Məhkəmə qərarları › İş №e-2-2(113)-10173/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10173/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10173/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat vasitəsinin icarə müqaviləsi, icarə obyektinə dəymiş zərər, depozit məbləğinin təyinatı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 manat icarə haqqı, 1134 manat maddi ziyanın, inzibati cərimələrin əvəzi olaraq 50 manat məbləğində pulun və ödənilmiş 32,84 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 SX” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. xx.xx.2025-ci il tarixində avtomobil sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş və aşağıdakı zədə və nöqsanlar aşkar olunmuşdur: arxa hissədən zədə almış avtomobilin buferi, “udarnik”i – dəyişilməlidir; motor yağı keyfiyyətsiz vəziyyətdədir, sükan idarəetmə mexanizmi, motorun yastığı və qranat “salnik”i tamamilə yararsız vəziyyətdədir. Belə vəziyyətdə avtomobili idarə etmək təhlükəli hesab olunur. 2.2. Bundan başqa, sürücünün 100 manat icarə borcu, 50 manat isə X6 tərəfindən tətbiq edilən və ödənilməmiş inzibati cəriməsi mövcuddur. Yuxarıda qeyd olunan nöqsanlar və qarşıda duran xərclər cavabdehin diqqətinə çatdırılmış və bununla bağlı akt tərtib olunmuşdur. Sürücü aktı imzalamamış, lakin bütün ziyanı ödəməyə maddi imkanının çatmadığını bildirərək, yazılı izahatını təqdim etmişdir. Aktda bu barədə müvafiq qeyd aparılmışdır. 2.3. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1134 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: bufer arxa, “udarnik” arxa (bufer altlığı), motor yağı, qranat “salnik”i, motorun orta “poduşka”sı, sükan idarəetmə mexanizmi. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: dəmirçi: ön sol “krılo”nun təmiri; rəngsaz: arxa bufer, ön sol “krılo” və ön buferin rənglənməsi (materiallar daxil); plastmasçı-armaturçu: arxa bufer, ön sol “podkrelnik”, sağ və sol “obivka”nın sökülüb təmir olunması; çilingər: nasaz detal və ehtiyat hissələrinin dəyişdirilməsi, cari təmiri və nizamlanması. Ehtiyat hissələrinin cəmi məbləği 634 manat, usta xidməti 500 manat təşkil etmişdir. 2.4. Cavabdehə bu barədə məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1134 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Eyni zamanda iddia ərizəsi də cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Cavabdehdən maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2.5. xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.11-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096, 1097, 1108-ci maddələri və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsi cavabdehə verilərkən müəyyən qüsurlara malik olmuşdur. Lakin avtomobil geri alınarkən başqa qüsurlar mövcud olmuşdur və həmin qüsurların ilkin qüsurlarla bağlılığı yoxdur.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdeh maşını təhvil alarkən 500 manat depozit məbləği ödəmişdir. Həmçinin icarə haqqı 5 gün ödənilməmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli 06.05.25/HM240 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Ravon R3” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə nəqliyyat vasitəsini qəbul edərək hər həftə gündəlik 20 manat icarə haqqını ödəməyi öhdəsini götürmüşdür. Müqavilə şərtlərinə əsasən icarə müddəti 38 ay, icarəçi tərəfindən 500 manat məbləğində depozit məbləğinin ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 06 may 2025-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh xx.xx.2025-ci il tarixli xx.xx.2025/HM240 nömrəli icarə müqaviləsi üzrə “Ravon R3” minik markalı **-HM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu öz imzası ilə təsdiq etmiş, nəqliyyat vasitəsinin təkərinin qabaq 60 %, arxa 20 %, baqajın boş, “kapot”un batıq, sağ “krılo” qabaq batıq, sağ tərəf qapılarda cızıq, sol tərəf “stoyka”da batıq, qabaq buferdə cızıqlar olduğu aktda öz əksini tapmışdır. Nəqliyyat vasitəsi 10 iyun 2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, həmin nəqliyyat vasitəsinə 634 manat ehtiyat hissəsi, 500 manat işçilik haqqı olmaqla 1134 manat zərər dəymişdir. Nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsinə əsasən cavabdehə 50 manat inzibati cərimə tətbiq edilmiş, həmin cərimə xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Cavabdeh 50 manat inzibati cərimə, 100 manat icarə haqqı və nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərəri ödəyə bilmədiyi üçün nəqliyyat vasitəsini geri qaytardığına dair yazılı izahat vermişdir.

12. İddiaçı nəqliyyat vasitəsinə dəyən zərəri, yəni xx.xx.2025-ci il tarixli aktda qeyd edilən 1134 manat məbləğində pulun, 100 manat icarə haqqının və 50 manat inzibati cərimənin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

19. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

20. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

21. İcarə müqaviləsini tənzimləyən mülki hüquq normalarında, o cümlədən əmlak kirayəsi ilə bağlı münasibətlərin tənzimetməsində icarəçinin (kirayəçinin) hərəkətləri (hərəkətsizliyi) ilə icarə obyektinin vəziyyətinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilmə qaydası ilə bağlı xüsusi normalar mövcud olmasa da, Mülki Məcəllənin 21, 443-cü maddələri və tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsində icarəçinin cavabdeh olduğu hallar, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi qaydası təsbit (əks) olunmuşdur.

22. Belə ki, xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarəçi (cavabdeh) ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etmək, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumulyator və. s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etmək, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı icarəyə verənə dəyən ziyanı öz hesabına ödəmək, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək kimi vəzifələri öz üzərinə götürmüşdür.

23. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

24. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. İş materiallarında olan tərtib edilən xx.xx.2025-ci il tarixli qüsur aktından “Ravon Nexia R3” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 1134 manat maddi zərərin vurulduğu müəyyən olunur. Qüsur aktını tərtib edən fərdi sahibkar Mahir Əliyevin (VÖEN: **********) təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan “Ravon Nexia R3” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 634 manat ehtiyat hissəsi, 500 manat işçilik haqqı olmaqla 1134 manat ödənildiyi aydın olur.

26. Belə olan halda məhkəmə hesab edir ki, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 1134 manat təşkil edir.

27. Lakin məhkəmə depozit məbləği və onun təyinatı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndində razılaşdırılmış 500 manat depozit məbləği cavabdeh tərəfindən müqavilə bağlandığı zaman iddiaçıya ödənilmişdir.

29. Həmin müqaviləyə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, 6 aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur (4.2-ci bənd).

30. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsində depozit məbləğinin hüquqi rejimi müəyyənləşdirilmişdir. Depozit məbləği, müqavilə rejimi etibarilə, cavabdehin öhdəliklərinin icrasının təminat üsulu kimi çıxış edir.

31. Mülki Məcəllənin 688.2-ci maddəsinə əsasən, əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir.

32. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə kirayə (icarə) münasibətləri zamanı icarəçinin icarəyə verən qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün icarə haqqının haqqının iki mislindən çox olmamaqla pul məbləği ödəməsi imkanı təsbit edilmiş, lakin icarəyə verənin həmin vasiti ayrılıqda saxlaması, hətta həmin vəsaitə hesablanan faizlərin icarəçiyə mənsub olması təsbit edilmiş, bu qaydada dispozitiv deyil, imperativ hüquq normasında əks olunmuşdur.

33. Bu mənada təminat məbləğinin icarəyə verəndə qalması və onun qaytarılmaması və ya əvəzləşdirilməməsini əks etdirən istənilən razılaşma Mülki Məcəllənin imperativ normasını istisna etdiyindən etibarsızdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər cavabdehdən tutularkən sonuncu tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalıdır.

35. Qeyd edilməlidir ki, cavabdeh 06 may 2025-ci il tarixli təhvil-təslim aktına imza etməklə nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu, yalnız nəqliyyat vasitəsinin qabaq 60 %, arxa 20 %, baqajın boş, “kapot”un batıq, sağ “krılo” qabaq batıq, sağ tərəf qapılarda cızıq, sol tərəf “stoyka”da batıq, qabaq buferdə cızıqlar olduğunu təsdiq etmişdir.

36. Belə olan halda, nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixli aktda göstərilmiş qüsurlarının bilavasitə avtomobilin cavabdeh tərəfindən idarə olunması zamanı yarandığı aydın olur.

37. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “Ravon Nexia R3” minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq 634 (1134 manat dəymiş zərər – 500 manat depozit məbləği) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

38. Bundan başqa, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

39. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, 100 icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

40. xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 4.10-cu bəndinə əsasən, X6 tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək və müstəqil şəkildə depozit məbləğindən tutmaq hüququna malikdir.

41. Nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsinə əsasən cavabdehə 50 manat inzibati cərimə tətbiq edilmiş, həmin cərimə xx.xx.2025-ci il tarixdə ödənilmişdir.

42. Belə olan halda ödənilmiş cəriməyə görə zərərin əvəzi olaraq 50 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

b) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı eləcə də ödənilmiş 32,84 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 32,84 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 115.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

47. İddiaçı vəkil Nümayəndə verilmiş etibarnamə üzrə xərcin əvəzi olaraq 17,25 manat məbləğində pulun tutulmasını tələb etsə də, həmin etibarnamə X2 və İddiaçı tərəfindən müştərək qaydada verilmiş, etibarnamə öz məzmunu etibarilə dəfələrlə tətbiq üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, həmin etibarnamənin məhz hazırkı iddia ilə bağlı verilməsi təsdiq olunmur.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

50. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsi üzrə icarə obyektinə dəymiş zərərin əvəzi olaraq 634 manat, ödənilmiş cəriməyə görə zərərin əvəzi olaraq 50 manat, icarə haqqı borcunun əvəzi olaraq 100 manat olmaqla ümumilikdə 784 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar