Məhkəmə qərarları › İş №e-2-2(113)-1025/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1025/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1025/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı və digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 14838.01 manat məbləğində əsas kredit borcu, 1276.55 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 439.15 manat məbləğində penya olmaqla,cəmi 16553.71 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 139.66 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cüil tarixli Razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 25000 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə xx.xx.2023-ci il tarixlizaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 14838.01 manat məbləğində əsas kredit borcu, 1276.55 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 439.15 manat məbləğində penya olmaqla,cəmi 16553.71 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməyinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi tərtib edilərkən kredit verilməsinə dair razılaşmaya, ödəniş cədvəlinə, zaminlik müqavilələrinə, borc haqqında arayışa, bank hesabından çıxarışa və s. sənədlərə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 borcun olduğunu bildiyini, sadəcə maddi durumu çətin olduğu üçün ödəyə bilmədiyini qeyd etdi.

5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 25000 AZN məbləğində kredit verilmişdir.

9. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə xx.xx.2023-ci il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

10. xx.xx.2024-cü il tarixli arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 14838,01 manat məbləğində əsas kredit borcu, 1276,55 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 439,15 manat məbləğində penya olmaqla,cəmi 16.553,71 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/340 saylı ekspert rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 14.675,25 manat və faiz borcu 1.789,16 manat müəyyən edilmişdir.

12. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2023-ci il tarixli kredit razılaşması üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbində göstərilən əsas borcdan daha aşağı həddə və iddia tələbindəki faiz borcundan yüksək məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2023-ci il tarixli kredit razılaşması üzrə əsas borc məbləğini ekspert rəyində müəyyən edilən məbləğdə, faiz borcu məbləğini isə ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə Kredit razılaşması üzrə iddiaçıya 14675,25 manat məbləğində əsas borc məbləği, 1276,55 manat məbləğində faiz borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada həmin məbləğlərdə pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 439,15 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından 439,15 manat məbləğində məbləğində müəyyən edilməli və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 139,66 manat məbləğində dölvət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

30. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, 139,66 manat məbləğində dövlət rüsumu və 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlərdən tutulmalıdır.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən 14675,25 manat əsas borc, 1276,55 manat faiz borcu, 439,15 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 139,66 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar