Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-140/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdehə qarşı “4.500 manat məbləğində pul” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 26 dekabr tarixli e-2-2(121)-4075/2024 nömrəli qərardadına əsasən, Cəbrayıl Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Cəbrayıl Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 6 sentyabr tarixində Cavabdeh (bundan sonra - "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.500 manat və dövlət rüsumu olaraq ödənilmiş 180 manat məbləğində pulun məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X3 ilə birlikdə Bakı şəhərində mebel sexi yaradıb birgə fəaliyyət göstərmək qərarına gələrək işə başlamışlar. İşin maliyyə tərəfi A.Əliyev tərəfindən görülərək birgə işə 30.000 manat pul qoyulmuş, ilin sonunda iş uğurlu alınmadığından iddiaçının A.Əliyevə 30.000 manat borcu yaranmışdır. İddiaçı həmin borcun 14.000 manat hissəsini notarial qaydada, 16.000 manat hissəsini isə məhkəmə qaydasında A.Əliyevə qaytarmışdır. İddiaçı borclu olduğu pulu qaytararkən həmin puldan 4.500 manat hissəsini X2 tapşırığı və göstərişi ilə cavabdehə vermişdir. İddiaçını cavabdehlə A.Əliyev tanış etmiş və cavabdeh A.Əliyevin adamı olduğunu bildirərək iddiaçıdan hədə-qorxu gələrək pul tələb etmişdir. İddiaçı cavabdehin göstərişi ilə 1.000 manat pulu xalası oğlu kimi təqdim etdiyi şəxsə Bayıl ərazisində, 1.000 manat pulu şəxsən özünə, 2.500 manat pulu isə cavabdehin tapdığı ilə onun tanışı olan X1 adına Bakı şəhərində Kapital Bankdan kredit götürərək iddiaçı tərəfindən ödənilməklə ümumilikdə 4.500 manat pulu cavabdeh vasitəsi ilə A.Əliyevə ödəmişdir. Qax Rayon Məhkəməsində isə A.Əliyev iddiaçıdan 16.000 manat pul tələb edərkən cavabdehin ona pul vermədiyini bildirmişdir. Lakin cavabdeh A.Əliyevin adından hərəkət etmiş və iddiaçıdan A.Əliyev üçün 4.500 manat pulu almışdır. Yekunda iddiaçı A.Əliyevə yenidən həmin 4.500 manat pulu ödəməli olmuşdur. Yuxarıda qeyd edilənlərdən birbaşa olaraq görünür ki, cavabdeh iddiaçıdan A.Əliyevə vermək adı ilə 4.500 manat pul almış və hazırda iddiaçının pulunu geri qaytarmayaraq A.Əliyevə verdiyini bildirir. Hesab edir ki, 4.500 manat pul cavabdehdən məcburi qaydada alınaraq ona ödənilməlidir.
3. Cəbrayıl Rayon Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli e-2(072)-681/2024 nömrəli qərard adı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – T.Nüsrətov).
4. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadırlar, yəni iddiaçı (VÖEN: **********) və cavabdeh (VÖEN: 1********) fərdi sahibkar statusu olan fiziki şəxslərdir. Bundan başqa, tələb edilən pul məbləği məhz birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə qoyulmuş kapitaldır. Mübahisənin predmetini istehlak münasibətlərindən irəli gələn tələb təşkil etmir. Bundan başqa, iddia edildiyi kimi, cavabdeh (fərdi sahibkar) birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə kapital qoyulmuş və tələb edilən pul məbləğinin geri qaytarılmasında tapşırıq əsasında iştirak etmişdir. Mübahisə tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir, baxmayaraq ki, cavabdeh (fərdi sahibkar) tələb edilən pul məbləğinin geri qaytarılmasında tapşırıq əsasında vəkalət alan şəxs qismində iştirak etmişdir. Mülki qanunvericiliyə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər və vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tələb üzrə mübahisə tərəflərdən yalnız b irinin deyil, ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir.
5. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat
6. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 26 dekabr tarixli e-2-2(121)-4075/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – Z.Abbasov).
7. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işin tərəflərin birgə və ya ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması mübahisəlidir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlərə əsasən qeyd etmişdir ki, hazırkı mübahisənin tərəflərinin hər ikisi fərdi sahibkar statusuna malikdirlər. Lakin baxılan işin predmetinin və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün ilk növbədə işin hazırkı vaxta kimi müəyyən edilmiş faktiki halları qiymətləndirilməlidir. İddia ərizəsinin məzmununa, iddiaçının izahatına və işdə olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı bir müddət birgə biznes fəaliyyəti ilə məşğul olduğu şəxsə (şərti olaraq “üçüncü şəxs”) həmin fəaliyyət nəticəsində yaranmış borcunu ödəmək məqsədi ilə cavabdehə və cavabdehin göstərdiyi digər şəxslərə ümumilikdə 4.500 manat məbləğində pul verdiyini, lakin sonradan cavabdehin həmin pulu üçüncü şəxsə vermədiyini öyrəndiyini, bunun la əlaqədar şikayət ərizəsi ilə polisə müraciət etdiyini, üçüncü şəxsin də başqa məhkəmə prosesində verdiyi izahatında cavabdeh tərəfindən ona həmin pulun verilmədiyini bildirdiyini, cavabdehin üçüncü şəxsə vermək adı ilə iddiaçıdan 4.500 manat pul almasına baxmayaraq pulu qaytarmadığını bildirmişdir.
8. Beləliklə, işin iddiaçı tərəfindən bildirilən və işdə olan sənədlərlə təsdiq olunan faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, iş üzrə iddiaçı və cavabdeh arasında hər hansı bir əqddən irəli gələn hüquq münasibəti mövcud olmamışdır, iddiaçının cavabdehə qarşı hazırkı tələbinin faktiki halları isə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlir. Buna görə də qeyd etmək olar ki, baxılan iş üzrə mübahisənin pr edmetini cavabdehin heç bir müqavilə və ya digər hüquqi əsas olmadan iddiaçıdan pul alaraq əsassız varlanması nəticəsində iddiaçının pozulmuş hüquqlarının müdafiəsi və bərpası ilə bağlı subyektiv hüququ təşkil edir.
9. Məhkəmə, yuxarıda şərh olunan xüsusatları nəzərə almaqla mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən əsas və həlledici meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd etmişdir ki, tərəflərin mübahisə predmeti ilə əlaqədar hüquq münasibətlərinə daxil olarkən güddükləri niyyət və məqsədləri onların istər ayrı-ayrı, istərsə də birgə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsinə yönəlməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə iddiaçı tərəfindən ödənilən pul vəsaitinin üçüncü şəxslə birgə sahibkarl ıq fəaliyyəti ilə əlaqədar yaranmış borc öhdəliyinin üçüncü şəxs qarşısında icrası məqsədi daşıdığını nəzərə alaraq sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu cavabdeh haqqında söyləmək olmaz. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı pul vəsaitini cavabdehə, sonuncuya qarşı hər hansı bir öhdəliyini yerinə yetirmək üçün verməmişdir və qeyd edilməlidir ki, ümumiyyətlə iş üzrə iddiaçı və cavabdeh arasında əvvəlcədən heç bir öhdəlik hüquq münasibətləri mövcud olmamışdır. Öhdəliyin əsassız varlanma nəticəsində yarandığı ehtimal olunur ki, bu halda da həmin öhdəlik cavabdehin aldatma, hədə-qorxu və ya digər şəkildə iddiaçıdan pul vəsaitini almağa nail olması ilə baş tutmuşdur. Şərh olunanları yekunlaşdıraraq məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin baxılan iş ü zrə fəaliyyətini heç bir şəkildə onun sahibkarlıq fəaliyyəti kimi xarakterizə etmək mümkün deyildir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya mə hkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” 11. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsi nin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrı lıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 10 və 11-ci bəndlərinin (bax §§ 10-11 ) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Bununla belə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
14. İş materiallarından məlum olur ki, hazırkı mübahisənin tərəfləri fərdi sahibkar statusu olan fiziki şəxslərdir.
15. İddianın daxil olduğu Cəbrayıl Rayon Məhkəməsi fərdi sahibkarlar olan iddiaçı ilə cavabdeh arasındakı münasibətləri tapşırıq müqaviləsi çərçivəsində yaranan sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər kimi qiymətləndirmişdir.
16. Qarışıq məhkəmə tərkibi həmin mövqe ilə aşağıdakı səbəblərdən razılaşmır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
18. Beləliklə, həmin normadan aydın olur ki, mənfəət, gəlir əldə etmək məqsədi daşımayan hər hansı fəaliyyətin sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi mümkün deyildir.
19. Mülki Məcəllənin 783.2-ci maddəsində vəka lət verənin vəkalət alana muzdun ödəməli olması şərtləşdirildikdə və ya belə qəbul edilmiş olduqda, xüsusən vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağladıqda və ya xidmətlər göstərdikdə, vəkalət verən vəkalət alana belə muzdun ödəməsi nəzərdə tutulmuşdur.
20. Məsələyə bu kontekstdən yanaşdıqda, sahibkarlıq subyektləri arasındakı tapşırıq müqaviləsindən irəli gələn mübahisələrə o zaman kommersiya məhkəməsində baxıla bilər ki, vəkalət verən vəkalət alana sahibkarlıq fəaliyyəti ilə əlaqədar tapşırığın yerinə yetirilməsinə görə muzd ödəmiş və ya ödəməli olsun.
21. Hazırkı halda isə, əvvəla, iddiaçının cavabdehə pulun üçüncü şəxsə (X3) çatdırılması barədə verdiyi tapşırığın yerinə yetirilməsinə görə hər hansı muzd ödəməsi iş materiallarından görünmür.
22. Bundan başqa, i ddiaçı və cavabdehin hər ikisinin də fərdi sahibkarlar olmasına baxmayaraq, onlar arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərin, o cümlədən öhdəlik-borc münasibətlərinin mövcud olması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işdən göründüyü kimi, iddiaçı X3 (üçüncü şəxs) ilə birlikdə mebel sexi yaradıb birgə sahibkarlıq fəaliyyəti göstərmiş, sonradan həmin fəaliyyət uğursuz olmuş və iddiaçının A.Əliyevə borcu yaranmışdır. İddiaçının bildirdiklərinə görə, məhz həmin borcun hazırda mübahisələndirilən 4.500 manat hissəsini iddiaçı cavabdehin vasitəsi ilə A.Əliyevə qaytarılmasını tapşırmışdır.
23. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh hər hansı maddi maraq güdmədən, yəni iddiaçıdan hər hansı gəlir əldə etmədən, sa dəcə vasitəçi kimi qeyd olunan pulu üçüncü şəxsə çatdırmalı idi. İş materiallarından görünür ki, iddiaçı cavabdehlə yox, üçüncü şəxslə birlikdə sahibkarlıqla məşğul olmuşdur.
24. Cəbrayıl Rayon Məhkəməsi isə qeyd olunan xüsusatları nəzərə almamış, səhv nəticəyə gələrək iddiaçı ilə cavabdehin arasında olan münasibətlərə sahibkarlıq münasibətləri kimi qiymət vermişdir.
25. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır.
26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının Cavabdehə qarşı “4.500 manat məbləğində pul” tələbinə dair mülki iş baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın.