Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1016/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 16 iyun 2023-cü il tarixli 02033 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti göstərdiyi Novxanı Bağlarında yerləşən “Malibu” istirahət mərkəzində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 8 iyun 2023-cü il tarixində baxış keçirilmişdir. Baxış keçirilən zaman hər hansı problemin olmamasını qeyd edərək sahəni tərk etmişdirlər. Lakin, uzun müddət keçdikdən sonra maraqlandıqda məlumat verilmişdir ki, istirahət mərkəzi barəsində akt tərtib edilmiş və həmin akta əsasən ona cərimə hesablanmışdır. Bu barədə məlumat noyabr ayında əldə edilmişdir. Daha sonra, onlar Cavabdeh ASC-yə müraciət etdikdə onlara 16 iyun 2023-cü il tarixli 02033 saylı akt verilmişdir. Sözügedən yoxlanış xx.xx.2023-cü il tarixində keçirilmişdir. Həmin zaman onlara hər hansı məlumat təqdim edilməmiş və uzun bir müddət ötdükdən sonra bu barədə məlumatları şifahi şəkildə olmuşdur. Yoxlamanın 08 iyun tarixində keçirilməsinə baxmayaraq onlara akt təqdim edilməmiş və təqdim edilmiş akt isə 16 iyun 2023-cü il tarixli akt olmuşdur. Buradan aydın olur ki, Cavabdeh ASC tərəfindən prosessual pozuntulara yol verilmişdir. Həmin akt onun müraciətinə əsasən təqdiim edilmişdir. Yəni, səlahiyyətli orqan tərəfindən prosessual tələblər pozulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə izahatında iddiaya etiraz etdiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
- 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
V. Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
7. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
8. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
9. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
10. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2.052 manat məbləğində borcun silinməsini xahiş edir.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçı Rüstəmov Niyaziyə məxsus Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, abunə kodu 102392 olan X3 baxış zamanı su sayğacından kənar xətt (d=0 mm) aşkar olunmuşdur.
12. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, 102392 abonent kodu Rüstəmov Niyaziyə məxsus Binəqədi rayonu, Novxanı bağları 1, ev-9 ünvanında yerləşən “Xudafərin” kafesinə aiddir və xx.xx.2023-cü il tarixli akt əsasında Rüstəmov Niyaziyə aid abonent koduna 2052 manat məbləğində borc hesablanmışdır.
13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibəti yoxdur və iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği iddiaçıya deyil, məhz Rüstəmov Niyaziyə məxsus abonent koduna hesablanmışdır.
14. Bundan başqa iş materiallarından görünür ki, X2 (icarədar) ilə İddiaçı (icarəçi) arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi imzalanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən icarədar Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 8 nömrəli müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü Novxanı bağ massivində yerləşən 500 kv.m sahə daxilində inşa olunmuş iaşə xidməti obyekti və istirahət güşəsi olan qeyri-yaşayış sahəsini 10 ay müddətinə, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək icarəçiyə subicarəyə vermişdir.
15. Məhkəmə iclasında iddiaçı tərəf qeyd edilən icarə sahəsindən cəmi 2 ay istifadə etdiyini və avqust ayında qeyd edilən sahədən çıxdığını bildirmişdir.
16. Göründüyü kimi, iddiaçı tərəfin həm də, qeyd edilən ünvan üzrə də, hər hansı bir bağlılığı yoxdur.
17. Ona görə də, İddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış borcun silinməsi tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov