Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1008/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı «xxxx» Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı «xxxx» Şirkətinin cavabdeh «xxxx» Şirkətinə qarşı 140,591 ABŞ dolları məbləğində əsas borc məbləğinin, 14,059.1 ABŞ dolları məbləğində faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "QALF DRİLLİNQ SAPLAYFZE" şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən 140,591 ABŞ dolları məbləğində əsas borc məbləğinin, 14,059.1 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "QALF DRİLLİNQ SAPLAYFZE" şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl iddiaçı "QALF DRİLLİNQ SAPLAYFZE" şirkəti ilə, cavabdeh "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialı isə əsl cavabdeh "Cavabdeh" şirkəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx xxxx 2017-ci il tarixdə RC 003/17 nömrəli icarə müqaviləsi, xx xxxxxxxx 2017-ci il tarixdə RC 004/17 nömrəli icarə müqaviləsi və xx xxxxx 2018-ci il tarixdə RC 005/18 nömrəli icarə müqaviləsi bağlamış və iddiaçı bu icarə Müqavilələri ilə onların hər birinin 1 nömrəli əlavəsində qeyd olunmuş avadanlıqları cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əlavələrdə qeyd olunmuş icarə haqlarını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2017-ci il tarixli RC 003/17 nömrəli icarə müqaviləsi imzalandığı tarixdən qüvvəyə minmiş və xx xxxxxx 2017-ci il tarixinədək qüvvədə qalmışdır. xx xxxxxxxx 2017-ci il tarixli RC 004/17 nömrəli icarə müqaviləsi imzalandığı tarixdən qüvvəyə minmiş və xx xxxxxx 2017-ci il tarixədək qüvvədə qalmışdır. xx xxxxx 2018-ci il tarixli RC 005/18 nömrəli icarə müqaviləsi imzalandığı tarixdən qüvvəyə minmiş və xx xxxx 2018-ci il tarixədək qüvvədə qalmışdır. İddiaçı icarə müqavilələri üzrə bütün öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilələrdən irəli gələn ödəniş öhdəliklərini tam həyata keçirə bilməmişdir. İcarə müqavilələrinin 5.3-cü bəndini rəhbər tutaraq, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalanmış və cavabdeh bununla x xxxxxx 2019-cu il tarixinə iddiaçıya 140,591 ABŞ dolları borcu olduğunu təsdiq etmişdir. Bundan əlavə, 13 dekabr tarixdə iddiaçı cavabdehə pretenziya məktubu göndərərək, xx xxxxxx 2019-cu il tarixədək borcun ödənilməsi tələbini irəli sürmüşdür. Lakin cavabdeh iddiaçıya olan borcunu bugünədək ödəməmiş və bununla da icarə müqavilələrindən irəli gələn öhdəliklərini icra etməmişdir. İcarə Müqavilələrinin 5.2-ci maddəsinə əsasən, müqavilənin şərtləri birtərəfli qaydada pozulduğu halda tərəflər bu müqavilənin müəyyən etdiyi qaydada, əgər müqavilədə müəyyən olunmamışdırsa, onda Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar. İcarə Müqavilələrinin 4.3-cü maddəsinə əsasən, müqavilələr üzrə ödənişlər yubadıldıqda icarəçi hər yubadılan gün üçün yubadılan məbləğin 0.5%-i həcmində cərimə ödəməlidir, lakin cərimələrin ümumi məbləği ödənişi yubadılan məbləğin 10%-dən çox olmamalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli RC 003/17 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli RC 004/17 nömrəli və xx xxxxx 2018-ci il tarixli RC 005/18 nömrəli icarə müqavilələrinin surətlərindən görünür ki, iddiaçı cavabdehin təsərrüfat sahələrində istifadə üçün Müqavilələrin 1 nömrəli Əlavələrində göstərilən avadanlıqları onların istifadəsi üçün nəzərdə tutulan avadanlığı icarəyə verməyi, cavabdeh isə icarə haqlarını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli Qarşılıqlı borcların üzləşdirməsi aktının surətindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixinə iddiaçıya olan borcu 140591 ABŞ dolları təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli RC 003/17 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli RC 004/17 nömrəli və xx xxxxx 2018-ci il tarixli RC 005/18 nömrəli icarə müqavilələrinə əsasən iddiaçı cavabdehin təsərrüfat sahələrində istifadə üçün Müqavilələrin 1 nömrəli Əlavələrində göstərilən avadanlıqları və onların istifadəsi üçün nəzərdə tutulan avadanlığı icarəyə verməyi, cavabdeh isə icarə haqlarını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin xx.xx.2019-cu il tarixinə iddiaçıya olan icarə haqqı borcu 140591 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələrinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən avadanlıqları cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqavilələrində nəzərdə tutulan müddətlərdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcuna aid hissədə təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıya borcunun olmasını xx xxxxxx 2019-cu il tarixli Qarşılıqlı borcların üzləşdirməsi aktı ilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 4.3-cü bəndinə əsasən müqavilələr üzrə ödənişlər yubadıldıqda icarəçi hər yubadılan gün üçün yubadılan məbləğin 0.5%-i həcmində cərimə ödəməlidir, lakin cərimələrin ümumi məbləği ödənişi yubadılan məbləğin 20%-dən çox olmamalıdır. Lakin məhkəmə hesab edir ki, tələb olunan 14,059.1 ABŞ dolları dəbbə pulu məbləği yaranmış 140591 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 7000 ABŞ dolları həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 140,591 ABŞ dolları məbləğində əsas borc məbləği və 7000 ABŞ dolları məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (147591 ABŞ dolları) iddia tələbinin (154650,1 manat) 95,43 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,63 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,37 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 140591 ABŞ dolları məbləğində əsas borc məbləği və 7000 ABŞ dolları məbləğində cərimə «xxxx» Şirkətindən tutularaq «xxxx» Şirkətinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,63 manat məbləği «xxxx» Şirkətindən tutularaq «xxxx» Şirkətinə ödənilsin, qalan 1,37 manat məbləği isə «xxxx» Şirkətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1008/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1008/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver