Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10533/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4116,75 manat məbləğində əsas borc, 327,59 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4444,34 manat məbləğində pul və 64,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 378446-1-5617 saylı zaminlik müqaviləsi əsasında bank qarşısında borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Bundan əlavə, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 378446-1-5617 saylı zaminlik müqaviləsinin tələbinə görə “kredit alan” xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, “zamin” “kredit alan” ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin və qanunvericiliyin tələblərinə əsasən xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 və Cavabdeh1 bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqavilələrinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edilir ki, bank tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı ödənilmiş 64,44 (altmış dörd qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarına “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” əlavə edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bankın müştərini ümumi şərtlərə, tariflərə və valyuta məzənnəsinə edilən əlavə və dəyişikliklər barədə həmin əlavə və dəyişiklikləri ümumi şərtlərdə nəzərdə tutulmuş qaydada bankın internet səhifəsində yerləşdirməklə, əməliyyat zalında və/və ya müştərinin telefonuna SMS göndərməklə məlumatlandırmaq vəzifəsi vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bankın kreditlər üzrə həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsi vardır. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən bankın kreditlər üzrə kredit alandan bank qarşısında öhdəliklərin hazırkı müqaviləyə müvafiq vaxtında və lazımi səviyyədə yerinə yetirməyi tələb etmək hüququ vardır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müştərinin kreditlər üzrə həmin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmaq və faizləri ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən müştərinin kreditin qaytarılması üzrə öhdəliyini həmin müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə tam və ya qismən vaxtından əvvəl icra etmək hüququ vardır. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilir. Həmin bəndə müvafiq olaraq müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliyə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar və digər tərəfə dəymiş ziyanı tam qarşılamalıdırlar.
6. İddiaçı ASC-də 378446-CNS-59224 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri-ərizə razılaşmasının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 378446-1- 5617 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh3 378446-CNS-59224 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinə görə bank qarşısında öz üzərinə birgə məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə olunmuşdur.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 4116,75 manat, faiz borcu 327,59 manat olmaqla, ümumilikdə 4444,34 manat təşkil edir.
10. İddiaçı ASC tərəfindən Cavabdeh3 və Cavabdeh1 göndərilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixə olan borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit (eləcə də zaminlik) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
14. İddia tələbini cavabdehlərdən xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 4116,75 manat məbləğində əsas borc, 327,59 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin alınan pul vəsaitini faizlərilə iddiaçıya qaytarmaq vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 378446-CNS-59224 saylı kredit müqaviləsinə əsasən 4116,75 manat (dörd min yüz on altı manat yetmiş beş qəpik) əsas borc, 327,59 manat (üç yüz iyirmi yeddi manat əlli doqquz qəpik) məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz əksini tapmışdır.
16. Eləcə də, iddiaçı ödənilmiş 64,44 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
17. Məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,44 manat (altmış dörd manat qırx dörd qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 05 sentyabr 2024-cü il tarixli, 378446-CNS- 59224 saylı kredit müqaviləsi üzrə 4116,75 manat (dörd min yüz on altı manat yetmiş beş qəpik) əsas borc, 327,59 manat (üç yüz iyirmi yeddi manat əlli doqquz qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,44 manat (altmış dörd manat qırx dörd qəpik) olmaqla, ümumilikdə 4508,78 manat (dörd min beş yüz səkkiz manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova