Məhkəmə qərarları › İş №e-2-2(113)-1011/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1011/2022

07.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1011/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş 22.06.2021-ci il tarixli, NDQ 009714 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 20800,80 manat əlavə enerji borcunun müəssisənin **********2 saylı abunə hesabından silinməsi, ödənilmiş 152,40 manat dövlət rüsumunun və 200 manat mediasiyaya dair xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata aktın ləğv edilməsi hissəsində xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə aktın ləğv edilməsi ilə bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı həmin tələblə bağlı cavabdehə, cavabdeh tərəfindən imtina olunarsa, inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə icraata aktın ləğv edilməsi hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə icraata aktın ləğv edilməsi hissəsində xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar