Məhkəmə qərarları › İş №e-2-2(113)-1046/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1046/2022

20.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1046/2022 20.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 164847,78 manat məbləğində borcun, həmçinin mediasiya xərci üçün ödənilmiş 400 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 42859 saylı 17.05.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən və 03.05.2018-ci il tarixli 233565 saylı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 1648847,78 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehin ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin bu günədək iddiaçıya heç bir məbləğ ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 may 2017-ci il tarixli 42859 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını (cavabdeh) malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən malın qiyməti satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi satıcının müstəsna səlahiyyətindədir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 1 il müddətində etibarlıdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin etibarlılıq müddətinin bitməsinə 7 iş günü qalmışa qədər tərəflərdən biri digərinə müqavilənin uzadılmasında imtinasını yazılı şəkildə bildirməzsə, müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab olunur. Müqaviləyə 1 nömrəli əlavədə tərəflər müqavilə üzrə ödənilməli olan başlanğıc ödənişlərini, son ödənişləri və yeni total faiz dərəcələrini razılaşdırmışlar. İddiaçı tərəfindən cavabdehə 03.03.2018-ci il tarixli 1 nömrəli qaimə-fakturaya əsasən 4700 manat, 23.01.2018-ci il tarixli 15 nömrəli qaimə-fakturaya əsasən 26500 manat, 21.04.2018-ci il tarixli 34 nömrəli qaimə-fakturaya əsasən 3359,916 manat, 13.036.2018-ci il tarixli 1 nömrəli qaimə-fakturaya əsasən 826 manat, 03.04.2018-ci il tarixli 0 nömrəli qaimə-fakturaya əsasən 11600 manat, 18.01.2018-ci il tarixli 2 nömrəli qaimə-fakturaya əsasən 2350 manat, 13.01.2018-ci il tarixli 2 nömrəli qaimə-fakturaya əsasən 2350 manat, 06.01.2018-ci il tarixli 2 nömrəli qaimə-fakturaya əsasən 11600 manat, 13.01.2018-ci il tarixli 2 nömrəli qaimə-fakturaya əsasən 11600 manat, 25.01.2018ci il tarixli qaimə-fakturaya əsasən 9280 manat, 01.05.2018-ci il tarixli 3 nömrəli qaiməfakturaya əsasən 7980,8 manat, 13.04.2018-ci il tarixli 32 nömrəli qaimə-fakturaya əsasən 11630 manat, 18.04.2018-ci il tarixli 7 nömrəli qaimə-fakturaya əsasən 339,2 manat, 20.04.2018-ci il tarixli 29 nömrəli qaimə-fakturaya əsasən 299 manat, 20.04.2018-ci il tarixli 1 nömrəli qaimə-fakturaya əsasən 11600 manat, 13.03.2018-ci il tarixli 1 nömrəli qaimə-fakturaya əsasən 11600 manat məbləğində mal göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 may 2018-ci il tarixli 233565 nömrəli üzləşmə aktından görünür ki, 03.05.2018-ci il tarixinə cavabdehin iddiaçıya olan borcunun məbləği 164847,78 manat təşkil edir. Akt tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdeh göndərilmiş 30 iyun 2021-ci il tarixli 01 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə yaranmış 164847,78 manat məbləğində pulu 5 iş günü ərzində cavabdehdən ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 noyabr 2021-ci il tarixi 23 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh 04.03.2022-ci il tarixdə Məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək tərəflər arasında olan “Üzləşmə aktı”nın mövcud borcun etirafı haqqında müqavilə olduğunu, həmin müqavilənin bağlandığı tarixdən 3 ildən artıq müddət keçdiyini nəzərə alaraq iddia müddətini tətbiq etməklə hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 17 may 2017-ci ilk tarixli 42859 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında alqı-satqı müqaviləsi 17 may 2017-ci il tarixdə bağlanmış, həmin müqavilə üzrə 164847,78 manat borcunun olmasını cavabdeh 03.05.2018-ci il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 03.05.2021ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı 18.08.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlamış, hazırkı iddia ilə 24.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə 18.10.2005-ci il tarixli qərarı). Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar