Məhkəmə qərarları › İş №e-2-2(113)-1036/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1036/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1036/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, dəbbə pulunun azaldılması, Mülki Məcəllənin 439.3-cü maddəsi) Hakim Əhmədova Nərmin Məzahir qızı Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6000 manat əsas borcun, 26565,12 manat cərimə məbləğinin, 363,23 manat faiz məbləğinin və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (əvvəlki adı: “X2” MMC) ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində 142 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin əlavəsi olan qiymətlərin razılaşdırma protokulu №1-ə əsasən “Shantui SD-32” markalı “1**-FB-***” dövlət qeydiyyat nişanlı buldozer ilə xidmətlərin göstərilməsi üçün 1 aylıq haqq ƏDV daxil 17 700 manat müəyyən olunmuşdur. 2.2. Görülmüş işlərə dair xx.xx.2023-cü il tarixli 1 nörməli təhvil-təslim aktına əsasən 2023-cü ilin noyabr ayı üzrə ƏDV daxil dəyəri 6705,53 manat olan işlər görülmüş və bunun əsasında xx.xx.2023-cü il tarixli EBDU 566949 saylı elektron qaimə-faktura yazılmışdır. Qaimə-faktura əsasında xx.xx.2023-cü il tarixində 1022,88 manat ƏDV və xx.xx.2024-cü il tarixində 5682,65 manat əsas məbləğ cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Görülmüş işlərə dair xx.xx.2023-cü il tarixli 2 nörməli təhvil-təslim aktına əsasən 2023-cü ilin dekabr ayı üzrə ƏDV daxil dəyəri 14044,19 manat olan işlər görülmüş və bunun əsasında xx.xx.2023-cü il tarixli EBDV 754270 saylı elektron qaimə-faktura yazılmışdır. Qaimə-fakturaya istinad olunmaqla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 2142,33 manat məbləğində ƏDV hesaba köçürülsə də, əsas məbləğ (11901,86 manat) köçürülməmişdir. Qeyd olunan qaimə-faktura əsasında xx.xx.2024-cü il tarixində 3000 manat, xx.xx.2024-cü il tarixində isə 2901,86 manat ödəniş edilmişdir. Qaimə-faktura üzrə ümumilikdə 6000 manat borc məbləği isə (11901,86- 3000-2901,86) cavabdeh ilə çoxsaylı danışıqlara və yazışmalara baxmayaraq, bu günədək ödənilməmiş, qeyri-ciddi və etibar olunmayacaq davranış sərgilənmişdir. 2.3. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqına 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir. Müqavilə şərtlərinə, təhvil-təslim aktlarına və elektron qaimə-fakturalara əsasən xx.xx.2024-cü il tarixinədək (növbəti ayın ilk 5 iş günü) cavabdeh tərəfindən ƏDV və əsas məbləğ tam şəkildə ödənilməli olmasına baxmayaraq, ƏDV məbləği ödənilmiş, lakin əsas məbləğ ödənilməmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı olaraq xx.xx.2024-cü il tarixində cavabdehə **********486834 saylı pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçıya 6000 borc qalmışdır və xx.xx.2024-cü il tarixinədək borcun ödənilməsi üçün vaxt verilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixində yenidən borcun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində yenidən məktub göndərilmişdir. 2.4. Qeyd olunanlar ilə bağlı olaraq qaimə-faktura üzrə qalıq 6000 manat əsas borcun, Mülki Məcəllənin 462-ci maddəsi və müqavilənin 4.4-cü bəndinə əsasən xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri üzrə gecikdirilmiş 147 günə görə 11901,86*1%*147 gün=17495,73 manat, xx.xx.2024 – xx.xx.2024- cü il tarixləri üzrə gecikdirilmiş 21 gün üzrə 8901,86*1%*21 gün=1869,39 manat, xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri üzrə gecikdirilmiş 120 gün üzrə 6000*1%*120 gün=7200 manat olmaqla cəmi 26565,12 manat cərimənin (dəbbə pulu) və Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri üzrə gecikdirilmiş 147 günə görə 11901,86*5%/365 gün*147 gecikdirilmiş gün=239 manat, xx.xx.2024 – xx.xx.2024- cü il tarixləri üzrə gecikdirilmiş 21 gün üzrə 8901,86*5%/365 gün*21 gün=25,6 manat, xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri üzrə gecikdirilmiş 120 gün üzrə 6000*5%/365 gün*120 gün=98,63 manat olmaqla cəmi 363,23 manat faiz məbləğinin də tutulması tələb edilir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 462 -ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli 142 saylı müqavilədə öhdəliklərin icrası zamanı ƏDV məbləğinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı borc məbləğinin yaranmasını, habelə yüksək faizlə hesablanmış dəbbə pulu və faiz məbləğinin hesablanması qaydasını təsdiq edən arayışı iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda, iddiaçının tələb etdiyi dəbbə pulu artıq göstərildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu da artıq hesablanmış və bu səbəbdən iddianın əsassız olduğu bir daha sübut edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq əsassız olduğuna görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin ediməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X3 məhkəmənin baxış iclasında iştirak edərək borcu ödəmək üçün vaxt lazım olduğunu bildirmiş, borca etiraz etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən edilən halların ondan ibarətdir ki, iddiaçı (əvvəlki adı – “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 142 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adıçəkilən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xidmətlərin göstərilməsinin ilkin sifariş üzrə həyata keçirilməsi, iddiaçının yerinə yetirdiyi işlərin təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınması, hesablaşmaların tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli 01 və 02 nöməli qiymətlərin razılaşdırılması protokolları ilə “Shantui SD-32” markalı 1**-FB-*** dövlət qeydiyyat nişanlı buldozer ilə xidmətlərin göstərilməsi və həmin buldozerin evakuator ilə daşınması xidməti üçün xidmət haqqı şərtləşdirilmişdir. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 6705,53 manat, xx.xx.2023-cü il tarixli 02 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 14044,19 manat dəyərində xidmət (ümumilikdə ƏDV daxil 20749,72 manat) cavabdeh tərəfindən təhvil alınmış, xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDU 566949 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDV 754270 seriya və nömrəli elektron qaimələr tərtib edilməklə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5682,64 manat əsas və 1022,88 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 2142,33 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 3000 manat əsas, xx.xx.2024-cü il tarixdə 2901,86 manat əsas məbləğ olmaqla ümumilikdə ƏDV daxil 14749,71 manat ödəniş edilmişdir.

11. İddiaçı görülmüş işlərin qalıq dəyəri olan ƏDV daxil olmaqla 6000 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdeh xx.xx.2023-cü il tarixli 142 nömrəli xidmət müqaviləsi üzrə borca etiraz edir, həmçinin əsas borcu ödəmək üçün vaxt verilməsini xahiş edir.

13. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 142 saylı müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

18. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

19. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

20. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

21. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 6000 manat məbləğində borcu yaranmış, xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin 4.3-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 142 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 6000 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

28. İddia ərizəsində iddiaçı həmçinin 26565,12 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

29. xx.xx.2023-cü il tarixli 142 nömrəli xidmət müqaviləsinin 4.4-cü bəndinə əsasən, Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% miqdarında cərimə ödəyir.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

33. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən öhdəlik üzrə əhəmiyyətli dərəcədə ödənişlər edilmişdir.

34. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 400 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.

35. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 400 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən faiz məbləğinin tutulması tələbi ilə bağlı

36. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanmaqla 363,23 manat məbləğində pulun da tutulmasını tələb edir.

37. Belə ki, Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

38. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddəsi o halda tətbiq edilə bilər ki, qanunla və ya müqavilə ilə əsas borcun üstünə faizlər hesablanması nəzərdə tutulsa da, müvafiq məbləğ – faiz məbləği qanunda və ya müqavilədə müəyyənləşdirilməmiş olsun.

39. Lakin məhkəmə qeyd edir ki, hazırda tərəflər öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı faiz formasında dəbbə pulu razılaşdırmış, həmin dəbbə pulunun konkret faizi müqavilədə əks olunmuşdur. Belə olan halda, Mülki Məcəllənin 439.3-cü maddəsinin hazırkı işə tətbiqi mümkün deyildir.

40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən 363,23 manat faiz məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

41. İddiaçı həmçinin ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********27 nömrəli mədaxil qəbzinə əsasən 189 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6000 manat əsas borc, 400 manat cərimə məbləği olmaqla ümumilikdə 6400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar