Məhkəmə qərarları › İş №e-2-2(113)-10296/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10296/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10296/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, prosessual maraq, müqavilənin ləğvi, iradə ifadəsinin üsulları) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2024cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsinə əsasən 6169,45 manat əsas borc, 47,69 manat faiz borcu olmaqla ümumilikdə 6217,14 manat məbləğində pulun və 89,1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh xx.xx.2024-cü il tarixli “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək 01 oktyabr 2024-cü il tarixli 516454-CNS-60167 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” ilə iddiaçıya müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 faiz hesablanması şərti ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Cavabdehin ofertası və bankın aksepti “Sima” imza ilə təsdiq edilmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. 2.2. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin borcu yaranmışdır. Cavabdeh tərəfindən imzalanmış 01 oktyabr 2024-cü il tarixli 516454-CNS-60167 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən müəyyən edilir ki, cavabdeh “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. 2.3. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 01 oktyabr 2024-cü il tarixli 516454-CNS-60167 saylı kredit müqaviləsi üzrə cavabdeh bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 407, 442, 739.1-ci və s. maddələrinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Mümkünlük və cavabdehin mövqeyi

5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi çatdırılmış, lakin cavabdeh kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.

III.Məhkəmə baxışının hədləri

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2024-cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə, 24 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

12. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 6169,45 manat əsas borc, 47,69 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.

13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə izah edilsə də, heç bir etiraz təqdim etmir.

14. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

15. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

18. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

19. İş materiallarından görünür ki, iddiaçı 20 noyabr 2025-ci il tarixli 2990P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2025-ci il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə sonuncuya poçt rabitəsi vasitəsilə çatdırılmışdır.

20. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

21. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

22. Mülki Məcəllənin 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

23. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək 01 oktyabr 2024-cü il tarixli 516454-CNS60167 saylı müqavilə üzrə hər hansı ödənişin olmadığı, xx.xx.2025-ci il tarixli ödənişin isə cəmi 300 manat təşkil etdiyi görünür. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

25. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2025-ci il tarixə olan faiz borcunu tələb edir.

26. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 01 oktyabr 2024-cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 6599,78 manat, faiz borcu 310,36 manat təşkil edir.

27. İş materiallarında olan xx.xx.2024 – xx.xx.2026-cı il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən sonra xx.xx.2025-ci il tarixdə 430,33 manat əsas borc, 206,79 manat və 55,88 manat faiz borcu üzrə ödəniş edilmişdir.

28. Hesabdan çıxarış məlumatlarını maliyyə arayışını müqayisəli təhlil etdikdə aydın olur ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında əsas və faiz borcu düzgün təsbit edilmiş, həmin tarixdən sonra 430,33 manat əsas borc, 262,67 manat faiz borcu ödənilmişdir.

29. Beləliklə, 01 oktyabr 2024-cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsi üzrə əsas borc 6169,45 (6599,78 – 430,33) manat, faiz borcu 47,67 (310,36 – 262,67) manat müəyyən edilməlidir.

30. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 01 oktyabr 2024-cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsi üzrə 6169,45 manat əsas və 47,67 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı həmçinin ödənilmiş 89,1 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 89,1 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat pul Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməlidir.

V. Nəticə

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2024cü il tarixli 516454-CNS60167 saylı kredit müqaviləsi üzrə 6169,45 manat əsas borc, 47,69 manat faiz borcu olmaqla ümumilikdə 6217,14 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar