Məhkəmə qərarları › İş №e-2-2(113)-1058/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1058/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1058/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "X5" MMC və Cavabdeh2 birgə qaydada DC00208028-13 saylı (hesab № 005DGAAAZN31957) maliyyələşdirmə üçün ərizəyə əsasən 89,268.10 manat əsas borc, 4,215.44 manatı faiz borcu, 181.21 manat cərimə borcu olmaqla, cəmi 93,664.75 manat məbləğində borcun, DC00208028-10 saylı (hesab №005DGAAAZN28817) maliyyələşdirmə üçün ərizəyə əsasən 82,744.79 manat əsas borc, 2,945.10 manat faiz borcu, 268.99 manat cərimə borcu olmaqla, cəmi 85,958.88 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 469,62 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə “X5” MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC01361LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: -xx.xx.2023-cü il tarixdə DC00208028-10 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 141,861 (yüz qırx bir min səkkiz yüz altmış bir) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmiş, -xx.xx.2024-cü il tarixdə DC00208028-13 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100,000 (bir yüz min min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında DC00208028-10 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********836 saylı, DC00208028-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixli DG**********118 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00208028-13 saylı (hesab № 005DGAAAZN31957) maliyyələşdirmə üçün ərizəyə əsasən 89,268.10 (səksən doqquz min iki yüz altmış səkkiz manat on qəpik) manat əsas borc, 4,215.44 (dörd min iki yüz on beş manat qırx dörd qəpik) manatı faiz borcu, 181.21 (bir yüz səksən bir manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 93,664.75 (doxsan üç min altı yüz altmış dörd manat metmiş beş qəpik) manat təşkil edir. Gecikmə günü: 67 - DC00208028-10 saylı (hesab №005DGAAAZN28817) maliyyələşdirmə üçün ərizəyə əsasən 82,744.79 (səksən iki min yeddi yüz qırx dörd manat yetmiş doqquz qəpik) manat əsas borc, 2,945.10 (iki min doqquz yüz qırx beş manat on qəpik) manat faiz borcu, 268.99 (iki yüz altmış səkkiz manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 85,958.88 (səksən beş min doqquz yüz əlli səkkiz manat səksən səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 67 İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 469.62 (dörd yüz altmış doqquz manat altmış iki qəpik) manat dövlət rüsumu ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh2 bildirdi ki, iddianı qəbul edir. Banka əlaqədədir. Gecikmələrə dair bankın xəbəri vardır. Rəsmi şəkildə elan etməsəkdə müflis olmuş şirkətik. Burada iki müqaviləmiz qeyd eilib. Lakin, tərəflər arasında başqa müqavilələrdə olmuşdur. Yaranmış vəziyyət şirkətin vəziyyətindən irəli gəlir. Şirkət fəaliyyətini dayandırmışdır. Borcdan boyun qaçırmır. Ödənişi edəcək. Xahiş edir ki, məbləği xırda məbləğə bölək aylar ərzində ödəniş etsin. DC00208028-13 saylı Müqavilə üzrə 89,268.10 manat əsas borc, 4215.44 manatı faiz borcu, 181.21 manat cərimə borcuna etirazım yoxdur. DC00208028-10 saylı Müqavilə üzrə 82,744.79 manat əsas, 2945,10 faiz borcu, 268.99 manat cərimə borcuna heç bir etirazı yoxdur.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. “X5” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2.№-li veriyasının şərtlərinin qəbul etməsi barədə OnGTC01361LE/2019 saylı razılaşmaya əsasən “X5” MMC razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2020-ci il 1.0.2.№-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdğını qəbul etmişdir.

7. xx.xx.2024-cü il tarixdə DC00208028-13 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

8. xx.xx.2023-cü il tarixdə DC00208028-10 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 141,861 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

9. Borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında DC00208028-10 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********836 saylı, DC00208028-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixli DG**********118 saylı zaminlik müqavilələri bağlanmışdır.

10. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00731-2024 saylı maliyyə arayışına əsasən “X5” MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00208028-13 saylı saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 89268,10 manat əsas borc, 4215,44 manat faiz borcu, 181,21 manat cərimə borcu olmaqla, cəmi 93664,75 manat və gecikdirilmiş günlərin sayı 67 gün və DC00208028-10 saylı kredit müqaviləsinə əsasən 82744,79 manat əsas borc, 2945,10 manat faiz borcu, 268,99 manat cərimə borcu olmaqla, cəmi 85958,88 manat qeyd olunmuşdur.

11. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə DC00208028-13 saylı (hesab № 005DGAAAZN31957) maliyyələşdirmə üçün ərizəyə əsasən 89,268.10 manat əsas borc, 4,215.44 manatı faiz borcu, 181.21 manat cərimə borcu olmaqla, cəmi 93,664.75 manat məbləğində borcun, DC00208028-10 saylı (hesab №005DGAAAZN28817) maliyyələşdirmə üçün ərizəyə əsasən 82,744.79 manat əsas borc, 2,945.10 manat faiz borcu, 268.99 manat cərimə borcu olmaqla, cəmi 85,958.88 manat manat cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından DC00208028-13 saylı kredit müqaviləsi üzrə 181,21 manat və DC00208028- 10 saylı kredit müqaviləsinə əsasən 268,99 manat dəbbə pulu məbləğində məbləğində müəyyən edilməlidir.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada DC00208028-13 saylı (hesab № 005DGAAAZN31957) maliyyələşdirmə üçün ərizəyə əsasən 89268,10 manat əsas borc, 4215,44 manatı faiz borcu, 181,21 manat dəbbə pulu, DC00208028-10 saylı (hesab №005DGAAAZN28817) maliyyələşdirmə üçün ərizəyə əsasən 82744,79 manat əsas borc, 2945,10 manat faiz borcu, 268,99 manat dəbbə pulu olmaqla cəmi 85958,88 manat tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 469,62 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdеhlər "X5" MMC-dən və Cavabdeh2 müştərək qaydada DC00208028-13 saylı (hesab № 005DGAAAZN31957) maliyyələşdirmə üçün ərizəyə əsasən 89268,10 manat əsas borc, 4215,44 manatı faiz borcu, 181,21 manat dəbbə pulu, DC00208028-10 saylı (hesab №005DGAAAZN28817) maliyyələşdirmə üçün ərizəyə əsasən 82744,79 manat əsas borc, 2945,10 manat faiz borcu, 268,99 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 469,62 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar