Məhkəmə qərarları › İş №e-2-2(113)-10494/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10494/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10494/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 381,13 manat əsas borc, 119 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530,13 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 381,13 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-ci il tarixinə qədər 381,13 manatı hissə-hissə, xx.xx.2024--cü il tarixindən başlayaraq hər ay 127,04 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan cavabdeh ödəniş etməmiş və 381,13 manat əsas borc qalmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə görə borclu hər gecikdirilən gecikmə gününə görə qalıq borcun 0,2 faizi həcmində dəbbə pulu ödəyəcəkdir. Bu bəndə əsasən 119 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh cəmiyyətə 381,13 manat əsas borc, 10 sentyabr 2024-cü ildən 08 dekabr 2025- ci ilə qədər 119 manat dəbbə pulu olmaqla, cəmi 500,13 manat borcu yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 425.1, 427.1, 442, 443.1, 443.2, 445.4, 448.2, 449.1, 882.1, 882.2-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AC-BVƏ/10-06-24/ƏS nömrəli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 381,13 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-ci il tarixinə qədər, 381,13 manatı hissə-hissə xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay 127,04 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən borclu öhdəlilk kimi öz üzərinə götürür ki. bu müqavilə təsdiqləndiyi gündən başlayaraq 10 sentyabr 2024-cü il tarixinə 381,13 (üç yüz səksən bir manat on üç qəpik) manat borcunu cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. Həmin müqavilənin 2.3-cü bəndinə görə borclu hər gecikdirilən gecikmə gününə görə qalıq borcun 0,2 faizi həcmində dəbbə pulu ödəyəcəkdir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.

6. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, “Mən, Cavabdeh Əlaskar oğlu bildirirəm ki, İddiaçı ASC ilə əməkdaşlıq etmişəm. Müəyyən müddət problemlərimin olması səbəbindən Cəmiyyətə olan borcumu tam şəkildə ödəyə bilməmişəm. Hal-hazırda mənim Cəmiyyətə 381.13 (üç yüz saksan bir manat on üç qəpik) manat borcum yaranmışdır. Nağd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də Cəmiyyətdən xahiş edirəm ki, mənim borcumun 10 iyul 2024-cü il tarixindən etibarən hissə-hissə ödənilməsi ilə bağlı möhlət verilsin. Qeyd olunan məbləğdə borcumun olduğunu qəbul edirəm. Borc məbləğini ödəmək üçün imkanım olmadığından 2024-cü ilin sentyabr ayının 10-a qədər 381,13 (üç yüz səksən bir manat on üç qəpik) manat məbləği ödəmək üçün mənə vaxt verməyinizi Sizdən xahiş edirəm. Bu məbləğin borc kimi xx.xx.2024-cü il tarixinədək İddiaçı ASC-nin xəzinəsinə geri qaytarılmasına tam məsuliyyətlə cavabdehəm. Göstərdiyim müddətdə borcu qaytarmadığım təqdirdə mənim barəmdə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət oluna bilər”.

7. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “borc məbləğinin müəyyən edilməsi haqında” aktda Cavabdeh xx.xx.2024-cü il tarixinə 381,13 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur.

8. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışında borclu Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 500,13 manat borcunun mövcudluğu qeyd olunmuşdur.

9. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh İddiaçı ASC-yə olan 381,13 manat borcunu etiraf etmiş və həmin borcu 10 iyun 2024-cü il tarixindən başlayaraq 10 sentyabr 2024-cü il tarixinə qədər 3 ay müddətinə, hər ay 127,04 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin borc tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (malların alqı-satqısı) ilə bağlı yaranan borcdur.

13. İddia tələbinin bir hissəsini Cavabdeh 381,13 manat borcun tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə tam təmin edilməli, Cavabdeh 381,13 manat (üç yüz səksən bir manat on üç qəpik) borc iddiaçının xeyrinə tutulmalıdır.

15. İddia tələbinin digər hissəsini cavabdehdən 119 manat (bir yüz on doqquz manat) dəbbə pulunun tutulması təşkil edir.

16. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 20 (iyirmi) manat müəyyən edilməli, dəbbə pulunun tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 381,13 manat (üç yüz səksən bir manat on üç qəpik) borc, 20 (iyirmi) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat olmaqla, ümumilikdə 425,13 manat (dörd yüz iyirmi beş manat on üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar