Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1057/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10615,38 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında NO6/2401 nömrəli, 01 iyun 2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə 3 ədəd Mercedes-Benz “3340K YÜK” avtomobilini 3 aylıq, hər avtomobil üçün aylıq 6000 manat olmaqla, 18000 manata icarəyə vermişdir. Cavabdeh icarəyə verilən hər üç avtomobildən 46 gün ərzində istifadə etmiş və bunun müqabilində iddiaçıya ümumilikdə 10615,38 manat məbləğində borcu yaranmışdır. 31 iyul 2024-cü il tarixli təhvil-təslim aktında bu öz əksini tapmışdır. Lakin cavabdeh həmin məbləği bugünədək ödəməmişdir. Hazırda 10615,38 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə zərurət vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında imzalanmış müqavilə üzrə ona heç bir vəsait ödənilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06\2401 nömrəli xidmət müqaviləsinə görə icraçı sifarişçinin sifarişlərinə əsasən qanuni əsaslarla onun mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə Horadiz- Ağbənd yol layihəsi üzrə tikinti materiallarını daşınması xidmətini göstərməyi, sifarişçi isə xidməti qəbul edib bu müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icraçıya xidmət haqqını ödəməyi öhdəsinə götürürlər.
8. Müqavilənin 3.1-ci bəndinə görə 3 ədəd Mercedes-Benz “3340K YÜK” avtomobilinin 3 aylıq, hər avtomobil üçün aylıq qiymət 6000 (altı min) manat olmaqla təqdim olunması nəzərdə tutulmuşdur.
9. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 3 ədəd Mercedes-Benz “3340K YÜK” avtomobili iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş, yaranmış borc 10615,38 manat təşkil edir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2407 12108541 nömrəli 10614,96 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
11. Məhkəmə iddiaçının izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
14. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06\2401 nömrəli müqavilə əsasında 3 ədəd “Mercedes- Benz 3340K Yük” markalı avtomobil cavabdehin istifadəsinə verilmiş, cavabdeh tərəfindən icarə obyektlərindən cəmi 46 gün istifadə olunmuş və bunun müqabilində yaranmış 10615,38 manat icarə haqqı borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.
16. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06\2401 nömrəli müqavilə üzrə 10615,38 manat icarə haqqı borcunu tələb etməkdə haqlıdır, iddia tələbi təmin edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia təmin təmin edildiyindən və iddiaçı məcburi köçkün olması səbəbi ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olduğu üçün 121,85 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10615,38 (on min altı yüz on beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 121,85 (bir yüz iyirmi bir manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova