Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-106/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Qanuni nümayəndə3, Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Qanuni nümayəndə3, Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 MMC-yə, Qanuni nümayəndə3, Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC, Qanuni nümayəndə3, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən 08 dekabr 2021-ci il tarixli, 105/17 saylı kredit müqaviləsi üzrə 55.498,08 manat əsas, 3.136,62 manat faiz borcu və 1.672,19 manat cərimə borcu olmaqla cəmi 60.306,89 manat kredit borcu və ödənilmiş 410 manat mediasiya xərcinin tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli, 105/107 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh4 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla 200 000 (iki yüz min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Qanuni nümayəndə3 arasında 08 dekabr 2021-ci il tarixli 505/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 08 dekabr 2021-ci il tarixli, 105/107 saylı Kredit Müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 08 dekabr 2021-ci il tarixli 504/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 08 dekabr 2021-ci il tarixli, 105/107 saylı Kredit Müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 MMC borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 08 dekabr 2021-ci il tarixli 503/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 08 dekabr 2021-ci il tarixli, 105/107 saylı Kredit Müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 MMC borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh4 MMC hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 105/107 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4nə 24 ay müddətinə illik 15% olmaqla 200 000 (iki yüz min) manat kredit verilmişdir.
11. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 08 dekabr 2021-ci il tarixli 504/107 saylı, Cavabdeh2 MMC arasında 08 dekabr 2021-ci il tarixli 503/107 saylı, Qanuni nümayəndə3 arasında 08 dekabr 2021-ci il tarixli 505/107 saylı zaminlik müqavilələri bağlanmışdır.
12. Kredit müqaviləsi və zaminlik müqavilələri tərəflərin imzaları və bankın və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
16. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1442/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 105/107 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək edilmiş bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh4 MMC-nin banka əsas borcunun, həmin kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək edilmiş bütün ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixədək (kreditin verilmə müddətinin bitdiyi tarixə) olan müddət üçün Cavabdeh4 MMC-nin müqavilə şərtlərinə əsasən illik 15%-lə hesablanmış faiz borcunun, həmin kredit müqaviləsi üzrə zəmanət məktubuna əsasən X1 tərəfindən ödənilməli olan illik 7,5% məbləğində, cəmi 16.400,5 manat həddində faiz subsidiyası faiz borcundan çıxılmaqla Cavabdeh4 MMC-nin banka xx.xx.2023-cü il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun həmin kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək X1 tərəfindən İddiaçı ASC -yə ödənilmiş faiz subsidiyasının məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1442/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 105/107 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək edilmiş bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh4 MMC-nin banka əsas borcunun, həmin kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək edilmiş bütün ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixədək (kreditin verilmə müddətinin bitdiyi tarixə) olan müddət üçün Cavabdeh4 MMC-nin müqavilə şərtlərinə əsasən illik 15%-lə hesablanmış faiz borcunun, Həmin kredit müqaviləsi üzrə zəmanət məktubuna əsasən X1 tərəfindən ödənilməli olan illik 7,5% məbləğində, cəmi 16.400,5 manat həddində faiz subsidiyası faiz borcundan çıxılmaqla Cavabdeh4 MMC-nin banka xx.xx.2023-cü il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun, həmin kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək X1 tərəfindən İddiaçı ASC -yə ödənilmiş faiz subsidiyasının məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7998 nömrəli rəyinə əsasən xx.xx.2023-cü il tarixə (maliyə arayışının tərtib edildiyi tarixə) əsas borc 55.338,42 manat, illik faiz dərəcəsi isə 7.5-lə hesablanmaqla faiz borcu 0,00 manat müəyyən edilmişdir
22. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
23. Belə ki, bankla Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh4 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
24. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
25. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və 55.338,42 manat məbləğində pul Cavabdeh4 MMC, Qanuni nümayəndə3, Cavabdeh1 MMC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Bundan başqa Məhkəmə hesab edir ki, iddia faiz borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
27. Belə ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli, 105/107 saylı kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
28. Göründüyü kimi, borclunun öhdəliyi məhz 7.5 faiz bəndi çıxıldıqdan (15-7.5) sonra müvafiq faiz məbləğini ödəmək öhdəliyi olmuşdur.
29. Ekspert rəyindən də, göründüyü kimi, qeyd ediən faiz dərəcəsi üzrə hesablanmaqla, borclunun müqavilənin bitdiyi tarixə faiz borcu mövcud deyildir.
30. Məhkəmə hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.
31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
32. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.672,19 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
33. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənmişdir.
34. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
35. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 55.338 (əlli beş min üç yüz otuz səkkiz) manat, 42 (qırx iki) qəpik, cərimə borcu üzrə 1.672 (bir min altı yüz yetmiş iki) manat 19 (on doqquz) qəpik olmaqla, cəmi 57.010 (əlli yeddi min on) manat, 61 (altmış bir) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh4 MMC, Qanuni nümayəndə3, Cavabdeh1 MMC və "xxxx" MMC-dən tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul müştərək qaydada Cavabdeh4 MMC, Qanuni nümayəndə3, Cavabdeh1 MMC və "xxxx" MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov