Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1042/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1.770,0 manat icarə haqqı borcunun, 138,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimənin, ümumilikdə 1.908,50 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış 24 yanvar 2022ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1.770,0 manat icarə haqqı borcunun, 138,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimənin, ümumilikdə 1.908,50 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsinin giriş hissəsinin sol tərəfində 11 kv.m-dən ibarət qəhvə satışı üçün nəzərdə tutulan sahəni 11 ay müddətinə icarəyə götürməyi və aylıq 500 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 5.1ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 1.770,0 manat icarə haqqı borcu, 138,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 1.908,50 manat borc yaranmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəyə verən icarəçi tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 7.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 10 iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Tərəflər arasında imzalanmış 21 sentyabr 2022-ci il tarixli Sazişə əsasən 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsinə 1 oktyabr 2022-ci il tarixindən xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 26 sentyabr 2022-ci il tarixli 11-2022-0137 nömrəli pretenziya məktubu ünvanlanaraq, cavabdehdən 2000 manat icarə haqqı borcunun, 128,50 manat cərimə faizinin, cəmi 2.128,50 manat borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən 27 sentyabr 2022-ci il tarixində 230 manat ödənilmiş, lakin qalıq borc tam şəkildə ödənilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 14 noyabr 2022-ci il tarixli 11-2022-0170 nömrəli mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən Qanunla müəyyən edilmiş müddət ərzində təklifə münasibət bildirilməmişdir. Bununla əlaqədar, Qanunun 28.3-cü maddəsinə uyğun olaraq iddiaçı tərəfindən 1 dekabr 2022-ci il tarixli 11-2022-0186 nömrəli məktubla Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və Təşkilat tərəfindən X6 mediator qismində təyin olunmuşdur. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, bu səbəbdən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə “Arayış” təqdim olunmuşdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 1.908,50 manat məbləğində pulun ödənilməsi tələb olunur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsinin giriş hissəsinin sol tərəfində 11 kv.m-dən ibarət qəhvə satışı üçün nəzərdə tutulan sahəni 11 ay müddətinə icarəyə verməyi, cavabdeh isə aylıq 500 manat icarə haqqını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 4 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2000 manat dəyərində icarə haqqına dair elektron qaimə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 1-ci mərtəbəsinin giriş hissəsinin sol tərəfində 11 kv.m-dən ibarət qəhvə satışı üçün nəzərdə tutulan sahəni 11 ay müddətinə icarəyə verməyi, cavabdeh isə aylıq 500 manat icarə haqqını iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İcarə Müqaviləsi üzrə cavabdehin iddiaçıya 2000 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən həmin borcdan 230 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 1770 manat borcu qalmışdır. Eyni zamanda cavabdeh məhkəmə iclasında borcu etiraf etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, sahəni cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 80 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 39,08 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 60 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 96,93 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 58,8 manat (60 manat (mediasiya xərci) – 1,2 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 58,8 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1770 manat icarə haqqı borcu, 80 manat cərimə və mediasiya xərcinə görə 58,8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 11-İ-2022-0002 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1770 manat icarə haqqı borcu, 80 manat cərimə və mediasiya xərcinə görə 58,8 manat X1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1042/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1042/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver