Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1012/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 16623,49 manat əsas borc, 700,03 manat faiz borcu, 34,90 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli 2 №-li razılaşmaya əsasən borcalan Cavabdeh2 bankdan xx.xx.2024 ilədək qaytarmaq və illik 23% ödəmək şərti ilə aldığı 30000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1 və 36.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçının nümayəndəsi “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16280***-*******01L nömrəli kredit limiti müqaviləsindən görünür ki, kreditverən” “borcalan”a 100000 (bir yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı (bundan sonra - razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “borcalan” ona kredit verilməsi barədə “kreditverən”ə müraciət etmək hüququna malikdir. Kredit limiti müqaviləsi çərçivəsində “borcalan”a verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. Bu müqavilə üzrə müəyyən edilmiş limit çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi kredit limitinin məbləğindən artıq olmasın. “Borcalan” xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda “borcalan” kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır. “Kreditverən” krediti və ya qarantiyanı “borcalan”ın müvafiq ərizəsinə və razılaşmaya uyğun olaraq dövriyyə və əsas vəsaitinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi, fərdi istehlak, daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləri məqsədi ilə verir. Bu müqavilə çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 (otuz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən artıq olmayacaqdır.
7. İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16280***-*******01L nömrəli kredit limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02 saylı kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh2 bankdan xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi 18% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür.
8. xx.xx.2022-ci il tarixli, 44FİZAM151901001, 44FİZAM111687802 və 44FİZAM165975302 nömrəli zaminlik müqavilələrinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16280***-*******01L nömrəli kredit limiti müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka olan borcu 16623.49 manat məbləğində əsas, 700.03 manat məbləğində faiz, 34.9 manat məbləğində cərimə borcu təşkil edir.
10. İddiaçı ASC-nin Cavabdeh4 ünvanladığı xx.xx.2023-cü il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsindən irəli gələn borcun 03 (üç) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3863 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 16280***-*******01L nömrəli kredit limiti müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 İddiaçı ASC-yə olan borcu xx.xx.2023-cü il tarixə (bildirişin tarixinə) əsas borc üzrə 17521,58 manat, faiz borcu üzrə 1366,68 manat; xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 17521,58 manat, faiz borcu üzrə 1436,77 manat təşkil edir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 16280***-*******01L nömrəli kredit limiti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 2 №-li razılaşmaya əsasən Cavabdeh2 bankdan 24 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla, 30000 manat məbləğində kredit verilmiş, qeyd edilən razılaşma üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borclu və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
16. İddia tələbinin bir hissəsini cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 16623,49 manat əsas borc, 700,03 manat faiz borcunun müştərək qaydada tutulması təşkil edir.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3863 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində və faiz borcunun tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada 16623.49 manat əsas borc, 700.03 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, əsas və faiz borcunun tutulması hissəsində iddiaçının tələbi ekspert rəyində müəyyən edilən məbləğlərdən aşağıdır.
18. İddia tələbinin digər hissəsini cavabdehlərdən 34,90 manat cərimə borcunun tutulması təşkil edir.
19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlərdən 34,90 manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır.
20. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan RESpublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hESab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hESab: AZ34CTRE********************) köçürülməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 16623,49 manat (on altı min altı yüz iyirmi üç manat qırx doqquz qəpik) əsas borc, 700,03 manat (yeddi yüz manat üç qəpik) faiz borcu, 34,90 manat (otuz dörd manat doxsan qəpik) cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 17558,42 manat (on yeddi min beş yüz əlli səkkiz manat qırx iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hESab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hESab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova