Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10600/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat vasitəsinin icarə müqaviləsi, icarə obyektinə dəymiş zərər, depozit məbləğinin təyinatı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 778 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. xx.xx.2025-ci il tarixində avtomobil sürücüsü Cavabdeh tərəfindən qeyri-işlək vəziyyətdə evakuator vasitəsilə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş və sürücünün şifahi izahatına, həmçinin yazılı etirafına əsasən həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı avtomobilin ön sağ hissəsində ciddi zədələrin olduğu, o cümlədən kondisioner radiatorunun, pərin, hidrousilitelin, “obliçovka”ların, “kapot”un, ön buferin, zibil qabının, şvellerin, “qubka”nın, turbanın, siqnalın, duman əleyhinə faranın sıradan çıxdığı, həmçinin ön dövlət qeydiyyat nişanının zədələndiyi aşkar olunmuşdur. Qeyd olunan zədə və nöqsanları avtoservisdə aparılmış videoçəkiliş zamanı sürücü qəbul etmiş və bu barədə yazılı izahatını təqdim etmişdir. 2.2. Sürücü təqdim etdiyi yazılı izahatında qarlı hava şəraitində öz günahına görə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Cavabdeh avtomobilə ümumilikdə 2278 manat məbləğində ziyan dəydiyi və göstərilən məbləğə bağlı hər hansı etirazının olmadığını qeyd etmişdir. Cavabdeh dəymiş ziyanın qarşılanması məqsədilə ayda 300 manat məbləğində hissə-hissə ödəniş etməyi öz öhdəliyinə götürmüşdür. Lakin sürücü Cavabdeh avtomobili təhvil verdikdən sonra – xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr ərzində ümumilikdə 1500 manat məbləğində ödəniş etmiş, bundan sonra isə qalan məbləğin ödənilməsindən imtina etmişdir. Hazırda dəymiş ziyanın ümumi məbləğindən 778 manat borc ödənilməmiş qalmaqdadır. 2.3. Dəymiş ziyan və nəqliyyat vasitəsinin təhvil alınmasına dair akt tərtib olunmuşdur. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 2278 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: kondisioner radiatoru, soyutma pəri (“zbor”), qidrousilitel (sükanın gücləndirici mexanizmi), ATF (2 litr), antifriz “G-11” (5 litr), zibil qabı, alt “obliçovka”, üst “obliçovka”, bufer ön, qara qoruyucu turba, şveller ön, “qubka” ön (zərbəni azaldan), nömrə dublikat, “podkrelnik” sağ, duman “oçki” sağ, “kapot”, siqnal, frion qazı – kondisioner üçün. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: dəmirçi: ön “kapot”, qoruyucu turba, zərbə udan “qubka və ön “şveller”in dəyişdirilməsi; Rəngsaz: ön “kapot” (iç-çöl) və ön buferin rənglənməsi və “polirovka” (materiallar daxil); Plastmasçıarmaturçu: üst və alt “obliçovka”lar, zibil qabı, duman “oçki”si (kantı), ön sağ “podkrelnik”in və ön buferin dəyişdirilməsi; Çilingər: kondisioner radiatoru, pər, sükanın hidrogücləndiricisi, siqnal, ATF və antifrizin – dəyişdirilməsi, kondisionerə frion vurulması. Ehtiyat hissələrinin cəmi məbləği 1498 manat, usta xidməti 780 manat təşkil etmişdir. 2.4. Cavabdehə bu barədə məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 2278 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Eyni zamanda iddia ərizəsi də cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2.5. xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmiservisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.11-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096, 1097, 1108-ci maddələri və s. göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən 450 manat depozit məbləği ödənilmişdir.
6. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, iddiaçıya 1500 manat ödəniş etmiş, 778 manat isə ödənilməmişdir. Belə ki, iddiaçı nəqliyyat vasitəsini cavabdehə verməyə razılıq verməmiş, yalnız öz servislərində təmir edilməli olduğunu bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə dəymiş zərərin tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli 11.02.25/XB248 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Ravon R3” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə nəqliyyat vasitəsini qəbul edərək hər həftə gündəlik 20 manat icarə haqqını ödəməyi öhdəsini götürmüşdür. Müqavilə şərtlərinə əsasən icarə müddəti 38 ay, icarəçi tərəfindən 450 manat məbləğində depozit məbləğinin ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 11 fevral 2025-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh xx.xx.2025-ci il tarixli 11.02.25/XB248 nömrəli icarə müqaviləsi üzrə “Ravon R3” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu öz imzası ilə təsdiq etmişdir. Nəqliyyat vasitəsi 01 mart 2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, həmin nəqliyyat vasitəsinə 1498 manat ehtiyat hissəsi, 780 manat işçilik haqqı olmaqla 2278 manat zərər dəymişdir.
11. İddiaçı nəqliyyat vasitəsinə dəyən zərəri, yəni xx.xx.2025-ci il tarixli aktda qeyd edilən 2278 manat məbləğində pulun 1500 manat hissəsinin iddiaçı tərəfindən ödənildiyini bildərək qalıq məbləğin tutulmasını tələb edir.
12. Cavabdeh nəqliyyat vasitəsinə zərər dəydiyini qəbul edir, lakin iddiaçının nəqliyyat vasitəsini cavabdehin təmir etdirməsinə şərait yaratmadığını, qalan məbləği ödəməməli olduğunu bildirir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
14. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. İcarə müqaviləsini tənzimləyən mülki hüquq normalarında, o cümlədən əmlak kirayəsi ilə bağlı münasibətlərin tənzimetməsində icarəçinin (kirayəçinin) hərəkətləri (hərəkətsizliyi) ilə icarə obyektinin vəziyyətinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilmə qaydası ilə bağlı xüsusi normalar mövcud olmasa da, Mülki Məcəllənin 21, 443-cü maddələri və tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsində icarəçinin cavabdeh olduğu hallar, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi qaydası təsbit (əks) olunmuşdur.
16. Belə ki, xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarəçi (cavabdeh) ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etmək, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumulyator və. s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etmək, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı icarəyə verənə dəyən ziyanı öz hesabına ödəmək, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək kimi vəzifələri öz üzərinə götürmüşdür.
17. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
18. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. İş materiallarında olan tərtib edilən xx.xx.2025-ci il tarixli qüsur aktından “Ravon Nexia R3” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 2278 manat maddi zərərin vurulduğu müəyyən olunur. Qüsur aktını tərtib edən fərdi sahibkar Mahir Əliyevin (VÖEN: **********) təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan nəqliyyat vasitəsinə görə 1498 manat ehtiyat hissəsi, 780 manat işçilik haqqı olmaqla 2278 manat ödənildiyi aydın olur.
20. Belə olan halda məhkəmə hesab edir ki, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 2278 manat təşkil edir.
21. Lakin məhkəmə depozit məbləği və onun təyinatı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndində razılaşdırılmış 450 manat depozit məbləği cavabdeh tərəfindən müqavilə bağlandığı zaman iddiaçıya ödənilmişdir.
23. Həmin müqaviləyə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, 6 aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur (4.2-ci bənd).
24. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsində depozit məbləğinin hüquqi rejimi müəyyənləşdirilmişdir. Depozit məbləği, müqavilə rejimi etibarilə, cavabdehin öhdəliklərinin icrasının təminat üsulu kimi çıxış edir.
25. Mülki Məcəllənin 688.2-ci maddəsinə əsasən, əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir.
26. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə kirayə (icarə) münasibətləri zamanı icarəçinin icarəyə verən qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün icarə haqqının haqqının iki mislindən çox olmamaqla pul məbləği ödəməsi imkanı təsbit edilmiş, lakin icarəyə verənin həmin vasiti ayrılıqda saxlaması, hətta həmin vəsaitə hesablanan faizlərin icarəçiyə mənsub olması təsbit edilmiş, bu qaydada dispozitiv deyil, imperativ hüquq normasında əks olunmuşdur.
27. Bu mənada təminat məbləğinin icarəyə verəndə qalması və onun qaytarılmaması və ya əvəzləşdirilməməsini əks etdirən istənilən razılaşma Mülki Məcəllənin imperativ normasını istisna etdiyindən etibarsızdır.
28. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər cavabdehdən tutularkən sonuncu tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalıdır.
29. Qeyd edilməlidir ki, cavabdeh xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına imza etməklə nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu təsdiq etmişdir.
30. Belə olan halda, nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixli aktda göstərilmiş qüsurlarının bilavasitə avtomobilin cavabdeh tərəfindən idarə olunması zamanı yarandığı aydın olur.
31. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “Ravon Nexia R3” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq 328 (dəymiş zərərin 778 manat ödənilməyən hissəsi – 450 manat depozit məbləği) manat Cavabdehdan tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı eləcə də ödənilmiş 30 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********12 nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 115.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
36. İddiaçı vəkil Nümayəndə verilmiş etibarnamə üzrə xərcin əvəzi olaraq 17,25 manat məbləğində pulun tutulmasını tələb etsə də, həmin etibarnamə X3, X5 və X2 tərəfindən müştərək qaydada verilmiş, etibarnamə öz məzmunu etibarilə dəfələrlə tətbiq üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, həmin etibarnamənin məhz hazırkı iddia ilə bağlı verilməsi təsdiq olunmur.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini, qiyməti 1000 manatadək olan iddia üçün dövlət rüsumunun hər bir halda 30 manat təşkil etdiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehdan tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehdan 328 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova