Məhkəmə qərarları › İş №e-2-2(113)-1040/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1040/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1040/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli 12NAR/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylıəlavə kredit müqaviləsinə əsas kredit borcu üzrə 24855,02 manat, faiz borcu üzrə 1044,86 manat, cəmi 25899,88 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, mediasiya xərci kimi ödənilmiş 400 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 MMC-nin xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylı əlavə kredit müqaviləsi üzrə 24855,02 AZN, faiz borcu üzrə 1044,86 manat, cəmi 25899,88 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, mediasiya xərci kimi ödənilmiş 400 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin ilkin satış qiymətinin 340.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın “torpaq sahəsinin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Tağısoy iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehlər tərəfindən müəyyən ödənişlər edilmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır. Lakin iddia tələbinin həcmi azaldıldıqdan sonra cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 12NAR/19 saylı xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsinə əsasən borc verən borc alana 1.000.000 manat məbləğində, illik maksimum 28 faiz, minimum 1 ay, maksimum 60 ay müddətinə, xx-xx- 2024-cü il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. Müqavilənin 1.5-ci bəndinə əsasən borcverən öz mülahizəsinə əsasən ipoteka (girov) predmetinin likvid qiymətini nəzərə almaqla borcalana bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kreditlər verə bilər. İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 12NAR/19-1 saylı xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kredit məbləği 200.000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək illik 17 faiz ödəmək şərtilə verilir. 12NAR/19-1 saylı kredit müqaviləsinə 1 saylı əlavədə borcalanın kredit müqaviləsi üzrə ödənilməli olan aylıq ödənişləri qeyd olunmuşdur. İddiaçı ilə cavabdehlər "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12NARZ/19 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 12NAR/19-1 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditor tərəfindən borcluya xx.xx.2021-ci il tarixədək 24 ay müddətinə kreditdən istifadəyə görə illik 17 % ödənilməsi şərtilə 200.000 manat məbləğində kredit verilir. İddiaçı ilə cavabdehlər Cavabdeh4 MMC MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 12NARZ/19 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısından borclunun 12NAR/19-1 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditor tərəfindən borcluya xx.xx.2021-ci il tarixədək 24 ay müddətinə kreditdən istifadəyə görə illik 17 % ödənilməsi şərtilə 200.000 manat məbləğində kredit verilir. İddiaçı ilə Cavabdeh4 MMC və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan (X3) müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə bank borc alanın (ipoteka qoyanın) öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixində qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka predmeti kimi çıxış edən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsi (bundan sonra – ipoteka predmeti) ipoteka saxlayana ipoteka qoyur. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 340.000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, UB-Bank/PİKMD/1048177 nömrəli arayışdan görünür ki, Cavabdeh4 MMC-nin 12NAR/19-1 saylı kredit müqaviləsi üzrə əsas borcu 24855,02 manat, faiz borcu 1044,86 manat, cərimə borcu 0 manat, cəmi 25899,88 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/1791 saylı sorğuya cavabdan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2022-ci il tarixədək X2 adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş məktublardan görünür ki, ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi həmin obyektin sahibləri ilə əlaqə saxlamaq mümkün olmadığından mümkün olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli ƏEM/A 54-574/22 saylı ekspert rəyindən görünür ki, ipoteka predmetinin 30 avqust 2022-ci il tarixə olan bazar dəyəri 390000 manat, likvid dəyəri isə 360000 manat təşkil edir. Xidmət haqqı 300 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 12NAR/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylıəlavə kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsi göstərilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmiş, 24855,02 manat məbləğində əsas borc və 1044,86 manat məbləğində faiz borcu ödənilməmiş qalmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh4ndən xx.xx.2019-cu il tarixli 12NAR/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylı əlavə kredit müqaviləsinə əsas kredit borcu üzrə 24855,02 manat, faiz borcu üzrə 1044,86 manat, cəmi 25899,88 manat borc tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, həmin ipoteka predmetinin ilkin satış qiyməti 360000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən iddiaçıya olan borclar ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Materiallardan görünür ki, iddiaçı tərəfindən bildirişlərin dövlət qeydiyyatına alınması üçün 30 manat dövlət rüsumu, 40 manat xidmət haqqı, ilkin medasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumları (ümumilikdə 470 manat) cavabdehlərə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh4ndən müştərək qaydada xx.xx.2019-cu il tarixli 12NAR/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 24855,02 (iyirmi dörd min səkkiz yüz əlli beş manat iki qəpik) manat, faiz borcu üzrə 1044,86 (bir min qırx dörd manat səksən altı qəpik) manat, cəmi 25899,88 (iyirmi beş min səkkiz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat borc və iddiaçı "xxxx" KB ASC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə yönəldilsin. Əmlakın ilkin satış qiyməti 360000 manat müəyyən edilməklə hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli 12NAR/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 12NAR/19-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 24855,02 (iyirmi dörd min səkkiz yüz əlli beş manat iki qəpik) manat, faiz borcu üzrə 1044,86 (bir min qırx dörd manat səksən altı qəpik) manat, cəmi 25899,88 (iyirmi beş min səkkiz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat borc və iddiaçı "xxxx" KB ASC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh4ndən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab: AZ30GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar