Məhkəmə qərarları › İş №e-2-2(113)-10399/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10399/2025

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10399/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ziyanın ödənilməsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 414.77 (dörd yüz on dörd manat 77 qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 445.17 (dörd yüz qırx beş manat, 17 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC PROCİTYAVTOBUS” markalı avtobus 2 saylı marşrut xətti üzrə xidmətdə olarkən gecə saat 00:28 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə üzü “Elit” TM istiqamətində hərəkət edən zaman yolun sağ çiynində yerləşən kanalizasiya lyukunun üstündən keçərkən lyukun qapağı çevrilərək avtobusun orta qapısına dəymiş və şüşəsini sındırmışdır. Avtobusu idarə edən sürücü hadisə barədə Cəmiyyətin izləmə mərkəzinə dərhal məlumat vermişdir. Hadisə nəticəsində Cəmiyyətə xx.xx.2024-cü il tarixli 11360 saylı Zərər Aktına əsasən 414,77 (dörd yüz on dörd manat 77 qəpik) manat maddi ziyan dəymişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdeh tərəflə bir neçə dəfə mobil telefon vasitəsi ilə danışılmış, hadisə yerinin koordinatları istənilmiş və tərəflərindən cavabdehə verilmiş, hadisənin sonrakı günü adıgedən kanalizasiya lyukunun nasaz olduğu barədə videgörüntü təqdim edilmişdir. Lakin, onlarda olan məlumata görə cavabdeh avtobusa dəymiş ziyanın qarşılanması üçün müvafiq tədbir görmək əvəzinə Cəmiyyətin nümayəndəsi iştirak etmədən yerində baxış keçirib və lyukun qapağını elektrikli qaynaqla bağlamışdır və həmin qapağın guya təhlükəsiz olduğunu sübut etmək üçün özünə məxsus tədbir görmüşdür. Danışıqların, eləcə də, ESD portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2025-ci il tarixində ünvanlanmış pretenziya məktubuna müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır.

3. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçının sübutlarını yetərli hesab etmədiyindən, iddia tələbini qəbul etməmişdir. Belə ki, İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli, 13-18/2-60/2025 saylı məktubuna cavab olaraq hadisə ilə bağlı digər sübutedici sənədlərin onlara təqdim edilməsini xahiş etmişlər, lakin iddiaçı tərəfindən hər hansı sübut onlara təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. BMC X1 MMC tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli, 11360 nömrəli zərər aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisədə BMC Procity markalı, **- JU-*** dövlət qeydiyyat nömrəli avtobusa (orta qapı şüşəsinin sökülüb yığılması və xidmət haqqı) ümumilikdə 414,77 manat məbləğində zərər dəymişdir.

8. İddiaçı MMC-nin “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsin Nərmanov rayon Su Kanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-li “BMC PROCİTY AVTOBUS” markalı avtobus 2 saylı marşurut xətti üzrə xidmətdə olarkən gecə saat 00:28 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə üzü “Elit” TM istiqamətində hərəkət edən zaman yolun sağ çiynində yerləşən kanalizasiya lyukunun üstündən keçərkən lyukun qapağının avtobusun şüşəsinin sındırması ilə bağlı idarənin qəza-bərpa briqadası tərəfindən qeyd olunan ünvanda yerləşən kanalizasiya lyuklarının üzərindəki qapaqlara və yağış barmaqlıqlarına baxış keçirilərək foto-şəkilləri çəkilmişdir. Lakin nasaz vəziyyətdə olan lyuk qapaqlarına və yağış barmaqlıqlarına rast gəlinməmişdir. Qeyd edilənlər nəzərə alınaraq hadisə ilə bağlı MMC-də olan sübutların (sürücü tərəfindən hadisəni qeydə alan fotoşəkil) və digər sübutedici sənədlərin göndərilməsi xahiş edilmişdir.

9. İddiaçı MMC tərəfindən təqdim edilmiş 4 ədəd fotoşəkildən görünür ki, BMC Procity markalı, **-JU-*** dövlət qeydiyyat nömrəli avtobusun orta qapısının şüşəsinin sınması əks olunmuşdur.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

14. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

15. Hazırda iddia tələbinin əsasını xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-li “BMC PROCİTY AVTOBUS” markalı avtobus 2 saylı marşurut xətti üzrə xidmətdə olarkən gecə saat 00:28 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə üzü “Elit” TM istiqamətində hərəkət edən zaman yolun sağ çiynində yerləşən kanalizasiya lyukunun üstündən keçərkən lyukun qapağı çevrilərək avtobusun orta qapısına dəyməsi və şüşəsinin sınması nəticəsində sözü gedən avtobusa ümumilikdə 414,77 manat məbləğində zərər dəyməsi təşkil edir.

16. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

18. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

19. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarnda qeyd olunmuşdur ki, “......Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

21. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

22. İşin məhkəmə araşdırılması ilə cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən edilmir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə pretenziya qaydasında müraciət edilərək xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-li “BMC PROCİTY AVTOBUS” markalı avtobus 2 saylı marşurut xətti üzrə xidmətdə olarkən gecə saat 00:28 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə üzü “Elit” TM istiqamətində hərəkət edən zaman yolun sağ çiynində yerləşən kanalizasiya lyukunun üstündən keçərkən lyukun qapağının avtobusun şüşəsinin sındırması ilə dəymiş zərərin ödənilməsi tələb edilmiş, lakin “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsin Nərmanov rayon Su Kanal İdarəsi tərəfindən pretenziyaya cavab verilərək mövcud hadisə ilə bağlı idarənin qəza-bərpa briqadası tərəfindən qeyd olunan ünvanda yerləşən kanalizasiya lyuklarının üzərindəki qapaqlara və yağış barmaqlıqlarına baxış keçirilərək foto-şəkilləri çəkilməsi, lakin nasaz vəziyyətdə olan lyuk qapaqlarına və yağış barmaqlıqlarına rast gəlinmədiyi bildirilmiş, eləcə də hadisə ilə bağlı MMC-də olan sübutların (sürücü tərəfindən hadisəni qeydə alan fotoşəkil) və digər sübutedici sənədlərin göndərilməsi xahiş edilmişdir.

24. Göründüyü kimi iddiaçı tərəfindən İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-li “BMC PROCİTY AVTOBUS” markalı avtobusun orta qapısına dəymiş və şüşəsini sınmasını əks etdirən fotoşəkillər məhkəməyə təqdim edilsə də, həmin ziyanın məhz cavabdeh təşkilat tərəfindən vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

27. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.

29. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz.

30. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

31. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar