Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10543/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 431413-CNS-53046 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması - kredit müqaviləsi ilə borc alana 20 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış Müştəri Ərizə-Razılaşmasında qeyd edilir ki, bu ərizə Bank xidmətlərinin göstərilməsi haqqında X1 tərkib hissəsidir. Kredit borcu üzrə aylıq ödənişin məbləği 596,68 manat məbləğində müəyyən edilmişdir.
2. Bundan sonra, tərəflər arasında xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli, 431413-CNS-53046 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşmasına (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən borc alanın xx.xx.2025-ci il tarixə kredit müqaviləsindən irəli gələn öhdəlikləri restrukturizasiya edilərək kreditin məbləği 5093,01 manat, illik faiz dərəcəsi 15%, kreditin müddəti 43 ay müəyyən edilmişdir. Kredit borcu üzrə aylıq ödənişin məbləği 173,49 manat məbləğində müəyyən edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlillər
3. İddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 431413- CNS53046/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 5.093,01 manat məbləğində əsas borc, 289.72 manat məbləğində faiz borcu, ümumilikdə isə 5382,73 manat məbləğində və 73,83 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) 001 saylı xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli, 431413-CNS-53046 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASCnə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 faiz hesablanması şərti ilə 20 ay müddətinə 10.000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Ü.H.Müstafayev ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdehin maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək, cavabdehin xx.xx.2025-ci il tarixinə olan kredit müqaviləsindən irəli gələn öhdəlikləri illik 15% faiz, 43 ay müddətinə kapitalllaşdırılaraq 5.093,01 manat müəyyən edilmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 5.093,01 manat məbləğində əsas borc, 289.72 manat məbləğində faiz borcu, ümumilikdə isə 5382,73 manat məbləğində borcu qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
5. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
11. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
18. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 431413-CNS-53046 saylı kredit müqaviləsi və kreditin restrukturizasiya edilməsi barədə tərəflər arasında bağlanmış 01 saylı Əlavə Razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 10000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini cavabdehdən tələb edir.
20. İş materiallarına əlavə edilmiş sonuncu maliyyə arayışından da görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli, 431413-CNS-53046/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə iddiaçıya əsas borcu 5093,01 manat, faiz borcu 92,12 manat olmaqla, cəmi borcu 5185,13 manat təşkil edir.
21. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini lazımınca icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
22. Lakin məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki¸ iddiaçı tərəfindən sonradan iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə faiz borcu 92,12 manat təşkil edir.
23. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, 431413-CNS53046/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli 5093,01 manat əsas, 92,12 manat faiz borcu olmaqla, cəmi 5185,13 manat məbləğində pul və ödənilmiş 73,83 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı