Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-571/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 16 avqust tarixli e-2-2(115)-1594/2024 nömrəli qərardadından iddiaçı tərəfindən ve rilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin direktoru olan cavabdehin iddiaçıya vurduğu 30.000 manat zərər, 325 manat vəkilə ödənilən pul və 180 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 16 avqust tarixli e-2-2(115)1594/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – R.Qələndərzadə).
3. Məhkəmə qeyd etmişdir ki, “elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan müəyyən olunanlara görə, cavabdeh müvafiq icra hakimiyyəti orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmamış və sahibkarlıq fəaliyyətinin subyekti deyil. Bu səbəbdən, məhkəmə işin kommersiya məhkəməsində baxılmalı olmadığı qənaətinə gəlmişdir.
4. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv olunması və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 avqust tarixli e-2-2(115)1594/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərardad qüvvədə saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qələndərzadə).
6. Məhkəmə əvvəlki mövqeyini bir daha vurğulamış və şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin kommersiya məhkəməsində baxılmas ı üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işdə isə cavabdeh vergi ödəyicisi olmamış, belə olan halda işin kommersiya məhkəməsinə aid olması üçün subyektiv tərkib ödənilməmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
7. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci, Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 9.1, 14.2, 26.1, 77.1 və 88-ci maddələrinin pozulduğunu və ya düzgün tətbiq edilmədiyini vurğulayır, həmçinin qeyd edir ki, iddiaçı paltarların alqı-satqısı ilə məşğul olur. O, 2022-ci ildə XX adı altında fəaliyyətə başlayan ticarət mərkəzində paltarların alqısatqısı ilə məşğul olmaq məqsədilə ticarət mərkəzinin müdiriyyətinə müraciət etmiş, 2022-ci ilin may ayının əvvəlində fəaliyyətə başlamış, 2022-ci il 23 noyabr tarixində isə 23/11-10 nömrəli subicarə müqaviləsi bağlayaraq ikinci mərtəbədə 60 kv. metrlik yeri rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı 2023-cü il 30 oktyabr tarixində 23/11-9 nömrəli subicarə müqaviləsi bağlayaraq birinci mərtəbədə 90 kv. metrlik yer götürərək fəaliyyətini orada davam etdirmişdir. Bir müddət sonra cavabde h tərəf iddiaçının iştirakı olmadan, iddiaçıya məxsus mağazanı sökmüş və malları çölə tökmüşdür. Beləliklə, cavabdeh etdiyi qanunsuz əməlləri nəticəsində iddiaçıya təxmini 30.000 manat civarında ziyan vurmuşdur. İddiaçı cavabdehə vurduğu zərərin əvəzinin ödənilməsi üçün müraciət etsə də, müraciətə əhəmiyyət verilməmişdir. Göründüyü kimi, iddiaçı XX adı altında fəaliyyətə başlayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və iş üzrə iddiaçı və qarşı tərəfin fəaliyyəti sahibkarlıq fəaliyyətidir. b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəməl ər arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə v erilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.”
10. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və işə mahiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
12. MPM-in 26.1-ci maddəsinin (bax § 10) tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahi sələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 9) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
14. İş materiallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətin i həyata keçirmək məqsədilə cavabdehin direktoru olduğu şirkətdən subicarə müqavilələri əsasında qeyri-yaşayış sahəsi icarəyə götürmüş və orada gəlir götürmək məqsədilə paltarların alqı-satqısı ilə məşğul olmuşdur.
15. İddiaçının təqdim etdiyi iddiaçı (icarəyə götürən) ilə cavabdehin direktoru olduğu şirkət (icarəyə verən) arasında bağlanmış 2022-ci il 23 noyabr və 2023-cü il 30 noyabr tarixli subicarə müqavilələrinin surətindən də görünür ki, həmin müqavilələrin predmetini qeyri-yaşayış sahələrinin sub-icarəsi təşkil etmiş, müqavilə icarəyə verən kimi şirkətin adından onun direktoru (hazırkı iş üzrə cavabdeh) və icarəçi kimi iddiaçı tərəfindən imzalanaraq, şirkətin möhürü ilə təsdiq edilmişdir. Sözügedən müqavilələrdə icarəyə verən şirkətin və iddiaçının VÖEN-ləri göstərilmişdir.
16. Yəni hazırkı iş üzrə cavabdeh olan şirkətin direktoru mübahisəli müqaviləni öz adından deyil, şirkətindən adından imzalamış, müqavilə üzrə icarəyə verən şirkətin direktoru deyil, şirkətin özü olmuş, hazırkı mübahisə də məhz həmin müqavilə üzrə şirkət ilə iddiaçı arasında yaranan icarə münasibətlərindən irəli gəlmişdir.
17. Qarışıq məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd edilənlər iddiaçının icarə obyektini şirkətin direktorundan deyil, bilavasitə şirkətin özündən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəyə götürdüyü qənaətinə gəlməyə imkan verir. Belə olan halda, iddiaçının iddia tələbini şirkətə qarşı deyil, onun direktoruna qarşı yönəltməsinin yalnız formal xarakter daşıdığı görünür. Odur ki, cavabdehin mübahisəli müqavilə tərəfi olan şirkətin direktoru olduğunu nəz ərə alan məhkəmə tərkibi iş üzrə kommersiya məhkəməsinin mövqeləri ilə razılaşmayaraq hesab edir ki, hazırkı halda cavabdehin fərdi sahibkar statusuna malik olmaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından ümumi məhkəməyə aid edilməsi üçün hüquqi əsas ola bilməz.
18. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməlidir.
19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 4031.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 16 avqust tarixli e-2-2(115)1594/2024 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin ye rinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.