Məhkəmə qərarları › İş №e-2-2(113)-10561/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10561/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10561/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, AC-ƏRE/24-09-24/ƏS saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 672,2 manat borcunun olduğunu etiraf edir. 1.2. 1.2-ci bəndinə əsasən, borclu borc məbləğini 24 aprel 2025-ci il tarixinə qədər 672,2 manatı hissə-hissə 24 oktyabr 2024-cü il tarixindən başlayaraq 7 ay müddətində hər ay 96,03 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. 1.3. 1.3-cü bəndinə əsasən, borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq 24 aprel 2025-ci il tarixinə 672,2 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. 1.4. 1.4-cü bəndinə əsasən, bu müqavilə xx.xx.2025-ci il tarixinədək qüvvədədir. 1.5. 2.3-cü bəndinə əsasən, borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcuna 0,2% həcmində dəbbə pulu ödəyəcəkdir.

2. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir.

3. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 672,2 manat məbləğində borcu olduğunu etiraf etmiş, ərizəsini imzası ilə təsdiq etmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 672,20 manat əsas borc, 228 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 930,20 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 672,20 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2025-ci il tarixinə qədər 672,20 manat hissə-hissə xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 96,03 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan cavabdeh ödəniş etməmiş və 672,20 manat əsas borc qalmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə görə borclu hər gecikdirilən gecikmə gününə görə qalıq borcun 0.2 faizi həcmində dəbbə pulu ödəyəcəkdir. Bu bəndə əsasən 228 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə cavabdehin Cəmiyyətə 672,20 manat əsas borc, 24 aprel 2025-cü ildən 08 dekabr 2025-ci ilə qədər 228 manat dəbbə pulu olmaqla, cəmi 900,20 manat borcu yaranmışdır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır.

b) İddiaya qarşı etirazın dəlilləri

6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

13. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. Qeyd edilən müddəadan da (MM-nin 386.1) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

20. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AC-ƏRE/24-09-24/ƏS saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 672,2 manat borcunun olduğunu etiraf etmiş, 1.2-ci bəndinə əsasən, borclu borc məbləğini 24 aprel 2025-ci il tarixinə qədər 672,2 manatı hissə-hissə 24 oktyabr 2024-cü il tarixindən başlayaraq 7 ay müddətində hər ay 96,03 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürdür. Müqavilə yazılı şəkildə tərtib edilərək hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 672,2 manat manat məbləğində borcu olduğunu etiraf etmiş, ərizəsini imzası ilə təsdiq etmişdir.

21. 08.12.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə həmin tarixə cəmi 900,2 manat ödənilməmiş borcu mövcuddur.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında borcun etirafı haqqında müqavilə bağlandığından və həmin müqavilə ilə cavabdeh iddiaçıya 672,2 manat məbləğində borcu olduğunu etiraf etdiyindən, eyni zamanda borcun ödənilməsinə dair iş materiallarına hər hansı sübut əlavə edilmədiyindən iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

23. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

24. Belə ki, tələbin 228 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.

25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 464.1-ci maddəsi).

26. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 672,20 manat əsas, 228 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 930,20 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar