Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1057/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bakı Dövlət Sirki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayından hal-hazırkı dövrə qədər əsassız hesablanmış 718 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı Dövlət Sirkinə su təchizatının verilməsinin dayandırılmasının Cavabdeh ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən Bakı Dövlət Sirkinə su təchizatının verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin tabeliyində olan Bakı Dövlət Sirki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş ‘'X4”na əsasən STKM-in xidmətlərindən istifadə edən hüquqi şəxsdir. İstehlakçı olaraq, su təchizatı və tullantı sularının axıdılması sistemlərindən istifadə edirlər və təqdim edilmiş qaimələrə əsasən ödənişlərini lazımi qaydada təmin edirlər. “X4”nın 2.1.3-cü maddəsinə uyğun olaraq, 2020ci ilin noyabr ayında, su qurğularına baxış keçirilmiş, belə ki, hesablama mexanizminin qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Nəsimi rayonu Su və kanalizasiya idarəsinin əməkdaşları həmin faktı təsdiqlənmişlər və qanuna uyğun olaraq "Asan Kommunal” xidmətinə müraciət edilmişdir. Qaydaların 6.10-cu maddəsinə əsasən, zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 iş günü müddətində bu qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilməlidir. Həmin Qərarın 6.15.2-ci maddəsinin tələblərinə əsasən yeni suölçən cihaz quraşdırılanadək su sərfıyyatı istehlakçının əvvəlki 12 aylıq dövrdə istifadə etdiyi orta istehlak normasına əsasən hesablanır. Lakin suölçən cihazı pozuntusu halı noyabr ayının 24-də aşkar olunmasına baxmayaraq, yeni cihazın quraşdırılması hal-hazırki dövrə qədər təmin edilməmiş, üstəlik noyabr ayında su sərfiyyatı hesablanmışdır. 2020-ci ilin noyabr ayında və dekabrın sonlarında, müəssisə tərəfindən rəsmi olaraq, Nəsimi rayon su və kanalizasiya idarəsinə məktub göndərilmiş, suölçən cihazın yenilənməsinintezləşdiriliməsi tələbinə baxmayaraq, bu günə qədər "Cavabdeh" ASC tərəfindən, hər hansı addım atılmamış və nəticə etibarilə əsassız olaraq, müəssisəyəsu sərfıyyatının orta istehlak normasına əsasən hesablanması davam etməkdədir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 2020-ci ilin noyabr ayından hal-hazırkı dövrədək olan müddət üçün əsassız hesablanmış 1.156 manat məbləğində borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 2020-ci ilin noyabr ayından hal-hazırkı dövrədək olan müddət üçün əsassız olaraq hesablanmış 1.472 manat məbləğində borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, Bakı Dövlət Sirki tərəfindən verilmiş iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Dövlət Sirki ilə Cavabdeh ASC arasında xx.xx.2002 -ci il tarixində, 050060 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixində Bakı Dövlət Sirkinə məxsus ünvanda STV markalı 14001470 nömrəli sayğacın işləmədiyi məlum olmuşdur və həmin tarixdən etibarən Cavabdeh ASC-nin abonent haqqında məlumatların yerləşdirildiyi proqrama bu haqda məlumat daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 ayda sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Yuxarıda qeyd olunanlara nəzərə alaraq, iddiaçıya sayğacın işləmədiyi dövr üzrə sərfiyyatın hesablanması aşağıdakı qaydada aparılmışdır: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixənədək olan dövr üzrə (cəmi 59 gün təşkil edir) 359 kub - 718 azn (59x6.08(orta aylıq sərfiyyat)=359><2=718 azn); 18 dekabr tarixindən 23 yanvar tarixinədək olan dövr üzrə (36 gün təşkil edir) 219 kub - 438 azn (36x6.08=219x2=438 azn); 23 yanvar tarixindən 18 fevral tarixinədək olan dövr üzrə (26 gün təşkil edir) 158 kub - 316 azn (26x6.08=158x2=316 azn); 18 fevral tarixindən 29 mart tarixinədək olan dövr üzrə (39 gün təşkil edir) 238 kub - 476 azn (39x6.08=238x2=476 azn). “Su təchizatı və tullantı suları” haqqında qanunun 32.1 -ci maddəsinin a bəndinə əsasən suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq istehlakçıya verilən suyun həcminin hesablanması ilə əlaqədar vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalan”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. “X4nın” 4-cü bəndinin tələblərinə əsasən, istehlakçılar su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamalı, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirməli, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, 2020-ci ilin mart ayından başlayaraq Bakı Dövlət Sirkinin işləməməsi hamıya bəlli olan haldır. Cavabdeh müraciətlərinə baxmayaraq artın 6 aydır ki, işlək vəziyyətdə olmayan sayğacı təmir olunması və ya dəyişdirilməsinə ilə bağlı hər hansı tədbir görmür və onlara əsassız borc hesablayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -050060 kodu üzrə Abonent haqqında məlumata əsasən müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən abonent Bakı Dövlət Sirkinə sudan və kanalizasiya sistemindən istifadəyə görə 2020-ci ilin yanvar ayında 766 manat, mart ayında 1142 manat, aprel ayında 0, may ayında 56 manat, iyun ayında 132 manat, iyul ayında 102 manat, avqust ayında 100 manat, sentyabr ayında 66 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixənədək olan dövr üçün 718 manat, 18 dekabr tarixindən 23 yanvar tarixinədək olan dövr üçün 438 manat, 23 yanvar tarixindən 18 fevral tarixinədək olan dövr üçün 316 manat, 18 fevral tarixindən 29 mart tarixinədək olan dövr üçün 476 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 733282 saylı, EBAV seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2020-ci il dekabr ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 718,00 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 851556 saylı, EBAW seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il yanvar ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 438,00 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 131024 saylı, EBAY seriyalı elektron qaiməyə əsasən müəyyən edilir ki, 2021-ci il fevral ayına abonentə çirkab və içməli suyun istifadəsinə görə ƏDV daxil 316,00 manat məbləğində borc hesablanmışdır. Bakı Dövlət Sirki tərəfindən Cavabdeh ASC-yə xx.xx.2021-ci il tarixli, 01 saylı pretenziya məktubundan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış borcun 5 iş günü ərzində silinməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı Dövlət Sirki tərəfindən Nəsimi rayonu su kanal idarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 35 saylı müraciət məktubundan görünür ki, Bakı Dövlət Sirki işlək vəziyyətdə olmayan su sayğacının dəyişdirilməsini xahiş etmişdir. Bakı Dövlət Sirki tərəfindən Nəsimi rayonu su kanal idarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 39 saylı müraciət məktubundan görünür ki, Bakı Dövlət Sirki işlək vəziyyətdə olmayan su sayğacının dəyişdirilməsi təkrarən xahiş etmişdir. Cavabdeh ASC tərəfindən Bakı Dövlət Sirkinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 03/01-7/6/764 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcla bağlı müraciətə baxılması üçün Cavabdeh ASC-nin istehlakçılarından daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya təqdim olunmuş, komissiyanın qərarı barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Bakı Dövlət Sirkinə məxsus 14001470 nömrəli su sayğacının işlək vəziyyətdə olmaması aşkar olunmuş və bu barədə Cavabdeh ASC-nin abonent haqqında məlumatların yerləşdirildiyi proqrama məlumat daxil edilmişdir. Həmin tarixdən başlayaraq Cavabdeh ASC tərəfindən abonentin sərfiyyatı əvvəlki 12 aylıq dövrdə (2019-cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) istifadə etdiyi suyun orta aylıq sərfiyyatı əsas götürülməklə hesablanır. Hazırda iddiaçı Bakı Dövlət Sirki xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün su sayğacının işləməməsi ilə bağlı hesablanmış 1.472 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, Bakı Dövlət Sirkinin iddiası qismən təmin edilməlidir. Belə ki, işin mübahisəedilməyən hallarından da göründüyü kimi iddiaçı Bakı Dövlət Sirkinə məxsus su sayğacının işləməməsinin xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-yə məlum olmasına və iddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sayğacın təmin olunması, dəyişdirilməsi, laboratoriyaya göndərilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “X4”nın 6.10-ci bəndinə görə isə zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi Cavabdeh ASC-nin “X4”nın 6.10-cu bəndində nəzərdə tutulmuş yuxarıda göstərilən vəzifəsini həmin qaydalarda müəyyən edilmiş müddətdə icra etməməsi nəticəsində iddiaçı Bakı Dövlət Sirkinə xx.xx.2020-ci il tarixdən başlayaraq hal-hazıradək - 5 aydan artıq müddət ərzində “X4”nın 7.9-cu bəndinə əsasən əvvəlki 12 ayın orta aylıq su sərfiyyatına uyğun borc hesablanır. Halbuki Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin elan edilməsi ilə əlaqədar Bakı Dövlət Sirkinin 2020-ci ilin mart ayının ikinci yarısından başlayaraq fəaliyyət göstərməməsi hamıya bəlli olan haldır. İddiaçının orta aylıq su sərfiyyatının hesablanması üçün əsas götürülmüş müddətin (2019-cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) birinci 6 ayı isə Bakı Dövlət Sirkinin fəaliyyət göstərdiyi - koronavirus (COVİD-19) pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilənədək olan dövrü əhatə edir ki, həmin dövrdə Bakı Dövlət Sirkinin orta su sərfiyyatı hal-hazırkı dövrdə sərfiyyatdan dəfələrlə çox olmasını abunə haqqında məlumatdan da açıq-aşkar müşahidə etmək olar. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi Cavabdeh ASC tərəfindən 5 aydan artıq müddət ərzində işlək vəziyyətdə olmayan Bakı Dövlət Sirkinə məxsus su sayğacının təmir edilməsi(və ya dəyişdirilməsi) istiqamətində heç bir tədbir görülməməsi, nəticədə iddiaçıya sudan və kanalizasiya sistemindn istifadəyə görə borcun orta aylıq su sərfiyyatına uyğun hesablandığı dövrün müddətinin süni surətdə uzadılması MM-in 425-ci maddəsində nəzərdə tutulmuş müqavilə üzrə hüquq və vəzifələrini həyata keçirərkən tərəflərin əməl etməli olduqları vicdanlı hərəkət etmək prinsipinin tələblərinə cavab vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən orta aylıq su sərfiyyatına əsasən xx.xx.2020-ci il – xx.xx.2021-ci il tarixli müddət üçün hesablanmış borcun yalnız sayğacın təmir edilməsi (dəyişdirilməsi və s.) üçün “X4”nda nəzərdə tutulmuş 15 günlük müddət üçün hesablanmış hissəsi (iddiaçının etirazında göstərdiyi formulaya əsasən 6,08x15x2 manat) - 182,4 manat hissəsi saxlanılmalı, qalan 1289,6 manat hissəsi isə əsassız hesablandığından silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən iddiaçı Bakı Dövlət Sirkinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün hesablanmış 1289,6 manat (bir min iki yüz səksən doqquz manat altmış qəpik) məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1057/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1057/2021
07.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver