Məhkəmə qərarları › İş №e-2-2(113)-1003/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1003/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1003/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə 2101,04 manat əsas borc, 162,38 manat faiz borcu və 61,36 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2324,78 manat məbləğində pulun və ödənilmiş 43,25 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027L**********01 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 iddiaçı ilə xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit götürmüşdür. 2.2. Borcalan uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1398,96 manat ödəmiş, onun 2101,04 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 146 gün üçün hesablanmış faiz borcu 162,38 manat təşkil edir. 2.3. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024cü il tarixə 146 gün üçün hеsablanmış cərimə 61,36 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 2.4. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472.2-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8679/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək borc məbləğinə etiraz etmədiyini, maddi çətinliklərlə bağlı ödənişi həyata keçirə bilmədiyini, hissə-hissə ödəniş edə biləcəyini bildirdi.

8. Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyat ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmışdır. Lakin həmin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) və Cavabdeh2 (zamin qismində) arasında bağlanmış 19 iyul 2023cü il tarixli 027L**********01 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci hissəsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır (2.1). Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi; uzunmüddətli kredit xəttinin məbləği – 100 000 manat; kreditin maksimum müddəti 120 ay; kreditin son müddəti – kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 19 iyul 2033-cü il; FİFD-in yuxarı həddi – 30 faiz; aylıq ödənişin yuxarı həddi – 50000 manat (2.2). Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtlər hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir (2.3). Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (2.5)

13. Adıçəkilən uzunmüddətli kredit və təminat müqaviləsinin 11-ci hissəsinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır (11.1). Kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur (11.3).

14. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 3500 manat olan krediti illik faiz dərəcəsi 26% olmaqla 18 ay müddətinə kredit alana verir.

15. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 21 avqust 2023-cü il, son ödəniş tarixi isə 21 yanvar 2025-ci il olmaqla 3500 manat kredit məbləği və 780,53 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

16. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 əsas borcu 2101,04 manat, faiz borcu 162,38 manatdır.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 19 iyul 2023-cü il tarixli 027L**********01 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 3500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasına Cavabdeh2 həmin müqaviləyə imza etməklə zamin durmuş, sonuncu borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit məbləğini təşkil edən 3500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

18. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 2101,04 manat əsas, 162,38 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

19. Cavabdeh1 borc məbləğinə etiraz etmir, maddi çətinliklərlə bağlı ödənişi həyata keçirə bilmədiyini, hissə-hissə ödəniş edə biləcəyini bildirir.

20. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

21. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

22. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

26. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq əsas borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 xx.xx.2024-cü il tarixdə çatmışdır.

27. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

28. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

29. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

30. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə ona borc məbləğini tələb edir.

31. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus AZ20ACAB******************** nömrəli bank hesabından xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, borcalan tərəfindən xx.xx.2023-cü il tarixdə 83,42 manat faiz, 154,58 manat əsas, xx.xx.2023-cü il tarixdə 70,07 manat faiz, 167,93 manat əsas, xx.xx.2023-cü il tarixdə 68,55 manat faiz, 168,75 manat əsas, xx.xx.2023-cü il tarixdə 0,4 manat əsas, xx.xx.2023-cü il tarixdə 71,7 manat faiz, 166,3 manat əsas, xx.xx.2023-cü il tarixdə 57,47 manat faiz, 180,53 manat əsas, xx.xx.2024-cü il tarixdə 1,18 manat faiz, xx.xx.2024-cü il tarixdə 4,26 manat cərimə, 58,41 manat faiz, 178,41 manat əsas, xx.xx.2024-cü il tarixdə 55,59 manat faiz, 182,41 manat əsas, xx.xx.2024-cü il tarixdə 48,19 manat faiz, 189,81 manat əsas, xx.xx.2024-cü il tarixdə 9,84 manat əsas, 47,28 manat faiz məbləği olmaqla ümumilikdə 561,86 manat faiz məbləği, 1398,96 manat əsas, 4,26 manat cərimə məbləği ödənilmişdir.

33. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.

34. xx.xx.2024-cü il tarixli OUT-2024/09/12-66 nömrəli maliyyə arayışına əsasən, əsas borc 2101,04 manat, faiz borcu 162,38 manat təşkil etmişdir.

35. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə edilmiş ödənişlər nəzərə alınmaqla iddiaçıya 2101,04 manat əsas borc və 162,38 manat faiz borcu mövcuddur.

36. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

38. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə 2101,04 manat əsas borc , 162,38 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

40. İddia ərizəsində iddiaçı 61,36 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

41. 19 iyul 2023-cü il tarixli 027L**********01 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

45. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur.

46. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 61,36 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

47. İddiaçı eləcə də 43,25 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 43,25 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,25 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** saylı razılaşma üzrə 2101,04 manat əsas borc, 162,38 faiz borcu və 61,36 manat cərimə məbləği olmaqla ümumilikdə 2324,78 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,25 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar