədilə aldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh özü də mübahisənin tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyini inkar etməmişdir. Eləcə də, cavabdehin imzası ilə təsdiq edilmiş mübahisəli müqavilədə və qiymət razılaşdırma protokollarında onun VÖEN-i də göstərilmişdir. Bundan başqa, cavabdeh şikayətində işin ümumi məhkəməyə göndərilməsini xahiş etsə də, bununla bağlı hər hansı əsaslı arqument irəli sürə bilməmişdir.
18. Qarışıq məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd edilənlər tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna dəlalət edir. Bu da işə mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmasının davam etdirilməsini zəruri edir.
19. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi hazırkı mübahisə üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini nəzərə almaqla belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.6, 403- 1.7, 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Cavabdeh cavabdeh1 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.