Məhkəmə qərarları › İş №e-2-2(113)-101/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-101/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-101/2025 22.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 37 606,79 manat əsas bоrc, 7499,14 manat faiz borcu оlmaqla ümumilikdə 45 105,93 manat borcun və 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 avqust 2021-ci il tariхli 106901-243443/1 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 200 000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda iddiaçı və digər cavabdehlər Qanuni nümayəndə1 arasında 06 avqust 2021-ci il tariхli 106901- 243443/1 nömrəli və Cavabdeh3 arasında 06 avqust 2021-ci il tariхli 106901-243443/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 06 avqust 2021-ci il tariхli 106901- 243443/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. 2.2. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 22 yanvar 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 37606,79 manat məbləğində əsas bоrcu və 7499,14 manat faiz borcu оlmaqla cəmi 45105,93 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamilə icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə xx.xx.2023-cü il tarixli təklif göndərilmişdir. İlkin mediasiya sessiyasında Cavabdeh1 MMC-nin direktoru və eyni zamanda iş üzrə zamin Qanuni nümayəndə1 iştirak etmiş, lakin sessiyanın vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, digər Cavabdeh3 sessiyada iştirak etməmişdir. Yekunda ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 210 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, üçüncü şəxs 22564 manat məbləğində pulu iddiaçıya ödəmiş, lakin hazırda iddiaçı həm 22564 manat məbləğində pulu üçüncü şəxsin adından, həm də kredit müqaviləsi üzrə ödənilməyən borcu tələb edir.

7. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək göstərdi ki, "xxxx" MMC-nin 14 oktyabr 2024-cü il tarixli çıxarışında əsas borc məbləği 15042 manat göstərilmişdir. Həmçinin iddiaçının xəbərdarlıq məktubunda da əsas borc qeyd olunan məbləğdə göstərilmişdir. Cavabdeh də həmin hissədə iddianı qəbul edir. Lakin kredit müddəti başa çatsa da, iddiaçı tərəfindən faiz borcu hesablanmışdır. Eyni zamanda tələb hüququ bütünlüklə üçüncü şəxsə güzəşt edilib, bu səbəbdən də iddiaçının subyektiv hüququ olmadığından hazırkı iddia rədd eidlməlidir.

8. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək göstərdi ki, Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli 249 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən banklardan kredit götürmüş sahibkarlıq subyektlərinə kreditin 60 faizi həcmində dövlət zəmanəti verilir. Sahibkarlıq subyekti borcu gecikdirdiyi təqdirdə, 120 gün keçdikdən sonra 60 gün müddətində bank Fonda müraciət edir. Müvafiq sənədləşmə işlərindən sonra həmin pul vəsaiti banka ödənilir. Bank pul vəsaitini kredit alandan tam tələb edir, alınan pul vəsaiti isə Qaydalara müvafiq olaraq bankla Fond arasında bölüşdürülür. Hazırkı iş üzrə Fond Qaydalara uyğun olaraq borcun alınması ilə bağlı bütün hüquqi tədbirlərin görülməsi ilə bağlı iddiaçıya həvalə məktubu təqdim etmişdir. Tələbetmə hüququ bu səbəbdən iddiaçıya mənsubdur.

9. Üçüncü şəxs məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə bildirişləri cavabdeh Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, adıçəkilən cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinin müqavilənin predmeti ilə bağlı şərtlərindən görünür ki, Kreditor Azərbaycan Respublikası X1 05 avqust 2021-ci il tarixli ZM-1510/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 200 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir (1.1). Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir (1.2). Kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir (1.3). Borclu kredit vəsaitini digər kredit öhdəliklərinin icrasına yönəltməyəcəyini, özünün maliyyə vəziyyəti, üçüncü şəxslər qarşısında olan öhdəlikləri barədə Kreditorun tələb etdiyi qaydada tam və dəqiq məlumat verdiyini və əmlakı üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, girov/ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud olmadığını bəyan edir. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi Kreditora əsas öhdəliyin vaxtından əvvəl icrasının və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud bu müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir (1.4).

15. Adıçəkilən müqavilənin kredit üzrə faizlərin hesablanması və ödənişlərin həyata keçirilməsi barədə şərtlərindən görünür ki, kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan gündən sonra gələn növbəti iş günü ödənilir (2.1). Kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir (2.2). Kredit müqaviləsinə uyğun olaraq Borclu tərəfindən aparılan ödənişlər Kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir (2.3): bu müqavilənin 3.2.8-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər.

16. Həmin müqavilənin faiz subsidiyası ilə əlaqədar şərtlərindən görünür ki, Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir (6.1). Fond tərəfindən 05 avqust 2021-ci il tarixli ZM-1510/2021 nömrəli Zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), Kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək 7,5% faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər (6.2). Bu müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda faiz subsidiyasının ödənilməsi ləğv edildikdə, Fond tərəfindən faiz subsidiyasının ödənilməsi dayandırılan dövr də daxil olmaqla Borclu kredit müqaviləsi üzrə illik faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizləri ödəməyə davam edir (6.3).

17. 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, son ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla ümumilikdə 200000 manat əsas borc, 32735,89 manat faiz borcu ödənilməsi nəzərdə tutulmuş, faiz borcundan 16367,99 manat məbləğində hissəsinin subsidiya ödənişini təşkil edəcəyi razılaşdırılmışdır.

18. İş materiallarında olan iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) və Qanuni nümayəndə1 (Zamin qismində) arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli və Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/2 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Zamin Kreditor və Borclu arasında Bakı şəhərində bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (1.1). Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir (1.2): kreditin məbləği 200 000 manat; kredit üzrə illik 15 faiz dərəcəsinə əsasən hesablanan faizlər; kreditin qaytarılma tarixi 24 ay müddətinə xx.xx.2023-cü il tarixinədək (Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər); kredit üzrə 9697,33 manat məbləğində olan ödənişlər (əsas borc və ona hesablanan faizlər kredit müqaviləsində müəyyən edilmiş qaydada ödənilir. Borclu tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti ödənişlərin məbləği kredit müqaviləsinin şərtlərinə müvafiq qaydada azaldıla bilər). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (1.3). Zamin Kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (1.4).

19. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 37606,79 manat, faiz borcu 7499,14 manat təşkil edir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1342/2024 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli 9/10680 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla hal-hazıra kimi aparılmış bütün ödənişlər və üçüncü şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmaqla 06 avqust 2023-cü il (müqavilənin müddətinin bitdiyi) tarixə Cavabdeh1 MMC-nin əsas borcu 24648,07 manat, faiz borcu 0 manat, hal-hazıra kimi aparılmış bütün ödənişlər və üçüncü şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmadan 06 avqust 2023-cü il (müqavilənin müddətinin bitdiyi) tarixə Cavabdeh1 MMC-nin əsas borcu 45446,69 manat, faiz borcu 1765,45 manat təşkil edir.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 200 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətə illik 15 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

22. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 37606,79 manat əsas borc, 7499,14 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.

23. Cavabdeh1 MMC iddiaçının subyektiv hüququnun olmadığını, tələb hüququnun üçüncü şəxsə ötürüldüyünü, əsas borc məbləğinin şişirdildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir.

24. Digər cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

25. Məhkəmə adıçəkilən cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

28. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

29. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

30. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

31. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

35. İddiaçının subyektiv hüquqa malik olması ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir.

36. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli ZM-1510/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASCarasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 200 000; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 0; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 2000.

37. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02 nömrəli tələbin güzəşti müqaviləsinin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli və 06 avqust 2021-ci il tarixli 106901-243443/1/2 nömrəli zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 37606,79 manat, faiz məbləğinin 940,72 manat, dəbbə pulunun 3969,84 manat, cəmi məbləğin 42517,35 manat təşkil etdiyini qəbul edirlər.

38. Məhkəməyə təqdim edilən üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanan 3-21- 8/2-3322/2023 nömrəli 07 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 8.1-ci bəndinə əsasən, zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir.

40. Həmin Qaydanın 8.4-cü bəndinə əsasən, Fond bu Qaydanın 8.1-ci, 8.2-ci, 8.3cü və 10.3-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.

41. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

42. Həmin Qaydanın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X4 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.

43. İddiaçı (müvəkkil kredit təşkilatı qismində) ilə üçüncü şəxs (Fond) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasına dair” Əməkdaşlıq müqaviləsindən görünür ki, adıçəkilən Qaydaların tələblərinə uyğun razılaşdırılmış müqavilə bağlanmış, 2.2.5-ci bəndinə əsasən, tələb hüquqlarını Fondun adından həyata keçirilmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək üçüncü şəxsin vəzifəsi, 3.1.3-cü bəndinə əsasən, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir.

44. Göründüyü kimi, Qaydaya əsasən zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Qeyd edilən tələb icra edildikdən sonra sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqları tam həcmdə Fonda güzəşt edilir. Daha sonra zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir, eyni zamanda zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X4 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə də Qaydaların tələblərinə uyğun tənzimləmələr razılaşdırılmış, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir.

45. Hazırkı halda zəmanət üzrə xx.xx.2023-cü il tarixdə 22564,07 manat məbləğində pul üçüncü şəxs tərəfindən iddiaçıya ödənilmiş, iddiaçı 06 avqust 2021-ci il tarixli 106901- 243443/1 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarını Qaydaya və tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq bütünlüklə üçüncü şəxsə ötürmüş, üçüncü şəxs 3- 21-8/2-3322/2023 nömrəli 07 noyabr 2023-cü il tarixli məktubla Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsini İddiaçı ASC-yə həvalə etmişdir. Belə olan halda iddiaçı hazırkı kredit müqaviləsi üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir.

46. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh3 ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

47. Cavabdeh1 MMC təkrar mühasibtlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, vəsatətində "xxxx" MMC-nin çıxarışına əsasən iddiaçıya 15042,72 manat əsas və 10294,59 manat faiz borcunun qaldığına istinad etmişdir. Lakin cavabdehin mübahisələndirdiyi ekspert rəyi ilə faiz borcu çıxarışdakından dəfələrlə az müəyyən edilmişdir. Digər tərəfdən, "xxxx" MMC-nin çıxarışında üçüncü şəxsin xx.xx.2023-cü il tarixdə ödədiyi 22564,07 manat məbləğində pul kredit müqaviləsi üzrə silinmişdir. Hazırda isə iddiaçı Fondun adından və hesabına həmin zəmanət üzrə edilmiş ödənişi də tələb edir. Həmçinin, vəsatətdə müqavilə müddətindən sonra faiz və cərimə borcunun silindiyi qeyd olunsa da, ekspertiza tədqiqatının təsviri hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən sonra faiz borcu hesablanmamış, hər hansı silinmə aparılmamışdır. Bundan başqa, rəydən aydın olur ki, bütün ödənişlər əsas və faiz borcuna silinməklə hesablama aparılmış, ödənişlər cərimə borcuna silinməmişdir. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir.

48. 18 fevral 2025-ci il tarixli 9/10680 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla hal-hazıra kimi aparılmış bütün ödənişlər və xx.xx.2023-cü il tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmaqla 06 avqust 2023-cü il (müqavilənin müddətinin bitdiyi) tarixə Cavabdeh1 MMC-nin əsas borcu 24648,07 manat, faiz borcu 0 manat, hal-hazıra kimi aparılmış bütün ödənişlər və xx.xx.2023-cü il tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmadan 06 avqust 2023-cü il (müqavilənin müddətinin bitdiyi) tarixə Cavabdeh1 MMC-nin əsas borcu 45446,69 manat, faiz borcu 1765,45 manat təşkil edir.

49. Qeyd olunanlara əsasən məhkəmə göstərir ki, iddiaçı üçüncü şəxs tərəfindən zəmanət üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 22564,07 manat daxil olmaqla qalıq borcu tam tələb etmək hüquqa malikdir. Odur ki, borc məbləği xx.xx.2023-cü il tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmadan müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 45446,69 manat, faiz borcu 1765,45 manat təşkil edir.

50. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §11, 218.3-cü maddə).

51. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə iddia tələbinə və ekspert rəyinə uyğun olaraq müqavilənin bitdiyi tarixə (xx.xx.2023-cü il) tutulmalı əsas borc 37606,79 manat, faiz borcu isə 1765,45 manat müəyyən edilməlidir.

52. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

53. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

54. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

55. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

56. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 06 avqust 2021-ci il tarixli 106901- 243443/1 nömrəli kredit müqaviləsi üzrə 37606,79 manat əsas borc, 1765,45 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

57. İddiaçı eləcə də 557,25 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

58. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-01369 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərcini ödənmişdir.

59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

61. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

62. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin sentyabr – oktyabr ayı) MPM-in 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

63. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/2151 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 18 fevral 2025-ci il tarixli 9/10680 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 115.0, 115.0.4 maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 184 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 26 manat məbləğində pul İddiaçı ASC-dən, 174 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2021ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə 37606,79 manat əsas borc, 1765,45 manat faiz borcu olmaqla ümumilikdə 39372,24 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 184 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 26 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 174 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar