Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1019/2021 05.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin Cavabdeh firmasına qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi Cavabdeh firmasına qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 104864,46 manat borcunun "Cavabdeh" Firmasından tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Cavabdeh" firmasının (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 104864,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli, 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" firması (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 104864,46 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı "Cavabdeh" firmasına “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi "Cavabdeh" firması tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, 30.12.2002-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında 1230 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İcarə haqqı köhnə məzənnə ilə illik ******* manat təşkil edirdi. Yeni məzənnə ilə təxminən 1000 manata yaxın məbləğdir. Həmin icarə haqqı tikilmiş yaşayış binasının istismara qəbul edilməsinə qədər ödənilmişdir. Bir neçə dəfə müqaviləyə xitam verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. İllik icarə haqqının məbləğini nəzərə alaraq iddia tələbində qeyd olunan məbləğdə icarə borcunun yaranması mümkün deyildir. Eyni zamanda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Həmçinin iddiaçının subyektiv hüququ yoxdur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində Cavabdeh müəssisəsi arasında bağlanmış 30.12.2002-ci il tarixli, 0153 saylı icarə müqaviləsinə əsasən icarəyə verən 1230 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il ******* manat (köhnə məzənnə ilə) icarə haqqı ödəməyə öz öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi tərəfindən Cavabdeh firmasına ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 104864,46 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 17.10.2001-ci il tarixli, 661 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, 689-cu məhəllə, A.Cəlilov küçəsindəki 0,123 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh firmasının istifadəsinə verilmişdir. - 20.05.2005-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktına əsasən ünvan 2 ünvanda yerləşən yaşayış binası istismara qəbul edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 10.10.2019-cu il tarixli, 7-3249/17 nömrəli məktubundan görünür ki, Cavabdeh firmasına torpaq icarə müqaviləsinə xitam verilməsinə əsas ola biləcək hüquq müəyyənedici sənədləri təqdim etməklə müqaviləyə xitam verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. - Cavabdeh firması tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29.12.2016-cı il tarixli, 119 nömrəli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh müəssisəsi arasında bağlanmış 30.12.2002-ci il tarixli, 0153 saylı icarə müqaviləyə xitam verilməsi xahiş edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 09.01.2020-ci il tarixli, 7-3249/17 nömrəli məktubundan görünür ki, Cavabdeh firmasına torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsinin qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edildiyi bildirilmişdir. - 20.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətindədir. - 13.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətindədir. - 24.04.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. - 13.11.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 1a, mənzil 3 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyətindədir. - 12.10.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X4 xüsusi mülkiyyətindədir. - 11.04.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. - Cavabdeh firması 04.03.2021-ci il tarixli, 01 nömrəli iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin 17.10.2001-ci il tarixli, 661 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, 689-cu məhəllə, A.Cəlilov küçəsindəki 0,123 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh firmasının istifadəsinə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh müəssisəsi arasında 30.12.2002-ci il tarixdə 0153 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1230 m2 torpaq sahəsi 49 il müddətinə hər il ******* manat (köhnə məzənnə ilə) icarə haqqı olmaqla Cavabdeh firmasının istifadəsinə vermişdir. 20.05.2005-ci il tarixdə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktına əsasən ünvan 2 ünvanda yerləşən yaşayış binası istismara qəbul edilmişdir. Cavabdeh firması tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə 29.12.2016-cı il tarixli, 119 nömrəli məktub ünvanlanaraq 30.12.2002-ci il tarixli, 0153 saylı icarə müqaviləyə xitam verilməsi xahiş edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə 09.01.2020-ci il tarixli, 7-3249/17 nömrəli məktubla bildirilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsinin qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi tərəfindən Cavabdeh firmasına pretenziya məktubu ünvanlanaraq cavabdehdən 104864,46 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2002-ci il tarixli, 828 nömrəli Fərmanında göstərilir ki, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli, 321 nömrəli Fərmanına əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən icarəyə götürülmüş dövlət torpaq sahələrinə görə icarə haqqı məbləğləri barədə məlumatları vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil etmək Baş İdarəsinin vəzifəsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi hazırkı iddianın qaldırılması ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 30.12.2002-ci il tarixli, 0153 saylı müqavilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında bağlanmışdır. Hazırkı iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri yaranmamış və nəticədə Cavabdeh firmasının icarə haqqının ödənilməsi ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi qarşısında öhdəliyi mövcud deyildir. Vergi orqanı yalnız dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirir və icarəyə götürülmüş dövlət torpaq sahələrinə görə icarə haqqı məbləğləri barədə məlumatları vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi Cavabdeh firmasından icarə haqqının tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmadığından hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1019/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1019/2021
05.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver