Məhkəmə qərarları › İş №e-2-2(113)-1044/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1044/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1044/2022 20.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seydova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ASC qarşı iddia və məhkəmənin hazırlıq iclasında iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.523 manat məbləğində icarə haqqı borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə Cavabdeh X7 Cəmiyyəti arasında bağlanılmış 30.11.1998-ci il tarixli, 11/3-118 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 6275.1 kv.m torpaq sahəsi Cavabdeh ATSC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə 30.04.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan 5523 (beş min beş yüz iyirmi üç) manat məbləğində icarə haqqı borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi ilkin nüsxədə məhkəməyə təqdim edilərkən cavabdehin 31.12.2021-ci il tarixinədək yaranmış icarə haqqı borcu tələb edilsədə, sonradan qeyd edilən tarixə yaranmış borc cavabdeh tərəfindən ödənildiyindən iddiaçı tərəfindən məhkəmənin hazırlıq mərhələsində iddia dəyişdirilmiş və cavabdehin 30.04.2022-ci il tarixədək yaranmış 5.523 manat borcun ödənilməsi tələb edilmişdir. Ona görə də, hazırki mübahisənin predmetini 30.04.2022-ci il tarixədək cavabdehin icarə haqqı borcunun olub-olmaması təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin 675, 700.1-ci maddələri və Torpaq İcarəsi haqqında qanunun 23-cü maddəsi, Torpaq Məcəlləsinin 82-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq İcarəsi haqqında qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludurlar. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə Cavabdeh X7 Cəmiyyəti arasında 30.11.1998-ci il tarixli, 11/3-118 nömrəli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 6275.1 kv.m torpaq sahəsi, 5960,1 kv.m tikinti altında və 315 kv.m sərbəst sahəni Cavabdeh ATSC-nin icarəsinə verilmişdir. İşin digər mübahisələndirilməyən halları da ondan ibarətdir ki, qeyd edilən icarə müqaviləsi üzrə aylıq icarə haqqı 1.380,52 manat təşkil edir və cavabdeh 31.12.2021-ci il tarixədək olan borcunu tam olaraq ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 30.04.2022-ci il tarixdək olan 5.532 manat məbləğində borcun ödənilməsini tələb edir. Cavabdeh isə buna etiraz edirək, 30.04.2022-ci ilədək olan borcu ödəməli olmadığını, buna görə iddiaçının hesab faktura verməli olduğunu bildirir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə, müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehdən 30.04.2022-ci il tarixdək olan borcu tələb etmək hüququnun olub-olmaması və cavabdehin isə qeyd edilən tarixə icarə haqqını ödəməli olub-olmmasını müəyyən etməkdir. Mülki Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Qeyd edilən normaların da tələblərindən də göründüyü kimi icarə haqqının ödənilməsi qaydası yəni, hansı məbləğdə, nə zaman ödəməli olması müqavilədə göstərilən qaydada həyata keçirilməlidir. Tərəflər arasında bağlanmış 30.11.1998-ci il tarixli, 11/3-118 nömrəli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə haqqı hər rübün əvvəlində icarəyəverən tərəfindən müəyyən edilmiş hesablara ödənilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında artıq üzun müddətdir ki, icarə hüquq münasibətləri mövcud olduğundan cavabdeh tərəfindən hansı hesaba pul köçürməli olması ona bəlli olmuşdur. Göründüyü kimi, müqavilədə icarə haqqının hər rübün əvvəlində ödənilməli olması nəzərdə tutulmuşdur. Belə olan halda, 2022-ci ilin birinci rübünün 31.03.2022-ci ildə bitdiyini və 2022-ci ilin ikinci rübünün aprel ayında başlanmasını nəzərə alaraq cavabdeh tərəfindən artıq icarə haqqı üzrə ödənişləri icra etmək vaxtı çatmış, cavabdeh isə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən icarə haqqını ödəmək vəzifəsi və iddiaçının da müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən hesab-faktura təqdim etməli olması dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən hesab-faktura təqdim edilməli olması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Hazırda da, iddiaçının 2022-ci ilin 2 rübünü deyil, cəmi 4 ay üzrə icarə haqqı borcunu tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 5.523 (1380,52x4) manat məbləğində cavabdehin icarə haqqı borcu yaranmışdır. Ona görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30.11.1998-ci il tarixli, 11/3-118 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı üzrə 5.523 (beş min beş yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar