Məhkəmə qərarları › İş №e-2-2(113)-10592/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10592/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10592/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə Cavabdeh3 (bundan sonra – borc alan) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması – kredit müqaviləsi ilə borc alana 24 ay müddətinə, illik 21% dərəcəsi ilə, 10000 manat məbləğində kredit verilmiş, aylıq ödənişin məbləği 513,87 manat müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış Müştəri Ərizə-Razılaşmasında qeyd edilir ki, bu ərizə Bank xidmətlərinin göstərilməsi haqqında X1 tərkib hissəsidir.

2. Bundan başqa, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında müvafiq olaraq 351123-1-6237 və 351123-1-6236 saylı zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqavilələri ilə zaminlər borc alanın xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bank qarşısında öhdəliklərin icrasına görə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

3. İddiaçı onunla borc alan arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 351123- CNS61796 kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 7302,96 manat məbləğində əsas borc, 185,52 manat məbləğində faiz borcu cəmi 7488,48 manat məbləğində borcun və ödənilmiş 94.88 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc alanla sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh3 (bundan sonra mətndə Cavabdeh3 və ya cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 dövriyyə vəsaitlərinin artırılması üçün illik 21 faiz hesablanması şərti ilə 24 aymüddətinə 10000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 351123-1-6237 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı müqavilə üzrə öhdəlik zaminliklə təmin edilmişdir. Bankla Cavabdeh1 Haqverdi oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 351123-1-6236 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı müqavilə üzrə öhdəlik zaminliklə təmin edilmişdir. Lakin borclu Cavabdeh3 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 7488,48 manat məbləğində borcu yaranmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

5. Cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdehlər etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

11. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

12. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

13. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

23. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehlərdən tələb edir.

24. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı müqavilə üzrə borc alanın xx.xx.2025-ci il tarixə 7302,96 manat əsas, 185,52 manat faiz borcu olmaqla, cəmi 7488,48 manat borcu mövcuddur.

25. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə hesab edir ki, iddia zaminlərə qarşı hissədə də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında müvafiq olaraq 351123-1-6237 və 351123-1-6236 saylı zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqavilələri ilə zaminlər borc alanın xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bank qarşısında öhdəliklərin icrasına görə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

27. Məhkəmə zaminlərin xx.xx.2024-cü il tarixli, 351123-CNS-61796 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

28. Məhkəmə həmçinin iddianın 94,88 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 351123- CNS61796 kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 7302,96 manat əsas borc, 185,52 manat faiz borcu olmaqla, cəmi 7488,48 manat məbləğində borc və ödənilmiş 94,88 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar