Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1052/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC00375374-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 229268,49 manat əsas borc, 45337,58 manat faiz borcu, 72394,66 manat cərimə borcu olmaqla, cəmi 347000,73 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 637 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə X5 (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə onGTC-SE/0381 saylı Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-cı il tarixli 1.0.4 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X11 çərçivəsində xx.xx.2021-ci il tarixliDC00375374-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250.000 (iki yüz əlli min) manat məbləğində daşınmaz əmlakın alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləriDC00375374-03 saylı (hesab №010DGAAAZN54407) maliyyələşdirmə üçün ərizəyə əsasən 229,268.49 (iki yüz iyirmi doqquz min iki yüz altmış səkkiz manat qırx doqquz qəpik) manat əsas borc, 45,337.58 (qırx beş min üç yüz otuz yeddi manat əli səkkiz qəpik) manat faiz borcu, 72,394.66 (yetmiş iki min üç yüz doxsan dörd manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 347,000.73 (üç yüz qırx yeddi min manat yetmiş üç qəpik) manat təşkil edir, gecikmə günü: 933 İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 637 (altı yüz otuz yeddi) manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X6 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X6 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sonuncu ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert edilmiş ödənişlər üzrə silinmələri düzgün qaydada etməmiş, ödənişlər gecikmələrlə edildiyi üçün ödənişlərin bir qismi cəriməyə silinməli olduğu halda əsassız olaraq faiz borcdan silinmişdir. Bu səbəbdən iddianın tam təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə onGTC-SE/0381 saylı Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-cı il tarixli 1.0.4 versiyası imzalanmış, cavabdeh həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir.
13. İddiaçı ilə cavabdeh arasında X11 çərçivəsində xx.xx.2021-ci il tarixli, DC00375374-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, PB/BPŞ-OUT-01244- 2024/2 nömrəli maliyyə arayışına görə cavabdehin DC00375374-03 saylı (hesab №010DGAAAZN54407) maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixə cavabdedə olan borcu 229268,49 manat əsas borc, 45337,58 manat faiz borcu, 72394,66 manat cərimə borcu olmaqla, cəmi borcu 347000,73 manat təşkil edir.
15. İddiaçı tərəfindən təqdim olunmuş cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 9/742 nömrəli ekspert rəyindən görünür ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 16 noyabr 2021-ci il tarixli, DC00375374-03 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2024-cü il tarixə əsas kredit borcu 250.000,00 manat, faiz borcu 90.558,73 manat, xx.xx.2024-cü il tarixə əsas kredit borcu 250.000,00 manat, faiz borcu 90.593,46 manat təşkil edir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli, 9/2877 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayış məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixdə, DC00375374- 03 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 224.382,35 manat, faiz borcu 12870,82 manat, gecikdirilmiş faiz borcu 9.037,62 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 224.382,35 manat, faiz borcu 12.870,82 manat, gecikdirilmiş faiz borcu 11.281,44 manat təşkil edir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DC00375374-03 saylı Maliyyələşdirmə üçün ərizəsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq əsas və faiz borclarının məbləğləri 10 iyun 2025-ci il tarixli, 9/2877 saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 224382,35 manat əsas borc, 12870,82 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 72394,66 manat manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 11200 manat müəyyən edilməlidir.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 224382,35 manat əsas borc, 12870,82 manat faiz borcu, 11200 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 538,45 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 98,55 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
33. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat təşkil edir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 224382,35 manat əsas borc, 12870,82 manat faiz borcu, 11200 manat cərimə borcu, 538,45 manat dövlət rüsumu, ümumilikdə 248991,62 (iki yüz qırx səkkiz min doqquz yüz doxsan bir manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 98,55 (doxsan səkkiz manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova