Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-106/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və sair” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə 7.672,31 manat əsas borcun, 1.844,4 manat illik 5%-lə hesablanmış faiz borcu olmaqla cəmi 9.516,71 manat borcun, S.K.M.F Layihəsi üzrə 10.194,18 manat əsas, 3.185,25 manat illik 5%-lə hesablanmış faiz borcu, cəmi 13.379,43 manat borcun, ümumilikdə hər iki layihə üzrə cəmi 22.896.14 manat borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 50.000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evinə 0,1 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun, habelə ödənilmiş 200 manat mediasiya xərcinin və 3,06 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Bakı filialı ilə Bakı şəhər sakini Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə Cavabdeh1 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 30 ay müddətinə 20 faizlə 13.000 manat, S.K.M.F Layihəsi üzrə 36 ay müddətinə illik 6 faizlə 15.000 manat, ümumilikdə 28.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evi 0,1 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipotekaqoyan arasında 28 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Bakı filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə izahatında əsas borcu qəbul etdiyini, əsas borca illik 5 faiz hesablanmış faiz məbləğləri ilə razı olmadığını, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə Cavabdeh1 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 30 ay müddətinə 20 faizlə 13.000 manat, S.K.M.F Layihəsi üzrə 36 ay müddətinə illik 6 faizlə 15.000 manat, ümumilikdə cəmi 28.000 manat məbləğində kredit verilmişdir.
9. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə ipoteka qoyan Cavabdeh2 arasında 28 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
10. Müqavilələr tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
14. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
15. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
16. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi şərti olaraq üç hissədən ibarətdir: 1) 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə borcun tələb edilməsi, 2) S.K.M.F Layihəsi üzrə borcun tələb edilməsi, 3) tutmanın ipoteka predmetinə yönəldilməsi.
18. İş materiallarına ilkin olaraq əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə əsas borc üzrə 9.301,27 manat, S.K.M.F Layihəsi üzrə əsas borc üzrə 12.195,50 manat borcu vardır.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-106/2024 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən verilmiş 13.000 manat kredit üzrə xx.xx.2018-ci il (müddətin bitdiyi) tarixə əsas və faiz borcunun və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən verilmiş 13.000 manat kredit üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla hal-hazırda əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə müqavilənin bitdiyi tarixə-xx.xx.2018-ci il tarixə əsas borc 9.246,62 manat, faiz borcu 288,51 manat, xx.xx.2023-cü il tarixə əsas borc 7.672,31 manat, faiz borcu 0 manat müəyyən edilmişdir.
21. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsinə əsasən əsas borc üzrə 7.672,31 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
22. Ona görə də, 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə verilmiş pulla bağlı, əsas borc üzrə 7.672,31 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənməlidir.
23. Bundan başqa, məhkəmə Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə əsas borca illik 5% məbləğində hesablanmaqla 1.844,4 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək (iddiaçının tələb etdiyi tarix) hesabladıqda görünür ki, təxmini 6 il 3 ay keçmişdir.
25. Göründüyü kimi, əsas borca illik 5 faiz hesablandıqda (7.672,31x5/100=383.6155 (1 il üçün), 383.6155x6=2.301,693 (6 il üçün), 383.6155/12=31.9679 (1 ay üçün), 31.9679x3=95,90 (3 ay üçün) (2.301,693+95,90=2.397,59) 2.397,59 manat edir.
26. Məhkəmə, iddiaçı tərəfin də, 1.844,4 manat tələb etməsi halını nəzərə alaraq hesab edir ki, 1.844,4 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə iddianın ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-106/2024 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən verilmiş 15.000 manat kredit üzrə xx.xx.2018-ci il (müddətin bitdiyi) tarixə əsas və faiz borcunun və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsinə əsasən verilmiş 15.000 manat kredit üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla hal-hazırda əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən S.K.M.F Layihəsi üzrə müqavilənin bitdiyi tarixə-xx.xx.2018-ci il tarixə əsas borc 12.184,54 manat, faiz borcu 223,38 manat, xx.xx.2023-cü il tarixə əsas borc 10.194,18 manat, faiz borcu 0 manat müəyyən edilmişdir.
30. Sonradan iddiaçı da iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək S.K.M.F Layihəsinə əsasən əsas borc üzrə 10.194,18 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
31. Ona görə də, 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən S.K.M.F Layihəsi üzrə verilmiş pulla bağlı əsas borc üzrə 10.194,18 manat Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənməlidir.
32. Bundan başqa, məhkəmə S.K.M.F Layihəsi üzrə əsas borca illik 5% məbləğində hesablanmaqla 3.185,25 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək (iddiaçının tələb etdiyi tarix) hesabladıqda görünür ki, təxmini 5 il 9 ay keçmişdir.
34. Göründüyü kimi, əsas borca illik 5 faiz hesablandıqda (10.194,18x5/100=509.709 (1 il üçün), 509.709x5=2.548,54 (5 il üçün), 509.709/12=42.475,75 (1 ay üçün), 42.475,75x9=382,28 (9 ay üçün) (2.548,54+382,28=2.930,82) 2.930,82 manat edir.
35. Ona görə də, məhkəmə hesab edir ki, 2.930,82 manat məbləğində pul da, Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
36. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
37. İşdə olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini 0,1 ha torpaq sahəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evi təşkil edir.
38. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri tərəflər arasında tərtib olunmuş xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən 50.000 manat müəyyən edilmişdir.
39. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən kredit müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələr borcalan tərəfindən yerinə yetirilmədiyi hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.
40. Məhkəmə iclasından cavabdeh tərəf ipoteka predmetinin qiymətinin 50.000 manat olması halına etiraz etməməklə, qiymətlə razı olmuşdur.
41. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin məhz ipoteka müqaviləsində razılaşdırmış olduğu 50.000 manat məbləğində müəyyən edilməlidir.
42. Ona görə də, məhkəmə hesab edir ki, 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsi üzrə tutma, ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evinə 0,1 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməlidir.
43. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir.
44. Belə ki, işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 200 manat məbləğində pul Bakı 11 saylı Mediasiya Təşkilatına ödənmişdir.
45. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 3,06 manat məbləğində pul da Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir.
46. Belə ki, işdən görünür ki, xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 3,06 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
47. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci 200 manat təşkil edir. Ona görə də, 200 manat məbləğində Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
48. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
49. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Kənd Yerlərinin Kreditləşdirilməsi Layihəsi üzrə verilmiş pulla bağlı, əsas borc üzrə 7.672 (yeddi min altı yüz yetmiş iki) manat, 31 (otuz bir) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 1.844 (bir min səkkiz yüz qırx dörd) manat, 40 (qırx) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən S.K.M.F Layihəsi üzrə verilmiş pulla bağlı əsas borc üzrə 10.194 (on min bir yüz doxsan dörd) manat, 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 2.930 (iki min doqquz yüz otuz) manat, 82 (səksən iki) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. 20 noyabr 2015-ci il tarixli 000196S – 000312K saylı kredit müqaviləsi üzrə tutma, ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, 1 saylı sahədə yerləşən fərdi yaşayış evinə 0,1 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək açıq hərracda satılsın. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 3 (üç) manat, 06 (altı) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov