Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10460/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət münasibətləri, podrat müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 iyul 2025-ci il tarixli xidmət müqaviləsi üzrə 3249,98 manat ƏDV daxil 21305,44 manat məbləğində pulun və ödənilmiş 154 manat dövlət rüsumu, 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 24/55 nömrəli 28 iyul 2025-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır və bu müqavilənin predmetinə əsasən icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəliyini götürmüşdür. Həmin müqaviləyə əsasən adları təhvil-təslim aktları və elektron-qaimələrdə qeyd edilən xidmət göstərilmiş və təhvil verilmişdir. Təqdim olunan sənədlərdən də göründüyü kimi, xidmətin dəyərinin ödənilməsi üçün aşağıda qeyd edilən elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir: xx.xx.2025 tarixli MT2509 11541679 nömrəli, əsas məbləğ 1384,56, ƏDV 249,22, cəmi 1633,78 manat; xx.xx.2025 tarixli MT2509 11542852 nömrəli, əsas məbləğ 7730,8, ƏDV 1391,54, cəmi 9122,35; xx.xx.2025 tarixli MT2509 11543425 nömrəli, əsas məbləğ 4923,1, ƏDV 886,16, cəmi 5809,26; xx.xx.2025 tarixli MT**********22 nömrəli, əsas məbləğ 5948,71, ƏDV 1070,77, cəmi 7019,48; xx.xx.2025 tarixli MT2510 10557919 nömrəliəsas məbləğ 8376,06, ƏDV 1507,69, cəmi 9883,75; xx.xx.2025 tarixli MT2510 10558288 nömrəli, əsas məbləğ 7692,3, ƏDV 1384,61, cəmi 9076,91. Yuxarıda qeyd edilən qaimələr üzrə cavabdehin 36 055,53 manat əsas borc, 6 489,99 manat ƏDV borcu, ümumilikdə 42545,52 manat öhdəliyi yaranmışdır. Lakin tərəflər arasında imzalanmış 28 iyul 2025-ci il tarixli xidmət müqaviləsinin 2.1.3-cü maddəsinə göstərilən şərtlərə əməl edilməmişdir və müqavilə şərtlərinə əsasən xx.xx.2025-ci il tarixindən 18 055,46 manat əsas borc, 3249,98 manat ƏDV borcu, ümumilikdə 21 305,44 manat qalıq borcu vardır. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış borc məbləğinin ödənilməsi tələbi barəsində pretenziya göndərilmiş və mövcud borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən mövcud borc ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14, 385.1, 442-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, “Amal Group” podratçı qismində çıxış etmiş, cavabdeh subpodatçı olmuşdur. İddiaçı da podratçı tərəfindən işə cəlb edilmiş, cavabdehlə müqavilə bağlamışdır. İddiaçı tərəfindən 18000 manat dəyərində iş görülmüş, həmin işlərin dəyəri ödənilmişdir. Lakin cavabdehin direktoru ilə iddiaçı arasında yaxın münasibət olduğundan cavabdehin direktorunun faksimile imzası və möhürü iddiaçıda olmuşdur. Sonuncu cavabdehi xəbərdar etməklə sənədləri imzalamalı və möhürləməli olduğu halda, belə etməmiş, cavabdehə xəbər vermədən sənədləri təsdiq etmişdir. Hazırkı borc da məhz belə yaranmışdır.
7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, cavabdehin direktoru 2025-ci ilin avqust ayında ölkə xaricində olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 28 iyul 2025-ci il tarixli 24/55 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək cavabdehə təhvil verməyi, cavabdeh isə iddiaçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra iddiaçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2025-ci il tarixli 03 nömrəli əlavə ilə xidmət haqqının təhvil-təslim aktı təhvil verdikdən sonra 30 təqvim günü ərzində ödənilməsi razılaşdırılmış, xidmətin məzmunu kimi “Hyundai Robex” markalı 14T359 dövlət qeydiyyat nişanlı ekskavatorla torpaq qazıntı işləri şərtləşdirilmişdir. Hər iki tərəfin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən ƏDV daxil 42545,47 manat dəyərində xidmət cavabdeh tərəfindən təhvil alınmışdır.
12. İddiaçı 28 iyul 2025-ci il tarixli 24/55 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 3249,98 manat ƏDV daxil 21305,44 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh xidmətlərin göstərilmədiyini, faksimile imza və möhürün iddiaçıda olduğu, bu səbəbdən təhvil-təslim aktlarının imzalandığını bildirir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 28 iyul 2025-ci il tarixli 24/55 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
15. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
17. İddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.
18. Cavabdehin etirazı ilə bağlı göstərilməlidir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada cavabdehin xidmətləri qəbul etməsi yalnız onun qanuni təmsilçisinin imzası ilə əlaqələndirilə bilməz. Elektron qaimələrin ləğv edilmək üçün qaytarılmaması, ötən dövr ərzində maliyyə-mühasibatlıq hesabatları tərtib edilərkən göstərilməyən xidmət üçün elektron qaimənin mövcudluğunun aşkar olunmaması, bu barədə keçən dövr ərzində hər hansı etiraz göndərilməməsi ağlabatan deyildir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 2 ədəd elektron qaimə istisna olmaqla digər elektron qaimələrə istinadla ƏDV ödənişləri edilmişdir.
19. Cavabdehin direktorunun ölkə xaricində olması ilə bağlı göstərilməlidir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti ilə “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə yalnız xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində ölkə ərazisində olmadığı təsdiq edilmişdir. Halbuki təhvil-təslim aktlarına hüquqi şəxsin möhürü vurulmuşdur. Qeyd edilən möhürün isə müqavilə üzrə kontragentə verilməsi ağlabatan deyildir.
20. Bununla yanaşı, Mülki Məcəllənin 331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.
21. Hazırkı iş üzrə cavabdehin qəbul etdiyi müqavilə və təhvil-təslim aktları da imzanın faksimilesindən istifadə edilməklə təsdiq edildiyindən tərəflərin faksimile imzadan istifadəsinin yol verilməsinə razılığının olduğu qənaətinə gəlinir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
28. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli FT200922NB01 nömrəli xidmət müqaviləsi üzrə 3249,98 manat ƏDV daxil 21305,44 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı ödənilmiş 154 manat dövlət rüsumunun, 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 154 manat ödəniş edilmişdir.
32. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 400 manat məbləğində pul “Arbitrium” vəkil bürosunun hesabına ödənilmişdir (xx.xx.2025-ci il tarixli EO-1338VK-54469/26 nömrəli vəkil orderi).
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
35. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 400 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 24/55 nömrəli xidmət müqaviləsi üzrə 3249,98 manat ƏDV daxil olmaqla 21305,44 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova